Menu

ABŞ Rusiyaya yardım təklif etdi - İrkutskda "ağciyər taunu" yayılıb, ölən var...

06.10.2026, 10:10
ABŞ Rusiyaya yardım təklif etdi - İrkutskda "ağciyər taunu" yayılıb, ölən var...

ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhələri ilə əlaqədar Moskvaya yardım göstərməyə hazır olduqlarını bəyan edib.

Jurnalistlərlə söhbətində Tramp bildirib ki, Rusiya tərəfi baş verənləri sadəcə "pnevmoniya" (sətəlcəm) kimi təqdim etməyə çalışır. ABŞ lideri son illərdə bakteriyaların daha dözümlü hala gəlməsi səbəbindən pnevmoniyanın müalicəsinin xeyli çətinləşdiyini vurğulayıb.

Məsələ ilə bağlı ABŞ-nin dövlət katibi Marko Rubio da açıqlama verib. Avropaya (İslandiya, Yunanıstan və Portuqaliya) dördgünlük səfərə başlayan dövlət katibi yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

O, İrkutsk vilayətində təhlükəli infeksiyaları öyrənən institutun əməkdaşının öldüyünü və bir neçə xəstəxanada karantin tətbiq olunduğunu xatırladıb. 

Rubionun sözlərinə görə, Vaşinqton baş verənləri diqqətlə izləyir, hələlik əllərində yeni məlumat olmasa da, xəstəliyin yayılmasından ehtiyat edirlər: "Təşvişə düşmək üçün heç bir səbəb yoxdur, lakin vəziyyəti diqqətlə izləmək lazımdır. ABŞ administrasiyası da məhz bunu edir".

Dövlət katibi əlavə edib ki, Rusiya ilə ABŞ arasında birbaşa hava və yerüstü əlaqənin olmaması bilavasitə riskləri azaldır. Qeyd edək ki, Rusiya hakimiyyəti hələ də institut əməkdaşının məhz taundan öləcəyini rəsmən təsdiqləməyib.

Səfəri çərçivəsində Ukrayna məsələsinə də toxunan Rubio bildirib ki, ABŞ hələlik Rusiyanın zərbələri fonunda Kiyevdəki diplomatik missiyasını bağlamaq qərarına gəlməyib, lakin təhlükəsizlik vəziyyəti mütəmadi olaraq qiymətləndirilir. O, Moskvanın aylar boyunca diplomatları Kiyevi tərk etməyə çağırdığını və son çağırışlarda heç bir yenilik olmadığını xatırladıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol