İşğaldan azad edilən ərazilərdə "Böyük Qayıdış" prosesi davam etdikcə doğma yurdlarına qayıdan sakinlərin məşğulluq məsələsi də aktuallaşır. Yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi və müəssisələrin fəaliyyətə başlaması müəyyən iş imkanları yaratsa da, bunun qayıdan əhalinin tələbatını nə dərəcədə qarşıladığı sual doğurur. Xüsusilə əmək qabiliyyətli sakinlərin daimi işlə təmin olunması, özəl sektorun bölgəyə cəlb edilməsi və kənd təsərrüfatı ilə digər iqtisadi sahələrin inkişafı mühüm əhəmiyyət daşıyır.
Bəs işğaldan azad edilən ərazilərdə yaradılan yeni iş yerləri qayıdan sakinlərin məşğulluğu üçün kifayət edirmi? Bölgədə dayanıqlı məşğulluğu təmin etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Böyük Qayıdış prosesi geniş miqyasda və sürətlə həyata keçirilir. Demək olar ki, bütün rayon və şəhərlərə əhalinin köçürülməsi davam edir: "Xüsusilə, Ağdam şəhərində ciddi canlanma müşahidə olunur; insanların doğma yurdlarına qayıdışı sürətləndikcə şəhərin əvvəlki həyatı və ab-havası da yenidən bərpa edilir. Son günlərdə keçirilən Ağdam Şəhər Günü bir daha göstərdi ki, şəhərdə əhalinin sayı artıb, sakinlər yüksək əhval-ruhiyyədədirlər və öz gündəlik işləri ilə məşğuldurlar. Eyni canlanma prosesi Füzulidə, Kəlbəcərdə və azad edilən digər bölgələrdə də gedir. İnsanlar köçür, məskunlaşır, öz həyatlarını və təsərrüfatlarını qururlar. Hazırkı mərhələdə ən vacib məsələlərdən biri qayıdan əhalinin işlə təmin olunmasıdır. Bu sahədə həm obyektiv, həm də subyektiv amillərin təsiri ilə müəyyən çətinliklər yaşanır. Obyektiv çətinlik ondan ibarətdir ki, köçürülən əhalinin sayına tam uyğun və bərabər şəkildə qısa zamanda iş yerlərinin yaradılması mürəkkəb prosesdir. Subyektiv tərəf isə yerlərdə çalışan bəzi məmurların öz vəzifə borclarına kifayət qədər vicdanla yanaşmaması ilə bağlıdır. Belə ki, məmurların müəyyən hissəsi insanların müraciətlərinə vaxtında cavab vermir, kiçik də olsa iş sahələrinin və təsərrüfatların qurulmasına lazımi şərait yaratmır, sakinləri müvafiq sahələr üzrə fəaliyyətə cəlb etmirlər. Bununla belə, müsbət təcrübələr də mövcuddur. Məsələn, Ağdam rayonunda özəl sektorun inkişafına ciddi dəstək göstərilir; müraciət edən vətəndaşlar dərhal diqqətə alınır, onlara müvafiq yerlər ayrılır və hər kəs öz sahəsi üzrə istehsal və ya xidmət obyektləri yaradaraq tədricən iqtisadi dövriyyəsini formalaşdırır. Bununla yanaşı, bölgədə 200-500 nəfərin çalışa biləcəyi iri müəssisələrin yaradılmasına da ciddi diqqət yetirilməlidir və bu istiqamətdə müvafiq işlər aparılır".

Ekspertin sözlərinə görə, mövcud çətinliklərin aradan qaldırılması üçün ilk növbədə məmurlar öz səlahiyyətlərinə və vəzifələrinə diqqətlə yanaşmalıdırlar: "Eyni zamanda vətəndaşlar da iş yerləri ilə bağlı tələblərini irəli sürərkən və öz işlərini qurarkən düzgün, qanuni yollarla hərəkət etməlidirlər. Məmur məsuliyyəti ilə vətəndaşların qanun çərçivəsindəki təşəbbüskarlığı qarşılıqlı şəkildə uzlaşdıqda, bölgədəki məşğulluq məsələləri tədricən öz həllini tapacaq".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər