Bakının Baş Planı paytaxtın gələcək inkişaf istiqamətlərini və şəhərsalma siyasətini müəyyən edən əsas sənədlərdən biridir. Sənəddə nəqliyyat, yaşayış zonaları, yaşıllıq əraziləri və şəhərin inkişafı ilə bağlı müxtəlif istiqamətlər nəzərdə tutulur. Planın icrası paytaxtda bəzi ərazilərin gələcək statusuna və daşınmaz əmlak bazarına da təsir göstərə bilər.
Bəs Baş Planın həyata keçirilməsi mənzil və torpaq qiymətlərində hansı dəyişikliklərə səbəb ola bilər?Hansı ərazilərdə daşınmaz əmlaka marağın və qiymətlərin dəyişməsi ehtimalı daha yüksəkdir?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş planına əsasən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların və kvartalların pilot layihələr çərçivəsində sökülməsi, onların yerində müasir tələblərə cavab verən yeni binaların və komplekslərin inşası davam edir.
Onun sözlərinə görə, digər tərəfdən Bakı şəhərinin abadlaşdırılması və müasirləşdirilməsi, eləcə də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində də işlər aparılır: “Bu çərçivədə parkların salınması, metro stansiyalarının, tramvay xətlərinin və yolların yenidən qurulması, şəhər infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Hazırda söküntü işlərini şərti olaraq iki istiqamətə bölmək olar. Birinci istiqamət dövlət tərəfindən həyata keçirilən və şəhərin nəqliyyat və sosial infrastrukturunun inkişafına xidmət edən layihələrdir. Buraya metro stansiyalarının və tramvay xətlərinin inşası, yolların genişləndirilməsi, parkların salınması və digər abadlıq işləri daxildir. İkinci istiqamət isə özəl tikinti şirkətləri tərəfindən həyata keçirilən pilot layihələrdir. Bu layihələr çərçivəsində istismar müddəti başa çatmış binalar və kvartallar sökülür, sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin edilir. Daha sonra sökülən binaların yerində müasir standartlara cavab verən çoxmərtəbəli binalar inşa olunur və sakinlər əvvəlki mənzillərinin sahəsinə əlavə kvadratmetrlər də nəzərə alınmaqla yeni mənzillərlə təmin edilirlər”.

A.Nəsirov qeyd edib ki, bu istiqamətdə işlər 2019-cu ildən etibarən davam edir. Söküntülərin əmlak bazarına təsirinə gəlincə, özəl şirkətlər tərəfindən aparılan layihələrdə sakinlər əvvəlcə kirayə mənzillərlə təmin edilir, daha sonra isə yeni tikilən binada mənzillə təmin olunurlar: “Dövlət tərəfindən həyata keçirilən söküntülərdə isə məqsəd yeni bina tikmək deyil. Bu layihələr şəhərin abadlaşdırılması və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlıdır. Belə hallarda əmlak sahiblərinə əmlakın dəyəri hesablanaraq kompensasiya ödənilir. Söküntü işlərinin aparıldığı ərazilərdə və həmin ərazilərə yaxın zonalarda əmlak bazarında canlanma müşahidə olunur. Alıcıların sayının artması, xüsusilə yeni tikililərə və torpaq sahələrinə tələbatın yüksəlməsi qiymətlərin artmasına səbəb olur. 2026-cı ildə alıcılıq qabiliyyəti 2025-ci illə müqayisədə zəifləsə də, daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunur. Qiymət artımı əsasən yeni tikililərdə, eləcə də 9 mərtəbəli və köhnə binalarda qeydə alınıb. Ən yüksək artım isə yeni tikililərdə müşahidə edilir”.

Ekspertin əlavə edib ki, alıcıların təxminən 55-60 faizi yeni tikililərdə mənzil almaqda maraqlıdır. Bu amil həmin seqmentdə qiymətlərin artmasına təsir göstərir: “Digər tərəfdən, tikinti materiallarının bahalaşması da yeni tikililərdə mənzillərin qiymətinin yüksəlməsinə səbəb olur. Ən çox qiymət artımı ipotekaya yararlı, yəni çıxarışı olan yeni tikililərdə və sovet dövründə inşa edilmiş 9 mərtəbəli binalarda qeydə alınıb. 9 mərtəbəli binalara tələbatın yüksək olmasının əsas səbəblərindən biri onların ipotekaya yararlı olmasıdır. Bundan başqa, həmin binalarda liftin olması uşaqlı ailələr üçün yaşayış şəraitini daha əlverişli edir. Bu səbəbdən yeni tikililərdə və 9 mərtəbəli binalarda digər kateqoriyalarla müqayisədə daha yüksək qiymət artımı müşahidə olunur”.
Ekspert sonda vurğulayıb ki, söküntülərin miqyası böyüdükcə onların əmlak bazarına təsiri də artır: “Bu təsir əsasən söküntü aparılan ərazilərə yaxın zonalarda özünü göstərir. Yasamal, Nərimanov, Nəsimi və Səbail rayonlarında da əmlaka tələbat digər ərazilərlə müqayisədə daha yüksək olduğundan qiymət artımı daha sürətli baş verir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər