Şəhərlərdə yağan yağış sularının böyük hissəsi kanalizasiya sistemlərinə yönəldilir və əksər hallarda təkrar istifadə olunmadan itirilir. Halbuki düzgün qurulmuş infrastruktur vasitəsilə bu sulardan yaşıllıqların suvarılmasında, texniki ehtiyacların qarşılanmasında və su ehtiyatlarının qorunmasında istifadə etmək mümkündür. Xüsusilə su qıtlığının aktual olduğu Azərbaycanda yağış sularının toplanması və istifadəsi məsələsi daha böyük əhəmiyyət daşıyır.
Bir çox ölkələrdə tətbiq olunan yağış suyu toplama sistemlərinin Azərbaycanda da genişləndirilməsi mümkündürmü? Şəhərlərdə yağış sularının toplanması və təkrar istifadəsi üçün hansı infrastruktur dəyişikliklərinə ehtiyac var? Bu istiqamətdə hansı beynəlxalq təcrübələrdən yararlanmaq olar?
Bu barədə “AzPolitika”ya açıqlamasında coğrafiya üzrə fəlsəfə doktoru, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, yağış sularının toplanaraq yenidən istifadəsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Bu istiqamətdə həm mütəxəssislər, həm də idarəçilər müxtəlif həll yolları üzərində düşünürlər.

Onun sözlərinə görə, yağış sularının toplanaraq bağların və parkların suvarılmasında istifadə edilməsi Bakıda içməli suya olan tələbatın azalmasına, xüsusilə suvarma məqsədilə bahalı içməli sudan istifadənin qarşısının alınmasına kömək edə bilər. Bu, eyni zamanda, içməli su istehlakçılarının daha keyfiyyətli və dayanıqlı su təminatına şərait yarada bilər: “Hazırda Bakıda yağış sularının toplanması və təkrar istifadəsi üçün zəruri infrastruktur mövcud deyil. Belə bir sistemin qurulması isə uzun müddət, hətta illər və ya onilliklər tələb edə bilər. Maliyyə imkanlarının və yaxşı hazırlanmış planların olması belə bu infrastrukturu qısa müddətdə yaratmağa imkan vermir”.

Ekspert qeyd edib ki, Bakıda yağış sularının toplanması sistemi qurulmalıdır: “Bunun üçün yollar boyunca, şəhərin müxtəlif ərazilərini əhatə edən yeraltı toplama şəbəkələrinin inşa edilməsi vacibdir. Bu, çətin və mürəkkəb proses olsa da, gələcəkdə yağış sularının idarə olunması ilə bağlı ciddi müzakirələr aparılmalı, yeni yanaşmalar irəli sürülməli və onların həyata keçirilməsi nəzərdən keçirilməlidir”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər