Dünya ədəbiyyatında nüfuzlu mükafatlar qazanan müəlliflərin uğurunda yalnız fərdi istedad deyil, həm də güclü ədəbi mühit, keyfiyyətli nəşriyyat sistemi və beynəlxalq təbliğat mühüm rol oynayır. Azərbaycan ədəbiyyatının zəngin tarixi və güclü ədəbi ənənələri olsa da, yerli müəlliflərin dünya miqyasında tanınması və nüfuzlu ədəbi mükafatlara namizəd səviyyəsinə yüksəlməsi məsələsi müzakirə doğurur. Tərcümə imkanları, xarici nəşriyyatlarla əməkdaşlıq, ədəbi agentliklərin fəaliyyəti və müəlliflərə yaradılan şərait bu prosesin əsas amilləri sırasındadır.
Azərbaycan yazıçılarının dünya ədəbiyyatında daha geniş tanınmasına hansı maneələr var? Nobel səviyyəli ədəbiyyatın formalaşması üçün ölkədə hansı institusional və yaradıcı dəyişikliklərə ehtiyac duyulur?
Mövzu ilə bağlı tanınmış yazıçı Səfər Alışarlı “AzPolitika”ya açıqlamasında bildirib ki, ədəbiyyatda bütün mənəvi, psixoloji, ruhi kəşfləri istedad edir: “Şair xalq” o demək deyil ki, hamı istedadlıdır. Son iki-üç yüz ildə minlərlə aşıq gəldi keçdi Azərbaycandan. Bir neçə istisna olmaqla, onların sazı necə çalıb, necə oxuduqlarını biz bilmirik. Ancaq ədəbiyyatımızda böyük ustad şair kimi qalan Dirili Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgərdir. Yerdə qalanlar “və başqaları” sırasındadır. Bəlkə yüz ildən sonra onlardan da kimlərsə o yüksəkliyə qalxa biləcək, ancaq hələlik belədir".
Onun sözlərinə görə, bizdə istedadın kütləviliyi qrafomaniya səviyyəsindədir: "Qrafoman həqiqi istedadın nə olduğunu bilsə də, ona çatmaqda, o zirvəyə yüksəlməkdə acizdir. Çünki orada “sən öl, mən öl”, “Həsən ağanın qohumluğu”, “Yazıçılar birliyinin katibliyi-filan” keçmir. Orada ilahi nəfəs var. Ona yalnız təmənnasız sevgi, zəhmət və halallıqla, sənət və həqiqət naminə fədakarlıqla çatmaq mümkündür. Məsələn, bizim sovet nəsri, üç-dörd müəllif istisna olmaqla, ucdantutma qrafomaniyadır. Dövri mətbuata baxanda, bugünkü də ondan çox uzağa getməyib. Qrafoman nəsə yarada bilər, ancaq şedevr yarada bilməz. Şedevr odur ki, sən onu istədiyin vaxt açıb, istədiyin yerindən oxuyursan və o sənə şər qarşısında müvazinətini saxlamağa növbəti dəfə güc, enerji verir, mənəvi zövq yaşadır, sadəcə, ləzzət verir. İndi əlinizi qoyun ürəyinizin üstünə və deyin, varmı Azərbaycanda sizin o müəllifiniz? Təmənna güdən qrafomanlar ordusu aranı qarşıdırıb dəftəri itirmək üçün dərhal sənə yüz dənə müəllif adı çəkəcək. İnanma. Riyakarlıqdır.
Nobel mükafatı bu məsələ ilə müəyyən qədər əlaqəlidir. Bəli, bizimkilərin bəziləri o mükafatı alanların bəzilərindən istedadlıdır. Bu, bizim müasir Azərbaycan ədəbiyyatının həqiqi mükafata layiq səviyyəsinin göstəricisi deyil. Bir daha təkrar edirəm, şair xalqıq, hər şeyimiz qafiyə üstündədir, ailədə adlarımıza qədər... Oturub dastan yazanda dünya ədəbiyyatının bu mövzunu, bu mənəvi problematikanı, insanlığın (oxu – məsələn, Fransa ədəbiyyatının) bu dramını və ya faciəsini ən ali bədii səviyyələrdə çoxdan keçdiyini qətiyyən fikirləşmirik. Çünki külli halda dünya – Avropa və Amerika ədəbiyyatından, beş-on yazıçı adı tanıyırıq. Onları da çox pis oxumuşuq, oxu müəllimimiz olmayıb...
İndi təsəvvür edin, tutaq ki, pulu samanından çox olan Səudiyyə Ərəbistanı və yaxud Türk Dövlətləri Təşkilatı ədəbiyyat sahəsinə aid Nobeldən də artıq məbləğdə bir beynəlxalq mükafat təsis etdi. Onu kimlərə verəcəklər? Varımızdı da TÜRKSOY! 1993-cü ildə yaranıb, yalnız ölülərlə, bir də mədəniyyət nazirliklərindəki məmurların qohum-əqrabası ilə məşğuldur. Türk birliyinin əsas generatoru hərbi-siyasi qərargahlarda deyil, ola da bilməz. Türk birliyinin əsas güc mərkəzi xalqlarımızın klassik mədəniyyəti, o cümlədən müasir ədəbiyyatı və incəsənətidir. Bunu yaxşı bilən düşmən müxtəlif yollar və vasitələrlə Türksoyu, yumşaq desək, zərərsizləşdirib.
Çörək problemi yaşayan xalqın mədəniyyət qayğıları həmişə arxa planda olub. Amma Rusiyada nə qədər yararsız truppalar, toy müğənniləri, gülmək yerinə ağlamalı estrada artistləri varsa, hamısı hər gün Bakıdadır. Onların konsert və tamaşalarına gedənlərin çörək problemi yoxdur. 5 milyonluq şəhərdə 2000 minlik salonu doldurmağa adammı tapılmayacaq”?!
S.Alışarlı qeyd edib ki, ədəbi mühit ölkədə mövcud olan makromühitin bir parçasıdır. Bunların fərqli mənəvi iqlim qurşaqlarında yerləşməsi və mövcudluğu qeyri-mümkündür. Ona görə ədəbi mühitin kimisə reklam və ya tərcümə edib dünya arenasına çıxarması bu gün absurd kimi görünür: “Məsələn, “Azərbaycan” jurnalı mənim romanımı çap etməyib geri qaytarır, jurnalın baş redaktoru “Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə” dövlətin mükafatına layiq görülür. Ədəbi mühit belə münasibətlərin cəmindən formalaşa-formalaşa öz çərçivələri daxilində möhkəmlənib həqiqi ədəbiyyata qarşı buxova çevrilir.
“Ədəbiyyatda vətəndaşlıq mövqeyi” məsələsinə də münasibət bildirməyə söz vermişdim. Burada da qrafomaniya və istedad bir-birinə qarışdırılır. Dostumuz Aqşin (red.şair Aqşin Yenisey) bəy iddia edir ki, bu gün, vətənin çox mühüm, ümummilli məsələləri öz həllini hələ tapmadığı bir tarixi mərhələdə, yazıçının borcu öz əsərlərilə prosesə kömək etməkdir: qeyri əsərləri sandığa qoymaq lazımdır.
Tutaq ki, “Hərb və sülh” vətənpərvərlik romanı olaraq, ruslar demişkən, “xalq haqqında fikir” (mısl narodnaya) üzərində qurulub. Ardınca gələn “Anna Karenina” romanını Tolstoy “ailə haqqında fikir”, ondan sonra gələn “Dirilmə” romanını isə “insan haqqında fikir” üzərində qurub. Və sonradan sevinərək şükür edib ki, bir daha belə yekə şeylər yazmayacaq.
