Böyük Britaniya Rusiya enerji daşıyıcılarının daşınması üzrə dəniz xidmətlərinə tətbiq edilən məhdudiyyətləri genişləndirmək imkanını nəzərdən keçirir.
"AzPolitika" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend parlamentin İcmalar Palatasının xarici işlər komitəsində deputatların suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, 2027-ci il yanvarın 1-dən etibarən Birləşmiş Krallıqda Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) dəniz yolu ilə daşınmasına qoyulan qadağa qüvvəyə minəcək.
"Bununla yanaşı, neftlə bağlı dəniz xidmətlərinə də qadağa tətbiq etmək mümkündürmü? Bu, hazırda nəzərdən keçirdiyimiz əsas məsələlərdən biridir", – deyən nazir Rusiya kömürünün daşınmasına məhdudiyyət qoyulmasını da istisna etməyib: "Kömür Rusiyaya neftlə müqayisədə xeyli az gəlir gətirir, lakin bu məsələni də araşdırmaq lazımdır".
Ed Milibend həmçinin rəsmi Londonun Moskva ilə dövlət başçıları və ya xarici siyasət idarələri səviyyəsində dialoqu bərpa etmək niyyətində olmadığını açıqlayıb.
"Rusiya ilə münasibətlər məsələsində Avropa ölkələri ilə baxışlarımız fərqlənir. Moskvada səfirimiz fəaliyyət göstərsə də, Rusiya hakimiyyəti ilə birbaşa təmas saxlamırıq", – deyə o vurğulayıb.
Nazir Londonun bu siyasi kursa sadiq qalacağını, eyni zamanda Ukrayna və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlarda fəal iştirak edəcəyini qeyd edib.


Şərhlər