Menu

TƏHSİL BİR NÖMRƏLİ PRİORİTETDİR - Milli təhsilin gələcəyinə konseptual baxış

04.10.2026, 19:04
TƏHSİL BİR NÖMRƏLİ PRİORİTETDİR - Milli təhsilin gələcəyinə konseptual baxış

İlham Əhmədov

ADPU-nin dosenti

pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti 

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında ölkənin gələcəyi baxımından vacib fikir söyləmişdir: Təhsil bir nömrəli prioritetdir. Prezident bu haqda danışarkən, qarşıdakı məqsədlərə çatmaq üçün keyfiyyətli insan kapitalının əhəmiyyətini xüsusi vurğulayıb və 2003-cü ildə “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını bəyan edərkən ölkə iqtisadiyyatı üçün insan kapitalının əhəmiyyətini xüsusi qeyd etmişdi. Bu yanaşma 21-ci əsrdə çox aktualdır: investisiya, texnologiya, enerji, rəqəmsal infrastruktur və coğrafi üstünlüklər iqtisadi inkişaf üçün mühüm resurslardır, lakin bütün bu resursları iqtisadi və sosial dəyərə çevirən əsas güc insandır. Deməli, təhsil artıq yalnız sosial siyasət məsələsi deyil, həm də milli inkişafın əsasıdır.

Prezidentin təhsili prioritet sahə elan etməsinin davamı ilə müvafiq icra hakimiyyətinin (ETN) bu tapşırığı milli nəticəyə çevirməsi, təhsil idarəetməsinin müasir modelini yaratması zəruridir.

“Bir nömrəli prioritet” ifadəsi nə deyir?

Bu, adi siyasi tezis və ya ictimaiyyətə verilən mesaj deyil. Bu ifadənin arxasında dövlətinin gələcək inkişaf modelinə dair çox mühüm bir məntiq dayanır: ölkənin gələcək iqtisadi gücü, rəqabətqabiliyyətliliyi, texnoloji inkişafı, insan rifahı və milli təhlükəsizliyi son nəticədə insan kapitalının keyfiyyətindən asılıdır. Təhsil “bir nömrəli prioritet”dirsə, bu sahəni konkret olaraq necə idarə etmək, maliyyələşdirmək, ölçmək və qiymətləndirmək lazımdır?

Bu məsələlərdə ETN –nin rolu mühüm olmalıdır. Lakin təhsilin inkişafı tək ETN-dən yox, həm də hökumət, parlament, əmək bazarı, ailə, bələdiyyələr, universitetlər, məktəblər, müəllimlər, biznes, elm ictimaiyyəti və vətəndaş cəmiyyətindən də asılıdır. Bununla belə təhsil siyasətini formalaşdıran, standartları müəyyən edən, resursları istiqamətləndirən, keyfiyyəti ölçən və nəticələrə görə idarəetmə mexanizmlərini quran mərkəzi qurum kimi ETN-nin rolu strateji əhəmiyyət daşıyır. Bu səbəblərdən “təhsil bir nömrəli prioritetdir” tezisi ETN-dən yeni reallığa- ölkədə həyata keçirilən rəqəmsal transformasiya və innovativ inkişaf siyasətinə uyğun idarəetmə fəlsəfəsi formalaşdırmağı tələb edir. Bu fəlsəfə təhsili prioritet kimi elan etməkdən yekin nəticəni idarə etməyə, tədbirlər siyahısından milli nəticələr sisteminə, inzibati nəzarətdən ağıllı idarəetməyə keçidi əhatə etməlidir.

Təhsildə uğur nədir?

Təhsil sistemində ən ciddi problemlərdən biri “fəaliyyət” ilə “nəticə”nin qarışdırılmasıdır. Belə ki, məktəb tikmək, dərslik çap etmək, müəllimləri təlimə göndərmək, kompüter almaq, yeni proqram qəbul etmək fəaliyyətdir. Amma bunların heç biri özlüyündə təhsilin keyfiyyətinin yüksəldiyini hələ sübut etmir.

Təhsildə nəticə şagird inkişafı ilə, yəni şagird daha yaxşı oxuyurmu, riyazi düşünürmü, elmi savadlılığı yüksəlirmi, problem həll edə bilirmi, müstəqil düşünürmü və ya universitet məzunu əmək bazarında tələb olunan səriştəyə malikdirmi, müəllim səmərəli təlim yarada bilirmi, tədqiqat universitetləri real elmi və iqtisadi dəyər yarada bilirmi kimi məsələlərlə müəyyən edilir. Beləliklə, ETN-nin idarəetmə fəlsəfəsində əsas prinsip hər tədbirin arxasında ölçülə bilən nəticənin olmasıdır.

ETN nəticə əsaslı təhsil idarəetmə modelinə keçməlidir

Azərbaycanın təhsil siyasətində növbəti mərhələnin əsas vəzifəsi nəticəəsaslı idarəetmə olmalıdır. Belə modeldə hər səviyyə üçün aydın nəticələr müəyyənləşdirilməlidir. Məsələn, məktəbəqədər təhsildə uşağın məktəb hazırlığı, ümumi təhsildə məzunun hansı bilik və səriştələrə malik olması, peşə təhsilində məzunun hansı peşə bacarıqları ilə əmək bazarına daxil olması, ali təhsildə məzunun hansı peşə, tədqiqat və innovasiya səriştələrinə malik olması, elm sahəsində tədqiqatların hansı elmi, texnoloji və iqtisadi nəticəni yaratması konkretləşməlidir. Belə sistemdə hər pillə üçün “öyrənmə nəticələri pasportu” yaradılmalıdır. Bu yanaşma təhsil idarəetməsində ciddi dönüş yarada bilər.

“Milli öyrənmə nəticələri” sistemi yaradılmalıdır

ETN-nin strateji vəzifələrindən biri təhsilin bütün pillələri üzrə “Milli öyrənmə nəticələri çərçivəsi”nin yaradılması ola bilərdi. Bu çərçivə yalnız fənn biliklərindən ibarət olmamalıdır. Müasir dünyada məzunun tənqidi düşünməsi, problem həll etməsi, ünsiyyət bacarığı, yaradıcılığı, əməkdaşlıq qabiliyyəti, rəqəmsal savadlılığı, süni intellekt savadlılığı, informasiya və media savadlılığı, tədqiqat bacarığı, sahibkarlıq düşüncəsi də ölçülməlidir.

Xüsusilə süni intellekt dövründə “şagird nə bilir?” sualı ilə yanaşı, həm də “şagird bu bilik əsasında nə edə bilir?” sualı da vacibdir. PISA-nın əsas məntiqi də məhz bilik və bacarıqların real həyat situasiyalarında tətbiqini ölçməkdir.

Müəllim hazırlığı islahatların mərkəzinə keçməlidir

Heç bir təhsil sistemi öz müəlliminin keyfiyyətindən daha yüksək nəticə göstərə bilməz. Bu, təhsil siyasətində mühüm prinsiplərdən biridir. Ona görə də müəllim hazırlığı məsələsinə yalnız “ixtisasartırma kursları” prizmasından baxmaq kifayət deyil.

Müəllim siyasəti bütöv ekosistem kimi qurulmalıdır: seçim, hazırlıq, məktəbə giriş, mentorluq, peşəkar inkişaf, karyera, qiymətləndirmə, motivasiya, liderlik.

Gənc müəllim məktəbə daxil olduqda onu sinifdə tənha buraxmaq olmaz. İlk iki ildə mentor müəllim sistemi olmalıdır. Müəllimin peşəkar inkişafı ildə bir neçə seminarla məhdudlaşmamalıdır. Ən səmərəli model davamlı, praktik və məktəb daxilində həyata keçirilən peşəkar öyrənmə modelidir. Müəllim öz dərsini təhlil etməli, həmkarının dərsini müşahidə etməli, yeni metodları sınaqdan keçirməli, nəticəni ölçməli və yenidən təkmilləşdirməlidir. Amma bunlarla yanaşı təhsilin nəticələrinə görə bütün məsuliyyəti tam olaraq müəllimin üzərinə qoymaq da olmaz. Müəllim özü də bu sistemin yetirməsidir.

Müəllimin yeni rolu

Süni intellekt müəllim peşəsini ciddi şəkildə dəyişdirir. Artıq Sİ məzmun yaradır, tapşırıq hazırlayır, fərdi izah verir, test yaradır, şagird cavablarını ilkin analiz edir, fərdi təlim materialları hazırlayır. Bu şəraitdə müəllimin əsas üstünlüyü məlumatı ötürmək deyil. Müəllim artıq öyrənmə mühiti yaradan, şagird motivasiyasını formalaşdıran, düşünməni istiqamətləndirən, sosial və emosional inkişafı dəstəkləyən, etik qərarları izah edən peşəkar olmalıdır. İndi müəllimin yeni rolu formalaşır. “Dərs deyən” müəllimdən, “öyrənməni layihələndirən” müəllimə keçid baş verir.

UNESCO-nun Sİ üzrə müəllim səriştələri çərçivəsində də insan mərkəzli yanaşma, Sİ etikası, Sİ-nin əsasları və tətbiqləri, Sİ pedaqogikası və peşəkar inkişaf ayrıca səriştə kimi müəyyənləşdirilir. Azərbaycan üçün də milli “Sİ dövrünün müəllimi” səriştə modeli hazırlanması məqsədəuyğun olardı.

Məktəbin idarəedilməsi...

Müasir məktəbin direktoru yalnız inzibati rəhbər deyil, eyni zamanda təhsil lideri, insan resursları meneceri, data analitiki, dəyişiklik rəhbəri və məktəb–icma münasibətlərinin təşkilatçısı olmalıdır. Buna görə direktor hazırlığında ayrıca “Məktəb liderliyi akademiyası” modelinin yaradılması məqsədəuyğun görünür.

Direktor məktəbin məlumatlarını təhlil etməyi, müəllimlərin peşəkar inkişafını dəstəkləməyi, məktəbin inkişaf planını hazırlamağı, maliyyəni idarə etməyi, valideynlərlə işləməyi, riskləri müəyyənləşdirməyi və rəqəmsal alətlərdən səmərəli istifadəni bacarmalıdır. Bu yanaşma məktəbi yalnız inzibati qaydaların icra olunduğu müəssisədən inkişaf edən və öyrənən təşkilata çevirə bilər.

Eyni prinsip maliyyə idarəçiliyinə də aiddir. 2026–2027-ci tədris ilindən dövlət ümumtəhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin mərhələli tətbiqi mühüm idarəetmə dəyişikliklərindən biridir. Lakin maliyyənin yalnız şagird sayına görə bölüşdürülməsi kifayət deyil. Ucqar kənd məktəbinin, şəhər məktəbinin, inklüziv təhsil həyata keçirən və xüsusi dəstəyə ehtiyacı olan şagirdlərin təhsil aldığı məktəbin ehtiyacları eyni deyil. Buna görə gələcək maliyyələşmə modelinin baza maliyyəsi, ehtiyac əsaslı maliyyə, strateji nəticələr üçün əlavə maliyyə prinsipinə doğru inkişaf etdirilməsi nəzərdən keçirilə bilər. Burada məqsəd sadəcə vəsaitin ədalətli bölüşdürülməsi deyil, təhsil imkanları və nəticələri arasındakı fərqlərin azaldılması olmalıdır.

Keyfiyyət fərqləri azaldılmalı, təhsil data əsaslı idarə olunmalıdır

Azərbaycan təhsil sisteminin mühüm problemlərindən biri regionlar arasında nəticə fərqləridir. Bakıda yerləşən məktəblə ucqar kənd məktəbinin imkanları eyni olmadığından, onların nəticələrini yalnız eyni meyarla qiymətləndirmək kifayət etmir.

Bu baxımdan məktəblər arasında nəticə fərqinin azaldılması üzrə milli proqram hazırlana bilər. Ən zəif nəticə göstərən məktəblər müəyyənləşdirilməli, problemlərin səbəbləri araşdırılmalı, həmin məktəblərə əlavə maliyyə və müəllim resursları yönəldilməli, mentor məktəblər formalaşdırılmalı, rəqəmsal imkanlar genişləndirilməli və nəticələr hər il ölçülməlidir. Belə yanaşma “hamıya eyni resurs” prinsipindən “ehtiyacı olana daha çox dəstək” prinsipinə keçid deməkdir. Bunun üçün isə təhsil idarəçiliyində məlumatın rolu əsaslı şəkildə artırılmalıdır. Şagird, müəllim, məktəb, qiymətləndirmə, davamiyyət, öyrənmə nəticələri, maliyyə, məzunlar, əmək bazarı, ali və peşə təhsili haqqında məlumatları əlaqələndirən Milli Təhsil Data Platforması yaradılması mühüm addım ola bilər.

Data yalnız hesabat hazırlamaq üçün toplanmamalıdır. O, qərarvermə mexanizminə çevrilməlidir. Məsələn, müəyyən rayonda riyaziyyat nəticələri aşağıdırsa, bunun müəllim çatışmazlığı, metodika, dərslik, məktəb rəhbərliyi və ya sosial-iqtisadi amillərlə bağlı olub-olmadığını müəyyənləşdirmək mümkün olmalıdır.

Beləliklə, Elm və Təhsil Nazirliyi tədricən məlumat və analitika əsasında qərar qəbul edən idarəetmə modelinə keçə bilər. Bu prosesdə ictimai hesabatlılıq da mühüm əhəmiyyət daşıyır. Cəmiyyət hər tədris ilinin sonunda haqlı olaraq “Bu il nə dəyişdi?” sualını verə bilməlidir. Nazirliyin cavabı isə yalnız görülən tədbirlərin siyahısı deyil, əldə olunan nəticələrin təhlili olmalıdır. Bu məqsədlə “Azərbaycan təhsilinin illik milli hesabatı” hazırlana bilər.

Süni intellekt və çevik kurikulum: yeni təhsil modeli

Süni intellekt artıq gələcəyin deyil, bu günün texnologiyasıdır. Buna görə təhsil sistemində Sİ ilə bağlı ayrı-ayrı layihələr kifayət etmir. Milli Sİ və təhsil strategiyasının, yaxud daha geniş mənada milli rəqəmsal transformasiya strategiyasının hazırlanmasına ehtiyac var.

Belə strategiya Sİ savadlılığını, müəllimlərin Sİ-dən tədrisdə istifadəsini, akademik dürüstlük və müəlliflik məsələlərini, məxfilik və insan nəzarətini, təhlükəsiz rəqəmsal infrastrukturu, Sİ əsaslı qiymətləndirməni, müəllim köməkçisi sistemlərini, universitetlərdə Sİ və data elmi laboratoriyalarını əhatə edə bilər.

Xüsusilə Azərbaycan dilində milli təhsil üçün böyük dil modellərinin və bilik sistemlərinin yaradılması perspektiv məsələ kimi nəzərdən keçirilməlidir.

Sİ-nin meydana çıxması kurikulumlara da yeni yanaşma tələb edir. Beş-altı il əvvəl hazırlanmış proqramla uzun müddət dəyişmədən işləmək getdikcə çətinləşir. Kurikulumlar müəyyən dövrdən bir audit, pilot, qiymətləndirmə, yenilənmə mərhələlərindən keçməlidir.

Əsas məqsəd şagirdə mümkün qədər çox fakt əzbərlətmək deyil, həmin biliklərdən düşünmək, müqayisə etmək, problem həll etmək və real həyatda istifadə etmək bacarığı yaratmaqdır.

Bu baxımdan oxu-anlama və riyazi düşünmə xüsusi əhəmiyyət daşıyır. Oxuduğunu anlamayan şagird digər fənləri də lazımi səviyyədə mənimsəyə bilmir. Riyazi düşünmənin zəifliyi isə yalnız riyaziyyatda deyil, statistika, informatika, iqtisadiyyat və gündəlik qərarvermədə də özünü göstərir.

Ona görə Milli Oxu-Anlama Proqramı və Milli Riyazi Düşünmə Proqramı kimi uzunmüddətli təşəbbüslər təhsil siyasətinin əsas istiqamətlərindən birinə çevrilə bilər.

Ali təhsil: diplomdan insan kapitalina, elmi nəticədən innovasiyaya
“Təhsil bir nömrəli prioritetdir” tezisi ali təhsilə münasibətdə də yeni yanaşma tələb edir. Universitetin uğuru yalnız tələbə və diplom sayı ilə ölçülməməlidir. Məzunların əmək bazarında mövqeyi, işəgötürənlərin məmnunluğu, tədqiqat nəticələri, patentlər, startaplar, beynəlxalq layihələr, sənaye əməkdaşlığı və tələbə innovasiyaları da mühüm göstəricilərdir.

Başqa sözlə, universitetin əsas nəticəsi “neçə məzun oldu?” sualından daha çox “nə qədər yüksək keyfiyyətli insan kapitalı formalaşdı?” sualı ilə ölçülməlidir.

Azərbaycan iqtisadiyyatının növbəti mərhələsində universitetlər yalnız kadr hazırlayan müəssisələr deyil, elm, texnologiya, innovasiya, sahibkarlıq və sənayenin birləşdiyi mərkəzlərə çevrilməlidir.

Bu baxımdan tədqiqat universitetlərinə keçid məsələsi xüsusi diqqət tələb edir. Rəqabətli tədqiqat qrantları, doktorantura və postdoktor proqramları, sənaye ilə birgə laboratoriyalar, texnologiya transfer ofisləri və universitet startaplarının dəstəklənməsi üçün sistemli mexanizmlər formalaşdırılmalıdır.

Elm və təhsilin vəhdəti də məhz burada özünü göstərir. Universitet–tədqiqat–məktəb–innovativ pedaqogika–nəticə–yeni tədqiqat zənciri yaradılmalıdır. Pedaqoji universitetlər yalnız müəllim diplomu verən müəssisələr kimi deyil, həm də təhsil elmləri, müəllim hazırlığı, məktəb laboratoriyaları, Sİ pedaqogikası və təhsil analitikası mərkəzləri kimi fəaliyyət göstərə bilərlər.

Bu prosesdə pilot layihə mədəniyyəti də mühüm əhəmiyyət daşıyır. Böyük dəyişiklikləri birbaşa bütün sistemə tətbiq etməkdənsə, əvvəlcə müəyyən məktəblərdə və regionlarda sınaqdan keçirmək, nəticələri ölçmək və yalnız bundan sonra genişləndirmək daha sistemli idarəetmə imkanı yaradır.

“Bir nömrəli prioritetdən bir nömrəli nəticəyə”

Bütün bu dəyişikliklər nəticə etibarilə təhsil idarəçiliyinin özünün yenilənməsini tələb edir. ETN yalnız məktəb və universitetlərə tapşırıqlar verən qurum deyil, daim öyrənən, məlumat toplayan, təhlil edən, eksperiment aparan və nəticələrdən nəticə çıxaran təşkilata çevrilməlidir. Bu məqsədlə təhsil siyasəti və analitikası üzrə güclü institusional imkanların yaradılması vacibdir. Belə strukturlar beynəlxalq müqayisələr, müəllim siyasəti, təhsil maliyyəsi, əmək bazarı, ali təhsil, süni intellekt və rəqəmsal transformasiya üzrə müstəqil analitik hesabatlar hazırlaya bilər.

Eyni zamanda valideyn və cəmiyyət də təhsilin tərəfdaşına çevrilməlidir. Valideyn yalnız uşağın neçə bal toplaması ilə deyil, onun nə öyrənməsi, müstəqil düşünməsi, problem həll etməsi, kitab oxuması və rəqəmsal imkanlardan düzgün istifadə etməsi ilə maraqlanmalıdır.

Növbəti onillik üçün təhsil siyasətinin əsas istiqamətlərini milli öyrənmə nəticələri sisteminin yaradılması, müəllim və məktəb rəhbərliyinin peşəkarlığının artırılması, data və analitika sisteminin qurulması, regionlararası keyfiyyət fərqinin azaldılması, rəqəmsal transformasiyanın sürətləndirilməsi, oxu-anlama və riyazi düşünmənin gücləndirilməsi, ali təhsilin insan kapitalı və innovasiya mərkəzinə çevrilməsi, elm–universitet–biznes əlaqələrinin genişləndirilməsi və şəffaf, nəticəəsaslı idarəetmənin qurulması təşkil etməlidir.

Bütün bunlarla yanaşı, təhsildə yeni KPI (Key Performance Indicator - Əsas Fəaliyyət Göstəricisi) sisteminə ehtiyac var. Nazirliyin fəaliyyəti keçirilən tədbirlərin sayı ilə deyil, 2030 və 2035-ci illər üçün müəyyən edilmiş konkret öyrənmə və kompetensiya nəticələri ilə ölçülməlidir. Bu nəticələr öyrənmə, kompetensiya, məşğulluq, innovasiya, məhsuldarlıq, sosial rifah zəncirində qiymətləndirilə bilər. Əslində təhsildə əsas olan məktəblərin sayı deyil, savadlı və düşünən insanların sayı; universitetlərin sayı deyil, yüksək səviyyəli insan kapitalı; diplomların sayı deyil, səriştəli məzunların sayı; elmi məqalələrin sayı deyil, elmi və texnoloji dəyər; rəqəmsal cihazların sayı deyil, rəqəmsal təhsilin keyfiyyətidir.

Deməli, “təhsil bir nömrəli prioritetdir” ifadəsinin əsl sınağı bundan sonra başlayır. Bu ifadəni siyasət sənədinə yazmaq, büdcə ayırmaq, yeni məktəb tikmək və yeni proqram qəbul etmək mümkündür. Lakin bütün bunların həqiqi nəticəsi on il sonra daha savadlı, düşünən, yaradıcı, peşəkar və innovativ nəslin formalaşmasında görünməlidir. Azərbaycan təhsilinin qarşısında duran əsas sual da bundan ibarətdir: fəaliyyətimiz nəticəsində şagirdin, tələbənin, müəllimin və tədqiqatçının real imkanları necə dəyişdi?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol