5 Oktyabr - Beynəlxalq Müəllimlər Günündə təhsil sisteminin inkişafı, məktəblərin infrastruktur yenilikləri geniş müzakirə olunsa da, prosesin mərkəzində duran əsas amil - müəllim və onun sosial-iqtisadi vəziyyəti diqqətdən kənarda qala bilməz. Son 10 ildə müəllim kontingentində müşahidə olunan kəskin azalma dinamikası, sertifikasiya və MİQ kimi keyfiyyət islahatları fonunda pedaqoji heyətin gündəlik fəaliyyətinə və gələcək planlaşdırmasına birbaşa təsir edən köklü sistem problemlərini yenidən gündəmə gətirir.
Müəllimlərin sayı niyə azalır?
Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin göstəricilərinə nəzər saldıqda maraqlı və narahatlıq doğuran bir mənzərə ortaya çıxır. Belə ki, 2015-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrində 155 500-dən çox müəllim çalışırdısa, 2020-ci ildə bu rəqəm 149 300-ə, hazırda (2025–2026-cı tədris ilində) isə 130 000 civarına düşüb. Yəni son 10 il ərzində ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı 25 mindən çox (təxminən 16-17%) azalıb.
Bu azalmanın əsas səbəbləri sırasına rasionallaşdırma siyasəti (şagird sayına görə siniflərin və azkomplektli məktəblərin birləşdirilməsi), MİQ imtahanları ilə kadr seçiminin sərtləşdirilməsi, sertifikatlaşdırma prosesi nəticəsində minimum tələblərə cavab verməyənlərin sistemdən kənarlaşması və 65 yaş həddinə çatan təcrübəli kadrların təqaüdə göndərilməsi daxildir. Bir tərəfdən kəmiyyətdən keyfiyyətə keçid hədəflənsə də, digər tərəfdən müəllim kadrlarının sosial-iqtisadi təminatındakı boşluqlar sahənin cəlbediciliyini zəiflədir.
Orta maaşdan aşağı gəlir və dərs yükü asılılığı
Ölkə üzrə rəsmi statistik göstəricilərə görə, muzdla çalışanların orta aylıq nominal əməkhaqqısı 1 176 manat civarında olduğu halda, respublika üzrə müəllimlərin orta aylıq əməkhaqqısı təxminən 965 manat təşkil edir. Bu da strategiyanın əsas hədəflərindən biri olan "müəllim əməkhaqqının ölkə ortalamasından yüksək olması" prinsipi ilə ziddiyyət təşkil edir. Məsələnin digər tərəfi müəllim maaşının birbaşa dərs saatından (stavkadan) asılı olmasıdır. Baza tarif dəyərinin aşağı olması səbəbindən həftəlik dərs yükü 18 saatdan az olan pedaqoqların aylıq gəliri minimum dolanışıq həddinə yaxınlaşır. Bu da müəllimi dərsdənkənar metodiki fəaliyyətə və ya öz üzərində işləməyə deyil, əlavə qazanc yolları axtarmağa vüsət verir.
Paytaxt və regionlararası maaş fərqi
Bakı şəhərində fəaliyyət göstərən məktəblərdə çalışan müəllimlərin orta aylıq əməkhaqqısı 1 100 – 1 145 manat aralığında dəyişdiyi halda, regionlarda, xüsusən də kənd məktəblərində bu rəqəm kəskin şəkildə aşağı düşür.
Regionlarda şagird kontingentinin azlığı səbəbindən siniflərin birləşdirilməsi və ya saatların kiçik hissələrə bölünməsi rayon müəlliminin həftədə cəmi 8–12 saat dərs alması ilə nəticələnir. Bu isə onların aylıq gəlirini 400–600 manat civarında saxlayır. Ucqar kəndlərə təyin olunan gənc kadrlar üçün nəzərdə tutulan kompensasiya və stimullaşdırıcı paketlər isə mövcud inflyasiya və mənzil kirayəsi bazarındakı qiymətlər fonunda kifayət etmir. Nəticədə kənd məktəblərində kadr çatışmazlığı problemi xroniki xarakter alır.
65 yaş məhdudiyyəti - təcrübəli kadrların itirilməsi
Əmək qanunvericiliyinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Xüsusi fərqlənən və ya elmi dərəcəsi olan şəxslərin müqaviləsi illik əsaslarla maksimum 70 yaşadək uzadıla bilsə də, prosesin tətbiqində subyektivlik nəzərə çarpır.
Xüsusilə dəqiq elmlər (fizika, riyaziyyat, kimya) üzrə regionlarda ciddi kadr defisiti olduğu halda, sertifikasiyadan yüksək bal toplayan və fiziki-zehni baxımdan tam əmək qabiliyyətli 65 yaşlı müəllimlərin sistemdən kənarlaşdırılması təhsilin keyfiyyətinə zərbə vurur. Müqavilənin uzadılması qərarının yerli təhsil idarələrinin və rəhbərliyin mülahizəsindən asılı olması isə idarəetmədə narazılıqlar yaradır.
Müəllim kontingentinin ən yaralı yerlərindən biri təqaüdə çıxdıqdan sonra yaşadıqları kəskin gəlir itkisidir. Müəllimlərin aldığı sertifikasiya əlavələri sosial sığorta haqqına cəlb edilsə də, ümumi pensiya kapitalının hesablanması mexanizmi onların təqaüdə çıxdıqdan sonra son aldığı maaşın cəmi 30–40%-i həcmində təminat alması ilə nəticələnir. Dövlət qulluqçuları və ya digər xüsusi statuslu sahə çalışanlarından fərqli olaraq, 30-40 il gənc nəslin tərbiyəsi ilə məşğul olmuş pedaqoqlar ümumi əsaslarla pensiyaya çıxır ki, bu da onları təqaüd dövründə sosial müdafiəsiz qoyur.
Problemlərin həlli üçün nə edilməlidir?
Göstərilən problemlərin aradan qaldırılması üçün ekspertlər aşağıdakı sistemli addımların atılmasını vacib sayırlar:
Müəllimlərin əməkhaqqı strukturu tədris saatlarından asılılıqdan mərhələli şəkildə çıxarılmalı, tam ştat (40 saatlıq iş həftəsi) konseptinə keçilməlidir. Baza vəzifə maaşı ölkə üzrə orta aylıq əməkhaqqından az olmamaq şərtilə tənzimlənməlidir;
Ucqar məktəblərdə dərs deyən müəllimlər üçün şagird sayından asılı olmayan xüsusi regional əmsallar və artırılmış sosial paketlər tətbiq edilməlidir;
Sertifikasiyada yüksek nəticə göstərən müəllimlərin fəaliyyət müddəti subyektiv mülahizələrlə deyil, birbaşa rəqəmsal sertifikasiya balı əsasında mərkəzləşdirilmiş qaydada uzadılmalıdır;
Ən azı 25-30 il fasiləsiz pedaqoji stajı olan şəxslər üçün xüsusi pensiya əmsalı təsis edilməli, onların pensiya məbləği son orta əməkhaqqının minimum 60-70%-i həcmində zəmanətlə hesablanmalıdır.
Şübhəsiz ki, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatların dayanıqlı olması birbaşa müəllimin sosial rifahından asılıdır. Təhsildə keyfiyyət dəyişikliyinə nail olmaq üçün müəllimə sadəcə "əmək müqaviləsi ilə çalışan işçi" kimi deyil, dövlətin insan kapitalını formalaşdıran strateji fiqur kimi yanaşılmalı və onun sosial müdafiəsi qanunvericilik səviyyəsində xüsusi statusla təmin edilməlidir.
Sonda dəyərli müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edirik!
Rasim ƏLİYEV
“AzPolitika.info”


Şərhlər