Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Maliyyə Mərkəzində keçirilən III Dünya İslam İqtisadiyyatı Zirvəsində çıxışı zamanı faiz əleyhinə mövqeyini bir daha ifadə edib.
Prezident qlobal iqtisadi sistemə və beynəlxalq münasibətlərə alternativ yanaşmaların mümkün olduğunu bildirərək, daha ədalətli dünyanın qurulması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb.
“Daha ədalətli dünya mümkündür deyərkən, bəşəriyyət olaraq həm iqtisadiyyatda, həm də beynəlxalq münasibətlərdə çıxış yolumuzun olduğunu nəzərdə tuturuq. Daha çox çalışmalıyıq. İslam iqtisadiyyatını nə qədər mənimsəsək, hədəflərimizə bir o qədər tez çatarıq”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri çıxışında mərhum siyasətçi Nəcməddin Ərbakanın fikirlərini də xatırladıb. O, iqtisadiyyatda “bərəkət” anlayışının əhəmiyyətinə diqqət çəkərək bildirib:“Ərbakan müəllimimizin dediyi kimi, 1 lirə qazanc 2 lirə qazancdan üstündür. Faizin olduğu yerdə bərəkət olmaz. İstismarın, haqsızlığın olduğu yerdə bərəkət tapılmaz. Yalnız mənfəəti düşünən yanaşmanın hökm sürdüyü yerdə də bərəkət özünə yer tapa bilməz”.
"AzPolitika.info"

Şərhlər