Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə hazır olduğunu bildirib.
"AzPolitika" xəbər verir ki, A.Lukaşenko bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
“Volodimir Zelenski ilə birlikdə oturub Moskvaya uça bilərik. İkimiz. Mən onun təhlükəsizliyinin təminatçısı kimi onunla bir təyyarəyə minib Moskvaya gedə bilərəm”, – deyə Belarus lideri qeyd edib.
Lukaşenko belə bir danışıqlar formatının müsbət nəticə verəcəyinə əminliyini ifadə edib. Onun fikrincə, bu halda müharibənin dayandırılması və gələcək münasibətlərin qurulması ilə bağlı avropalılarla müqayisədə daha tez razılığa gəlmək mümkündür:
“Onsuz da Ukrayna, Belarus və Rusiyanın gələcəyini üçümüz müəyyən edəcəyik. Biz üç slavyan xalqıyıq. Tarixən də, indi də bu regionda gələcəkdə necə yaşayacağımıza dair qərarı bu üç əsas slavyan xalqı verəcək”.
Jurnalistlərdən birinin Zelenskinin belə bir danışıqlar formatına razı olmayacağı barədə sualına isə Lukaşenko sərt cavab verib:
“Razılaşmasa, qoy döyüşsün. Qoy özü avtomat götürüb cəbhəyə getsin və vuruşsun. Müharibə gedir, onu dayandırmaq lazımdır. Biz isə razılığa gələ bilərdik”.


Şərhlər