Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvə toplantısında iştirak etməyi planlaşdırdığını bildirib.

"AzPolitika" xəbər verir ki, Sinqapura səfəri çərçivəsində "Bloomberg"-ə müsahibə verən Fidan ABŞ-Türkiyə münasibətləri, NATO-nun gələcəyi və ABŞ-İran danışıqları ilə bağlı bir sıra açıqlamalar verib.

Nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb. Fidanın sözlərinə görə, ABŞ Prezidenti hər söhbətdə Ankara sammitində şəxsən iştirak edəcəyini vurğulayıb.

Hakan Fidan həmçinin ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı iddialara da münasibət bildirib. O qeyd edib ki, Vaşinqtonun alyansdan ayrılacağına dair hər hansı konkret əlamət müşahidə olunmur.

“ABŞ müttəfiqlərdən müdafiə xərclərini artırmağı və öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımağı tələb edir. Avropa ölkələri bu mesajı qəbul edib və NATO çərçivəsində müdafiə büdcələrinin artırılması istiqamətində addımlar atmağa başlayıblar. Liderlər Ankarada bir araya gəldikdə əldə olunan irəliləyişləri qiymətləndirəcəklər”, - deyə nazir bildirib.

Fidan ABŞ və İran arasında aparılan danışıqlara da toxunub. O, Türkiyənin tərəflər arasında diplomatik səyləri dəstəklədiyini və hər iki ölkənin atəşkəsin qorunması üçün səmimi şəkildə çalışdığını deyib.

"AzPolitika.info"