Tramp administrasiyası İranla danışıqları və mümkün razılaşmanın parametrlərini müzakirə etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bunu kəşfiyyat mənbələrinə yaxınlığı ilə tanınan “Axios” nəşri yazıb.
İki mənbənin “Axios”-a verdiyi məlumata görə, Tramp administrasiyası yenə ABŞ Prezidentinin məşhur “elçilərinə” stavka edir. Belə ki, məlumata görə, xüsusi elçi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner İranla bağlı diplomatik razılaşmanın hazırlanmasında iştirak edirlər.
Mənbələrə görə, Vaşinqton Tehrandan uran zənginləşdirilməsinin tamamilə dayandırılmasını və ABŞ ilə İsrailin 2025-ci ildə bombaladığı Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin sökülməsini tələb edir. Digər tələblərə raket istehsalına beş illik moratorium, raketlərin sayının 1000 ədədə qədər məhdudlaşdırılması, Hörmüz boğazında sərbəst naviqasiyaya zəmanət və Livandakı Hizbullah, Qəzza zolağında HƏMAS və Yəməndəki husilərə dəstək verilməsinin dayandırılması daxildir.
Mənbələr bildiriblər ki, son günlərdə ABŞ və İran arasında birbaşa əlaqə olmayıb, baxmayaraq ki, Misir, Qətər və Böyük Britaniya iki tərəf arasında mesajlar ötürüblər. Mənbələrə görə, İran danışıqlara maraq göstərib, lakin atəşkəs, təcavüzün olmayacağına zəmanətlər və kompensasiya da daxil olmaqla ciddi şərtlər irəli sürüb. ABŞ rəsmisinin sözlərinə görə, Tramp xüsusilə sonuncu tələbi "qəbuledilməz" hesab edir. İkinci mənbə bildirib ki, bunun əvəzinə İrana dondurulmuş aktivlərinin qaytarılması məsələsi qaldırıla bilər.
Trampın komandası hazırda İranda kiminlə danışıqlar aparacağını və hansı ölkənin vasitəçi kimi çıxış edə biləcəyini müəyyən etməyə çalışır. ABŞ Qətəri cəlb etmək istəyir, çünki onu əvvəlki təmaslarda iştirak edən Omandan daha etibarlı kanal hesab edir. Lakin Qətər indiyə qədər yalnız "pərdəarxası" vasitəçiliyə hazır olub.
Dərin fikir ayrılıqlarına və birbaşa dialoqun olmamasına baxmayaraq, Tramp administrasiyası İranın sonda danışıqlar masasına oturacağını güman edir. Mənbələrə görə, sülh prosesinin yaxın gələcəkdə başlaya biləcəyi gözləntisi var və buna hazırlıqlar davam edir.
Bu arada, "The Washington Post" qəzetinin Yaxın Şərqdəki mənbələri bildiriblər ki, İran ABŞ-nin münaqişəyə diplomatik həll yolu tapmaq cəhdlərini hələlik rədd edir. Bunun əvəzinə, Tehran qonşu ölkələrə hücumları artırır və ümid edir ki, bu və Hörmüz boğazının blokadası qlobal iqtisadi problemləri şiddətləndirəcək. Bunun sayəsində Trampın hərbi kampaniyası məqsədlərinə çatmayacaq.
Bütn bu məlumatların fonunda ABŞ Prezidenti Donald Tramp ziddiyyətli və qarışıq bəyanatlar verməkdə davam edir. Dünən o, hələ İranla danışıqlara hazır olmadığını deyib. Tramp İrana qarşı hərbi əməliyyat başlamazdan əvvəl qarşıya qoyulmuş məqsədlərə çatdığını iddia edib. “Onların rəhbərliyi məhv edilib, donanma və hava qüvvələri məhv edilib, onların heç bir müdafiəsi yoxdur və onlar razılaşma istəyirlər. Mən isə istəmirəm!” - deyə o, sosial media hesabında yazıb.
Ancaq bundan öncə Tramp ABŞ-nin İrana qarşı kampaniyanı dayandırmağı düşündüyünü demişdi. Bunu da onunla əsaslandırmışdı ki, əməliyyatın bütün məqsədlərinə guya faktiki olaraq nail olunub. Lakin Ağ Ev müharibənin daha iki-üç həftə davam edəcəyini gözlədiyini bəyan edib.
Beləliklə, İran ətrafında qeyri-müəyyənlik davam edir. Tezliklə sülhə nail olunacağı ehtimalı isə qətiyyən inandırıcı görünmür.
C.Məmmədli
“AzPoltika.info”

Şərhlər