ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyi daha da artıracaq növbəti addımını elan edib. Ağ Ev rəhbəri mart ayından bəri İran tərəfindən bloklanan Hürmüz boğazındakı xarici gəmilərin çıxarılması üçün genişmiqyaslı hərbi-humanitar missiyaya start verib.

"AzPolitika" xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.

Prezident Tramp qeyd edib ki, münaqişəyə cəlb olunmayan onlarla ölkə Fars körfəzində bloklanmış gəmilərinin azad edilməsi üçün ABŞ-yə müraciət edib.

"Dünyanın demək olar ki, bütün ölkələri ABŞ-dən kömək istəyib. Biz bu ölkələrə zəmanət verdik ki, onların gəmilərini təhlükəsiz şəkildə bu qapalı su yollarından çıxaracağıq. Bu, həm İranın, həm Yaxın Şərqin, həm də ABŞ-nin xeyrinədir", - deyə Tramp bildirib.

"Project Freedom" (Azadlıq Layihəsi) adlanan bu missiya məhz bu gün - 4 may tarixində fəaliyyətə başlayır. Tramp bunu "humanitar jest" adlandırsa da, hərbi hazırlıq bunun əksini deyir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın miqyası barədə rəsmi məlumat paylaşıb. Məlumata görə, Hürmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün aşağıdakı qüvvələr cəlb olunacaq:

-15 000 hərbi qulluqçu, idarəolunan raketlərlə təchiz edilmiş esmineslər;

-100-dən çox döyüş təyyarəsi və pilotsuz platformalar.

"Axios"un mənbələrinə görə, ABŞ hərbi gəmiləri ticarət gəmilərini birbaşa müşayiət etməsə də, hər an müdaxilə etmək üçün "yaxın məsafədə" növbə çəkəcəklər.

İran tərəfi ABŞ-ın bu planını suverenliyinə qəsd kimi qiymətləndirib. İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi bəyan edib ki, ABŞ-ın Hürmüz boğazındakı gəmiçiliyə hər hansı müdaxiləsi "atəşkəs rejiminin pozulması" kimi qəbul ediləcək. 

İran hərbi komandanlığı da boğazın onların icazəsi olmadan keçilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, bu hadisə İranın yeni sülh təklifi fonunda baş verir. Tehran ABŞ-ın dəniz blokadasını qaldırması müqabilində Hürmüzü açmağa hazır olduğunu bildirsə də, Tramp bu təklifləri "qeyri-məqbul" adlandıraraq rədd edib.

Xatırladaq ki, aprelin əvvəlindən regionda nisbi atəşkəs hökm sürsə də, boğazın bloklanması qlobal enerji bazarında və tədarük zəncirində ciddi böhrana səbəb olub.

Rasim Əliyev

"AzPolitika.info"