Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində limanda zədələnmələr qeydə alınıb.

Onun sözlərinə görə, Kirov rayonunun Molodtsovo qəsəbəsində üç yaşayış binasında (ümumilikdə 30-a yaxın mənzil), orta məktəbin iki kabinetində və təmirdə olan sosial müdafiə mərkəzində şüşələr sınıb. Hadisə nəticəsində üç nəfər, o cümlədən iki uşaq xəsarət alıb, lakin hospitalizasiya tələb olunmayıb.

Bundan əlavə, qarajlar və qazanxana yaxınlığında baş verən yanğınlar söndürülüb. Qubernator qeyd edib ki, səhər saat 06:00-a qədər hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 38 dronu zərərsizləşdirib.

Məlumata görə, 25 mart 2026-cı ildən etibarən Ukrayna dronları demək olar ki, hər gün limana hücum edir. “Astra”nın məlumatına əsasən, ilk hücum zamanı üç neft tankeri, beş yanacaq rezervuarı, üç yanalma körpüsü və Novatek infrastrukturuna ziyan dəyib. Martın 29-na keçən gecə isə daha üç yanacaq çəni, liman körpüsü və nasos qurğuları zədələnib.

Aleksandr Drozdenko martın 30-da bildirib ki, region limanları fəaliyyətini davam etdirir və məhsullar “dost ölkələrə” göndərilir.

Eyni zamanda, Samara və ətrafında da partlayış səsləri eşidildiyi bildirilir. İlkin məlumata görə, bir neçə hava hədəfi məhv edilib, nəticələr isə hələ açıqlanmayıb. Daha əvvəl bu bölgədəki Tolyattikauçuk və KuybışevAzot müəssisələrinin də hücuma məruz qaldığı iddia olunurdu.

“AzPolitika.info”