"Birinci oxunuşda müzakirəyə çıxarılan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanun layihəsi gömrük orqanlarında kadrların xidmət üzrə başqa vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməklə, rotasiya institutunun tətbiqi üçün zəruri normativ-hüquqi bazanın yaradılması məqsədilə hazırlanmışdır..."
"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışında bəyan edib.
Millət vəkili çıxışında qryd edib ki, qanun layihəsi mahiyyət etibarilə təkcə kadr prosedurlarının müəyyənləşdirilməsini deyil, həmçinin gömrük sistemində peşəkar idarəetmənin təkmilləşdirilməsini, xidməti intizamın möhkəmləndirilməsini, institusional çevikliyin artırılmasını və korrupsiya risklərinin profilaktikasını nəzərdə tutur: "Eyni zamanda bildirmək istərdik ki, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”da rotasiyanın tətbiqi, Strategiyanın icrasına dair Fəaliyyət Planında normativ-hüquqi bazanın formalaşdırılması, Nazirlər Kabinetinin müvafiq Qərarında isə bu sahədə Qaydalar təsbit olunmuşdur. Bununla da rotasiya dövlət qulluğu siyasətində nəzəri müddəadan praktiki tətbiq olunan normativ-təşkilati mexanizmə çevrilmişdir.
Gömrük orqanları dövlət qulluğunun xüsusi növü hesab edildiyi üçün bu sahədə aparılan siyasətin həyata keçirilməsi gömrük xidmətinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hüquqi tənzimləmə tələb edir. Təqdim edilən qanun layihəsi də ümumdövlət islahatlarının bu sahədə məntiqi və ardıcıl davamıdır.
Gömrük orqanlarında rotasiya mexanizminin formalaşdırılmasının əsas məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının vahidləşdirilməsi, yeni səriştələrin qazandırılması və eyni vəzifədə uzunmüddətli fəaliyyətin doğura biləcəyi mənfi nəticələrin (korrupsiya riskləri, peşə tükənmişliyi və s.) qarşısının alınmasıdır. Bu yanaşma beynəlxalq gömrük idarəçiliyi təcrübəsinə tam uyğundur. Gömrük orqanlarının çoxşaxəli funksiyaları və ərazi strukturlarının spesifik iş təcrübəsi kadr potensialının davamlı inkişafı baxımından rotasiyanın tətbiqini zəruri edir.
Rotasiya-xidməti zərurətdən, vəzifələrin xarakterindən və əməkdaşların peşəkar keyfiyyətlərindən çıxış edilməklə vəzifəli şəxsin bir vəzifədən digərinə planlı və hüquqi cəhətdən əsaslandırılmış qaydada keçirilməsidir.
Məlumdur ki, qüvvədə olan Əsasnamənin 52-ci maddəsi qulluq yerinin və ya vəzifənin dəyişdirilməsini ümumi qaydada vəzifəli şəxsin razılığı ilə şərtləndirir, 53-cü maddəsi isə başqa işə keçirilmənin əsaslarını müəyyən edir. Lakin mövcud müddəalar rotasiyanı ayrıca hüquqi əsas kimi nəzərdə tutmur, eləcə də əməkdaşın öz təşəbbüsü ilə baş verən yerdəyişmələrlə xidməti zərurətdən və qanunvericilikdə göstərilən digər obyektiv səbəblərdən irəli gələn dəyişikliklər arasında dəqiq sərhəd qoymur. Nəticədə rotasiya prinsipi ilə onun tətbiqi mexanizmi arasında hüquqi boşluq yaranır.
Təklif olunan dəyişikliklər bu boşluğu bir-biri ilə əlaqəli üç hüquqi mexanizm vasitəsilə aradan qaldırır: Belə ki, 52-ci maddə vəzifəli şəxsin razılığının hansı hallarda mütləq tələb olunduğunu dəqiq təsbit edir; 53-cü maddə başqa işə keçirilmənin əsaslarını yenidən sistemləşdirir və rotasiyanı müstəqil hüquqi əsas kimi tanıyır; 53-1-ci maddə isə rotasiyanın həyata keçirilməsi prosedurunun gömrük xidmətinin spesifik xüsusiyyətlərinə uyğun ayrıca qayda ilə tənzimlənməsinə hüquqi əsas yaradır.
Beləliklə, dövlət qulluğu sahəsində formalaşmış ümumi prinsiplər nəzərə alınmaqla, gömrük sisteminin xüsusi rütbə, ixtisaslaşma, ərazi bölgüsü və fəaliyyətin fasiləsizliyi kimi özünəməxsus cəhətlərinə cavab verən fərdi qaydaların qəbulu üçün zəruri normativ baza yaradılır. Sözügedən dəyişikliklər rotasiyanın vahid meyarlar əsasında, sistemli və mütəmadi icrasına şərait yaradacaqdır.
Qeyd olunanlar bir daha göstərir ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 52-ci və 53-cü maddələrinin yeni redaksiyada verilməsi, habelə 53-1-ci maddənin əlavə edilməsi gömrük orqanlarında xidmət münasibətlərinin hüquqi müəyyənliyini gücləndirən və ölkə Prezidentinin dövlət qulluğunun inkişafına dair müəyyən etdiyi siyasətin xüsusi gömrük xidmətində davam etdirilməsini təmin edən zəruri və məqsədəuyğun qanunvericilik təşəbbüsü tədbiridir.
Yekun olaraq qeyd edim ki, qanun layihəsinin təsdiqi dövlət qulluğundakı strateji hədəflərin gömrük sistemində tətbiqinə, kadrların ixtisas səviyyəsinin yüksəldilməsinə, təcrübə mübadiləsinə və işin müasir tələblər səviyyəsində qurulmasına hüquqi əsas yaradacaqdır.
Hörmətli deputatlar, çıxışımın sonunda qanun layihəsinə birinci oxunuşda səs verməyinizi Sizdən xahiş edirəm".
"AzPolitika.info


Şərhlər