Rusiya tərəfindən tətbiq edilən qadağa və məhdudiyyətlər fonunda Ermənistan hökuməti Moskva tərəfindən “əsassız qanun pozuntuları” və qeyri-ədalətli qadağalarla üzləşən yerli biznes subyektlərinə subsidiya verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
“AzPolitika” xəbər verir ki, hökumət rəhbəri erməni iş adamlarının məhsullarını alternativ bazarlara ixrac etmək məqsədilə xüsusi görüşlərdə iştirak etdiyini və artıq müəyyən razılaşmaların əldə olunduğunu bildirib.
Paşinyan Rusiyanın qadağalarından zərər çəkən biznesə dövlət dəstəyi veriləcəyini vurğulayıb: “Bəzən keyfiyyət standartlarına cavab verməyən məhsullar olur. Biz həmin sahibkarlara məhsullarını yeni keyfiyyət standartlarına uyğunlaşdırmaqda kömək edəcəyik. Qeyri-ədalətli qadağalarla üzləşən digər hallarda isə xüsusi dəstək proqramları həyata keçirəcəyik. İxrac edilməli olan, lakin qadağalara görə qalan həmin məhsullar üçün subsidiyalaşdırma proqramı tətbiq edəcəyik ki, iqtisadiyyatımızda zərərçəkən olmasın”.
Xatırladaq ki, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya keyfiyyət standartlarına uyğun gəlməməsini bəhanə gətirərək, bir sıra erməni məhsullarının öz bazarına daxil olmasına məhdudiyyətlər qoyub.
Rəsmi Moskva demək olar ki, hər gün İrəvana xəbərdarlıq edir ki, Avropa İttifaqı (Aİ) ilə əlaqələri dərinləşdirməklə paralel olaraq Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz. Üstəlik, Aİİ-nin digər üzvləri - Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də Vladimir Putinə qoşularaq Ermənistanda referendum keçirilməsi barədə çağırışlar edirlər. Buna baxmayaraq, Ermənistanın iqtisadiyyat naziri mövcud problemlərin "texniki" xarakter daşıdığını və parlament seçkilərindən sonra həll olunacağını iddia edir.
Baş nazir Paşinyan da öz növbəsində Ermənistanın Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan ilə birlikdə Avrasiya İttifaqında qalmağa davam edəcəyinə eyham vurub:
“Biz Avrasiya İqtisadi İttifaqında sakit, təmkinli, əsəb nümayiş etdirmədən və mübahisə etmədən işləməyə davam edəcəyik. Mən əminəm ki, bizim bu istiqamətdə hələ də istifadə edəcəyimiz potensialımız var”.
Görünən odur ki, İrəvan seçki öncəsi Moskvanın iqtisadi rıçaqlarla ölkədaxili proseslərə təsir etmək cəhdlərini dövlət büdcəsindən veriləcək subsidiyalarla neytrallaşdırmağa çalışır.
Rasim
"AzPolitika.info"

Şərhlər