Rusiyanın Qara dənizdə yerləşən Tuapse limanı aprelin 20-nə keçən gecə bir neçə gün ərzində ikinci dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində genişmiqyaslı yanğın baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, insident zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə liman ərazisində güclü yanğının baş verdiyi görünür.
“ASTRA” nəşrinin təhlilinə əsasən, yanğın Tuapse neft emalı zavodunun (NEZ) rezervuar parkında – yəni neft saxlanılan çənlərdə baş verib. Qeyd olunur ki, həmin obyekt aprelin 16-na keçən gecə də hücuma məruz qalmış, nəticədə yaranan yanğını söndürmək yalnız bir neçə gün sonra mümkün olmuşdu.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev liman ərazisində yanğın baş verdiyini təsdiqləyib. O bildirib ki, dron qalıqları şəhərdə bir sıra obyektlərə ziyan vurub. Zərər görənlər arasında məktəb, uşaq bağçası, muzey, kilsə, yaşayış binası və qaz boru xətti də var.
Tuapse neft emalı zavodu və dəniz terminalı “Rosneft” şirkətinin strukturuna daxildir. Şirkət Igor Sechin tərəfindən idarə olunur və onun Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.
Məlumatlara görə, Ukrayna tərəfi daha əvvəl də – 2025-ci ilin mart, noyabr və dekabr aylarında Tuapse neft infrastrukturu obyektlərinə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində 112 Ukrayna pilotsuz aparatının vurulduğunu açıqlasa da, hədəfə çatan dronların sayı barədə məlumat verməyib. Ukrayna tərəfi isə hücumla bağlı hələlik rəsmi açıqlama yaymayıb.
“AzPolitika.info”

Şərhlər