İsrailin “Ynet” nəşri yazır ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutan telefon danışığı müharibənin gedişində dönüş nöqtəsi olub. Məlumata görə, bu təmasdan sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı enerji obyektlərinə zərbələri müvəqqəti dayandırmaq və danışıqlara başlamaq qərarı verib. İsrail tərəfinin isə bu təmaslar barədə əvvəlcədən məlumatlandırılmadığı bildirilir.

Nəşrin yazdığına görə, Vaşinqton və Tehran arasında gizli əlaqə kanalı müharibənin dördüncü günündən etibarən vasitəçilər üzərindən fəaliyyət göstərsə də, uzun müddət nəticə verməyib.

Danışıqlar prosesinə ciddi zərbə isə 17 mart tarixində İranın əsas danışıqlar fiqurlarından biri, ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail əməliyyatı nəticəsində öldürülməsi ilə dəyib. Bu əməliyyatın ABŞ-nin razılığı ilə həyata keçirildiyi iddia olunur. Martın 24-də isə məlum olub ki, onun yerinə 72 yaşlı Məhəmməd Baqer Zülqədr təyin edilib. O, əvvəllər SEPAH-da yüksək vəzifələrdə çalışıb və “Bəsic” qüvvələrinə rəhbərlik edib.

Yalnız son həftələrdə danışıqların intensivləşdiyi qeyd olunur. Prosesin kulminasiyası isə martın 22-də Əraqçi ilə Uitkoff arasında baş tutan telefon danışığı sayılır. Məlumata görə, Əraqçi bu danışıq zamanı İranın yeni ali lideri Möctəba Xameneinin danışıqlara razılıq verdiyini və Tehranın müəyyən şərtlər daxilində müharibəni bitirməyə hazır olduğunu bildirib.

İran tərəfi yüksək zənginləşdirilmiş uranın bir hissəsinin Rusiyaya çıxarılmasını müzakirə etməyə hazır olduğunu desə də, raket proqramının məhdudlaşdırılmasını qəti şəkildə rədd edib.

“Ynet”in məlumatına görə, bu telefon danışığı ictimai məkanda və ABŞ Prezidentinin müşaviri və kürəkəni Cared Kuşnernin iştirakı ilə baş tutub.

Məqalədə qeyd olunur ki, hazırkı vəziyyətdə ABŞ və İsrail üçün “qələbə”nin necə təqdim olunacağı qeyri-müəyyən olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahunun artıq müharibənin məqsədlərini dəyişdiyi və İranda hakimiyyət dəyişikliyi planının uğursuzluğunu daxili amillərlə izah etməyə hazırlaşdığı bildirilir.

Martın 23-də Tramp Tehranla aparılan danışıqları “çox yaxşı və məhsuldar” adlandırıb və İranın enerji infrastrukturuna zərbələrin 5 gün müddətinə təxirə salınması barədə göstəriş verib. Bununla yanaşı, ABŞ-nin digər hədəflərə zərbələri davam etdirdiyi və regionda hərbi mövcudluğunu artırdığı qeyd olunur.

İran isə müvəqqəti atəşkəs deyil, ABŞ və İsrail tərəfindən hücum edilməyəcəyinə dair zəmanətlərin və sanksiyaların yumşaldılmasını nəzərdə tutan tamhüquqlu razılaşma tələb edir. Bununla belə, rəsmi Tehran danışıqların aparıldığını hələ də inkar edir.

İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, Trampın açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlar üçün vaxt qazanmaq məqsədi daşıyır.

Rasim

“AzPolitika.info”