Belə çıxa bilər ki, biz hələlik ədəbiyyatın “Hərb və sülh” mərhələsindəyik. Həqiqətən də, düşmən top-tüfənglə sənin ölkənə basqın edib, sənin torpağını işğal, xalqını kölə edibsə, sən yazıçı olaraq neyləməlisən? Gözəlin yanağındakı qara xalın vəsfini davam etdirməlisən, ya “müsəlləh əsgər” olub, şeirinlə, sənətinlə birlikdə cəbhəyə yollanmalısan?
Bunun ən gözəl siyasi-mənəvi formulasını Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda jurnalistin Ukrayna məsələsilə bağlı nə məsləhət verə biləcəyini soruşarkən ifadə etdi: “Heç zaman işğalla barışmayın”! Bu, konkret dövlət və xalq fikri olaraq, müasir dünya siyasətinin təkcə bizim regionda deyil, Avropanın ortasında da yaratdığı ölüm və işğal kabusuna qarşı qoyulan nadir və cəsarətli bir lider mövqeyidir. Xoşbəxtlikdən, bizim müharibəmiz qısa bir vaxtda, 44 gün ərzində, işğala son qoydu. Yazıçımız əsgərlə bərabər səngərə girə bilmədi. Yaxşı ki, girə bilmədi. Yazıçının, jurnalistin səngərə girməsinin bəzən xəyanətə bərabər mənfi cəhətlərini mən televiziya rəhbəri olaraq Birinci Qarabağ müharibəsində çox görmüşəm. Bu, ayrı mövzudur”.
Yazıçı əlavə edib ki, bizim müharibədən yazıçımıza telefakt kimi qalan bir şəhidlər mövzusudur, bir də qazi xatirələri. Qazi xatirələrindən Şoloxov kimi “İnsanın taleyi” povestini yazmaq üçün də müəllif olaraq cəbhələrdən keçmək və yəqin ki, öncə “Don hekayələri”ni yazmaq lazım idi. Şəhidlər mövzusu müqəddəsdir: “Burada, necə deyərlər, hər kəsdən bacarığına görə, hər kəsə istedadına görə, prinsipi ilə davranmaq lazımdır. Heç kimə bu mövzuda istər bədii, istərsə də sənədli əsər yazmağı qadağan etmək olmaz. Bu, bir növ, ümumxalq yaddaşının inikasıdır. Bu gün də, sabah da aktual olacaq. Ancaq bu, azömürlü ədəbiyyatdır. Böyük ədəbiyyatın aparıcı mövzusu həmişə insan, onun mənəvi-psixoloji aləmi və axtarışları olub. Uniforma geyinmiş insan vəzifə icraçısıdır, bəzən müvəqqəti, bəzən də daimi: məsələn, Mehdi Hüseynzadə və qanun naminə döyüşən Mehman. Qlobal bəşəri dəyərləri tam əhatə etmək məsələsində onlar müəyyən mənəvi məhdudiyyətlərlə felən üz-üzədir. Onlardan Qraf Montekristo, Martin İden, Alyoşa Karamazov, heç Pyer Bezuxov da yaratmaq mümkün deyil. Bu yerdə biz yenə də ədəbiyyatın, ümumiyyətlə, incəsənətin əsas meyarı olan istedad amilinə qayıtmaq məcburiyyətindəyik. Hər bir istedadlı əsər, hətta şəhidlər, işğal və sair məsələlərinə toxunmasa belə, əgər o həqiqətən istedadın törəməsidirsə, deməli, əsl vətəndaşlıq mövqeyinin ifadəsi və ifadəsiçisidir. Yazıçıdan tələb olunan yeganə nəticə və məhsul dəyərli bədii əsərdir. Əgər ortada əsər varsa, sən o yazıçıdan daha nə tələb etməlisən ki?! Sovet hökuməti istedadlı yazıçıları öz tərəfinə çəkmək üçün onlara hər cür güzəştlər, maddi imkanlar yaradırdı. İndi sovet hökumətindən qalan bütün mənəvi xarabalıqlarda məsələ ayrı cürdür. Necədir, özünüz bilirsiniz”.
Oğuz Ayvaz
"AzPolitika.info"


Şərhlər