İtaliya Yaxın Şərq əməliyyatlarına qatılmaq üçün regiona uçan ABŞ hərbi təyyarələrinin Siciliyadakı “Siqonella” bazasına enməsinə icazə verməyib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Reuters“ məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
İtaliyanın aparıcı nəşrlərindən biri olan "Corriere della Sera" yazır ki, ölkənin müdafiə naziri Guido Crosetto ABŞ-a məxsus bəzi hərbi təyyarələrin "Siqonella" bazasından istifadə etməsinə icazə verilmədiyini açıqlayıb.
Məlumata görə, ABŞ təyyarələrinin Yaxın Şərqə uçuşdan əvvəl "Sigonella Air Base" bazasında eniş etməsini nəzərdə tutan uçuş planı ortaya çıxdıqdan sonra bu qərar qəbul olunub.
Xəbərdə bildirilir ki, İtaliya Baş Qərargah rəisi, ordu generalı Luciano Portolano məsələ ilə bağlı naziri məlumatlandırıb. O, Hərbi Hava Qüvvələrindən aldığı məlumatlara əsasən, bir neçə ABŞ təyyarəsinin uçuş planında Siqonellaya eniş və daha sonra Yaxın Şərq istiqamətində hərəkətin nəzərdə tutulduğunu bildirib.
Araşdırmalar zamanı məlum olub ki, həmin uçuşlarla bağlı İtaliya tərəfinə əvvəlcədən heç bir rəsmi müraciət edilməyib və ölkənin hərbi rəhbərliyi ilə razılaşdırma aparılmayıb. Üstəlik, uçuş planı təyyarələr artıq havada olarkən təqdim edilib.
İlkin yoxlamalar nəticəsində bu uçuşların adi və ya logistik xarakter daşımadığı, buna görə də İtaliya ilə ABŞ arasında mövcud ikitərəfli razılaşmalar çərçivəsinə daxil olmadığı müəyyən edilib.
Məqalədə qeyd olunur ki, müdafiə naziri Guido Crosetto yaranmış vəziyyətlə bağlı İtaliya ilə ABŞ münasibətlərinə təsir göstərə biləcək qərarın qəbul edilməsini tələb edib.
Hadisənin bir neçə gün əvvəl baş verdiyi və bu vaxta qədər ictimaiyyətdən gizli saxlanıldığı vurğulanır.
Eyni məlumatı İtaliyanın ANSA agentliyi də mənbələrə istinadən təsdiqləyib.
"AzPolitika.info"

Şərhlər