"İsrail Trampın bu həftə sonu və ya ən geci gələn həftənin ortalarına qədər atəşkəs elan etməsini gözləyir".
“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı İsrail hakimiyyətindəki mənbələrə istinadla məlumat yayıb.
İddia edilir ki, İsrail Trampın bir aylıq və hətta birtərəfli qaydada atəşkəs elan etməsini gözləyir.
Bunun fonunda İsrail öz hərbi kampaniyasını genişləndirir. Adı açıqlanmayan bir İsrail rəsmisi portala deyib ki, Tramp münaqişəyə son qoymaq istəyir, lakin bu baş verməzsə, İranın Xarq adasını ələ keçirmək üçün əməliyyata əl ata bilər.
"Tramp həqiqətən buna son qoymaq, əgər bu işə yaramazsa, Xarq adasını ələ keçirmək istəyir. ABŞ bu ssenariyə hazırlaşır", - deyə rəsmi bildirib.
Bu arada, vəziyyətlə tanış olan mənbələr "Wall Street Journal" qəzetinə bildiriblər ki, Tramp son günlərdə köməkçilərinə İrandakı müharibəyə bir neçə həftə ərzində son qoymaq və uzunmüddətli münaqişədən qaçmaq istədiyini deyib.
Mənbələrə görə, Amerika lideri müharibənin son mərhələsində olduğuna inandığını bildirib və məsləhətçilərinə dörd-altı həftəlik qrafikə riayət etməyi tapşırıb.
Yüksək vəzifəli administrasiya rəsmisi bildirib ki, Tramp potensial razılaşmanın bir hissəsi olaraq ABŞ-nin İran neftinə çıxışını təmin etməyi nəzərdən keçirir, baxmayaraq ki, hələlik bununla bağlı heç bir konkret plan hazırlanmayıb. ABŞ rəsmiləri deyiblər ki, Tramp qismən itkilərlə bağlı narahatlıqlar səbəbindən quru qoşunlarını yerləşdirməkdə tərəddüd edir.
“AzPolitika.info”

Şərhlər