Nüvə silahına malik doqquz ölkə – ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail 2025-ci ildə də öz nüvə arsenalını modernləşdirməyə davam edib.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) illik hesabatında bildirilir.

Hesabata görə, bu ölkələrin əksəriyyəti yeni nüvə sistemlərini istifadəyə verib və ya nüvə başlıqları daşıya bilən yeni hərbi texnikaları silahlanmaya daxil edib.

SIPRI-nin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə dünyada ümumilikdə təxminən 12 187 nüvə başlığı mövcud olub. Onlardan 9745-i potensial istifadəyə hazır vəziyyətdə saxlanılır. Təxminən 4012 başlıq raketlərdə və hərbi təyyarələrdə yerləşdirilib, 2 100–2 200 arasında nüvə başlığı isə yüksək döyüş hazırlığı vəziyyətində olan ballistik raketlərə quraşdırılıb. Bu silahların böyük hissəsi ABŞ və Rusiyaya məxsusdur.

İnstitut qeyd edir ki, Soyuq müharibənin başa çatmasından sonra ABŞ və Rusiyada köhnə nüvə başlıqlarının ləğvi yeni silahların istehsalını üstələdiyi üçün qlobal nüvə ehtiyatları davamlı olaraq azalırdı. Lakin SIPRI analitikləri hesab edirlər ki, yaxın illərdə bu tendensiya dəyişəcək. Nüvə silahsızlanması prosesi zəifləyir, əvəzində yeni sistemlərin yerləşdirilməsi sürətlənir.

SIPRI-nin baş elmi əməkdaşı Hans Kristensen bildirib ki, nüvə dövlətləri silahsızlanma ilə bağlı öhdəliklərini getdikcə daha çox arxa plana keçirir və bu da yeni silahlanma yarışını sürətləndirir. İnstitutun direktoru Kərim Həqqaq isə xəbərdarlıq edib ki, texnologiyaların sürətli inkişafı, silahlara nəzarət mexanizmlərinin zəifləməsi və geosiyasi böhranlar nüvə təhlükəsini artırır.

Hesabata görə, ABŞ və Rusiya birlikdə dünya nüvə arsenalının təxminən 83 faizinə nəzarət edir. 2025-ci ildə hər iki ölkənin aktiv nüvə ehtiyatlarının həcmi əsasən sabit qalsa da, genişmiqyaslı modernləşdirmə proqramları gələcəkdə arsenalın böyüməsinə səbəb ola bilər.

Sənəddə qeyd olunur ki, Rusiyanın "Sarmat" qitələrarası ballistik raket proqramında problemlər yaşanıb. Eyni zamanda, Ukraynadakı müharibə və Qərb sanksiyaları modernləşdirmə proqramlarına əlavə yük yaradıb. Buna baxmayaraq, "Burevestnik" qanadlı raketinin 14 min kilometrdən artıq məsafədə uğurlu sınaq keçdiyi bildirilir.

Moskvanın Belarus ərazisində "Oreşnik" raket kompleksi üçün baza tikintisinə başladığı da vurğulanır. Hesabatda qeyd edilir ki, bu raket 2026-cı ilin may ayında nüvə başlığı olmadan Ukraynaya qarşı istifadə olunub. Analitiklər hesab edirlər ki, gələcəkdə Rusiyanın arsenalı hər raketdə daha çox nüvə başlığının yerləşdirilməsi hesabına arta bilər.

ABŞ-də isə nüvə qüvvələrinin modernləşdirilməsi proqramlarının maliyyə çətinlikləri və planlaşdırma problemləri ilə üzləşdiyi qeyd olunur. Bununla yanaşı, Donald Tramp administrasiyasının 1,2 trilyon dollar dəyərində qiymətləndirilən "Qızıl Günbəz" raketdən müdafiə sistemi layihəsini həyata keçirmək istəyi əlavə müzakirələrə səbəb olub.

Hesabatda ən sürətli artımın Çində qeydə alındığı bildirilir. Hazırda Pekinin təxminən 620 nüvə başlığına malik olduğu qeyd edilir. Çin şimal bölgələrində yüzlərlə raket şaxtası yerləşdirib, eyni zamanda ölkənin şərqində yeni raket kompleksləri inşa edir. Bununla belə, SIPRI hesab edir ki, Çin 2030-cu ilə qədər 1000 nüvə başlığına çatsa belə, bu göstərici yenə də ABŞ və Rusiyanın arsenalından xeyli az olacaq.

"AzPolitika.info"