Menu

Keçmiş kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanıldı - Almaniyada şok!

06.10.2026, 22:05
Keçmiş kəşfiyyat rəhbəri casusluq şübhəsi ilə saxlanıldı - Almaniyada şok!

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanning casusluq, dövlətə xəyanət və xarici dövlətin xeyrinə kəşfiyyat fəaliyyəti göstərməyə cəhd etməkdə şübhəli bilinərək saxlanılıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb. 

Hanning 1998-ci ilin dekabrından 2005-ci ilin noyabrınadək BND-yə rəhbərlik edib. Daha sonra Almaniya Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb.

İş üzrə Hanninglə yanaşı, 2026-cı ilin martınadək BND-də qərargah rəisi vəzifəsini tutmuş Manfred D. də mühakimə olunur. O, dövlətə xəyanət və casusluğa cəhdə iştirak etməkdə ittiham edilir.

İstintaqın məlumatına görə, 2010-cu ilin yazında iki şübhəli arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, Manfred D. BND-dən əldə etdiyi kəşfiyyat məlumatlarını mütəmadi olaraq Hanningə ötürməli, bunun müqabilində isə ödəniş almalı idi. Hanning isə əldə etdiyi məlumatlardan özünün xüsusi məsləhətçilik fəaliyyətində istifadə etməli idi. İstintaqçılar bildirirlər ki, keçmiş BND rəhbərinə ümumilikdə təxminən 1000 sənəd təqdim edilib. Sənədlərin əksəriyyətinin məxfi məlumatlar ehtiva etdiyi qeyd olunur.

Federal Prokurorluğun məlumatına görə, Hanning bir dəfə məxfi məlumatlardan istifadə edərək xarici kəşfiyyat orqanı üçün analitik qeyd hazırlayıb. Bundan başqa, o, siyasi xarakterli məlumatlar ötürdüyü başqa bir xarici kəşfiyyat nümayəndəsi ilə də yaxın münasibətlər saxlayıb.

Almaniyanın “Deutsche Welle” telekanalı hadisəni “Almaniyada bu əsrin ən böyük casusluq qalmaqalı” kimi qiymətləndirib və prosesin hazırda davam etdiyini bildirib.

Hanningin hansı xarici dövlətin xeyrinə əməkdaşlıq etməkdə şübhəli bilindiyi hələlik açıqlanmayıb. Keçmiş BND rəhbəri sonrakı fəaliyyətində beynəlxalq səviyyədə təhlükəsizlik və biznes məsləhətçisi kimi çalışıb. Onun Rusiya və Çinlə, o cümlədən hökumət qurumları ilə əlaqələrinin olduğu bildirilir. Hanning yalnız 2015-2019-cu illər arasında Rusiyaya yeddi dəfə səfər edib.

Hazırda istintaqın əsas diqqət mərkəzində Hanningə ötürülən məxfi məlumatların həcmi, onların hansı məqsədlə istifadə edilməsi və bu fəaliyyətin hansı xarici dövlətin maraqlarına xidmət etdiyi məsələləri dayanır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol