Martın sonlarında Rusiyada iqtisadi vəziyyətin kəskin pisləşdiyini göstərən bir sıra göstəricilər açıqlanıb. Yerli mediaya görə, geriləmə artıq təkcə əhalinin gəlirlərini deyil, bütövlükdə iqtisadiyyatı əhatə edir və bu, rəsmi statistikada da əks olunur.

Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına əsasən, yanvarda sənaye istehsalı 0,8% azalıb. Fevralda isə azalma sürətlənərək ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% təşkil edib. Emal sənayesində geriləmə təxminən 3% olub.

Sektorlar üzrə vəziyyət fərqlidir. Nəqliyyat vasitələrinin (o cümlədən pilotsuz aparat və hərbi texnika) istehsalı 16,3%, kompüter və elektronika istehsalı 5%, dərman və tibbi materiallar isə 13,4% artıb. Buna qarşılıq metallurgiya, tikinti materialları, geyim və ərzaq istehsalı azalır. Hətta kimya sənayesində də mənfi dinamika müşahidə olunur.

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnoz Mərkəzinin hesabatına görə, ümumi iqtisadi geriləmə artıq situativ deyil və ilin ilk yarısında mənfi dinamikanın davam edəcəyi gözlənilir. Xüsusilə qeyri-ərzaq malları və xidmətlər bazarında istehlak kəskin azalır.

Biznes sorğuları da bunu təsdiqləyir. İş adamları ödəmə qabiliyyətli tələbin azaldığını bildirir. 2026-cı ilin birinci rübündə istehlakçı inam indeksi -12%-ə düşüb.

Eyni zamanda rəsmi statistikada real gəlirlərin artdığı göstərilsə də, bu, əsasən gəlir bərabərsizliyi ilə izah olunur: orta göstəricilər dar bir qrup hesabına yüksəlir. Əhalinin böyük hissəsi isə inflyasiya və borclanma səbəbindən xərclərini azaldır.

Nəticədə tələbat zəifləyir, xüsusilə kiçik və orta biznes zərər görür. “OPORA Rusiya”nın sorğusuna görə, kiçik biznesin 95%-i vəziyyətin pisləşdiyini bildirir; şirkətlərin yarısı gəlir itirib, 45%-i zərər və ya sıfır gəlirlə işləyir, 5,5%-i fəaliyyətini dayandırıb.

Pərakəndə ticarətdə də geriləmə var. 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin əvvəlində mağazaların sayı azalıb: Moskvada 87 mindən 82,5 minə düşüb, Sankt-Peterburqda isə 5%-dən çox azalma qeydə alınıb.

Bu fonda hökumət böyük biznesdən əlavə vəsait cəlb etməyə çalışır. Məlumata görə, iri şirkətlərə “dövlət ehtiyacları” üçün ianələr təklif olunub və bəzi milyarderlər artıq böyük məbləğlər ayırmağa razılaşıb.

Bununla belə, iqtisadiyyatın struktur problemləri qalır və ümumi geriləmə davam edir.

Rasim
“AzPolitika.info”