“Müasir döyüş meydanındakı reallıqlar hərbi texnologiyaların, xüsusən də artilleriya və PUA-ların taktiki rolunu kökündən dəyişib”.
“AzPolitika” xəbər verir ki, bunu hərbi ekspert Aqil Rüstəmzadə müasir müharibələrdə, xüsusilə də 2026-cı ilin yay döyüşlərində qarşıdurma tərəflərinin artilleriyanın rolu ilə bağlı çıxardığı nəticələri təhlil edərkən bildirib.
Aqil Rüstəmzadə hesab edir ki, bir çox sovet və Rusiya istehsalı olan artilleriya sistemləri artıq müasir müharibənin çağırışlarına cavab vermir. Cəbhədə sabit müdafiəni və effektiv işi yalnız 155 mm-lik uzaqmənzilli sistemlər təmin edə bilir. Onun sözlərinə görə, döyüş meydanında məhvetmələrin 80-90 faizi pilotsuz uçuş aparatlarının (PUA) payına düşür. Artilleriyanın əsas vəzifəsi isə artıq səpələnmiş hədəfləri vurmaqdan daha çox, düşmənin sığınacaqlarını dağıtmaq və zirehli texnika kolonlarının qarşısını almaqdan ibarətdir.
A.Rüstəmzadə artilleriyanın əsas üstünlüyünü belə izah edir: “Dronların uça bilmədiyi duman, güclü qar və ya tufanlı hava şəraitində belə artilleriya mərmiləri işləməyə davam edir. Bu, artilleriyanı hələ də əvəzolunmaz edir”.
Ekspert taktiki dəyişikliklər və kamuflyajın əhəmiyyətini də qeyd edir. Onun sözlərinə görə, toplar artıq xüsusi kaponirlərdə (istehkam örtüklərində) dərinə basdırılır, səma isə dronlar tərəfindən qorunur: “Mövqelərin düşmən tərəfindən dərhal deşifrə edilməməsi və məhv olunmaması üçün bir hədəfə vurulan atəş sayı məhdudlaşdırılır tapşırığa adətən 10-a qədər mərmi ayrılır. Sahələrə görə kütləvi atəş açmaq artıq iqtisadi cəhətdən sərfəli deyil, çünki bir mərminin qiyməti 1000–2000 dollar arasında dəyişir. Daha ucuz hədəfləri mərmilərlə deyil, FPV-dronlar vasitəsilə məhv etmək daha məqsədəuyğundur”.
A.Rüstəmzadə vurğulayır ki, gələcəyin ordularında artilleriya və dronların ayrı-ayrılıqda deyil, briqadaların tərkibində vahid zərbə konturunda birləşdirilməsi qaçılmazdır.
Ekspertin bu təhlili bir daha göstərir ki, müasir müharibə texnologiyaların sintezi və iqtisadi səmərəlilik prinsipi əsasında yenidən formalaşır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər