Çinarə Ağayeva,
Biznes məsləhətçi
Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr son günlər daha da intensivləşib. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. İlk baxışda bu qərar sadəcə nəqliyyat sıxlığını azaltmağa yönəlmiş inzibati addım kimi görünə bilər. Lakin məsələyə strateji baxdıqda, burada söhbət təkcə tıxacların azaldılmasından deyil, şəhərin iqtisadi fəaliyyət modelinin yenidən dizayn edilməsindən gedir.
Dünyanın aparıcı şəhərləri uzun illərdir ki, eyni problemlə üzləşirlər. Hamı eyni vaxtda işə gedir, eyni vaxtda işdən çıxır və nəticədə şəhər infrastrukturu maksimum yüklənir. Maraqlıdır ki, bu problemi həll etmək üçün milyardlarla dollar dəyərində yollar çəkməkdən daha ucuz və effektiv həll yollarından biri iş saatlarının fərqləndirilməsi olub.
Məsələn, Böyük Britaniyada London şəhərində bir sıra dövlət və özəl qurumlarda tətbiq edilən çevik iş saatları pik saatlarda nəqliyyat axınının balanslaşdırılmasına kömək edib.
Niderlandda isə bir çox şirkətlər əməkdaşlara işə başlama saatını müəyyən çərçivədə seçmək imkanı verir. Nəticədə həm işçi məmnuniyyəti artır, həm də şəhər nəqliyyat sisteminə düşən yük azalır. Əslində dəyişkən iş qrafiki nəqliyyat layihəsi deyil, idarəetmə layihəsidir. Çünki müasir biznes dünyasında məhsuldarlıq artıq işçinin neçə saat ofisdə oturması ilə deyil, hansı nəticə yaratması ilə ölçülür.
Bu yanaşma xüsusilə pandemiyadan sonra daha da güclənib. Bir çox beynəlxalq şirkətlər gördülər ki, hər kəsin saat 09:00-da iş masası arxasında olması məhsuldarlığın əsas göstəricisi deyil. Maraqlı məqamlardan biri də budur ki, dəyişkən iş qrafiki şəhər iqtisadiyyatına dolayı təsirlər yaradır. İnsanların fərqli saatlarda hərəkət etməsi restoran, kafe, pərakəndə satış və xidmət sektorunda müştəri axınının gün ərzində daha balanslı paylanmasına səbəb olur. Başqa sözlə, iqtisadi aktivlik bir neçə saatlıq pik dövrə sıxışdırılmır. Bununla yanaşı, dəyişiklik müəyyən çağırışlar da yarada bilər. Xüsusilə müxtəlif qurumlar arasında koordinasiya, xidmət göstərən sektorların uyğunlaşması və iş proseslərinin sinxronlaşdırılması vacib məsələlərdən olacaq.
Əgər dəyişkən iş qrafiki yalnız işə gəlmə saatının dəyişdirilməsi kimi qəbul edilərsə, gözlənilən effekt məhdud qala bilər. Bunun üçün rəqəmsallaşma, məsafədən iş imkanları və nəticəyönümlü idarəetmə mexanizmləri ilə paralel tətbiq vacibdir. Bakıda tətbiq olunması planlaşdırılan bu model əslində daha böyük transformasiyanın başlanğıcı ola bilər. Çünki gələcəyin şəhərləri daha çox yol çəkən deyil, mövcud resursları daha ağıllı idarə edən şəhərlər olacaq. Bu qərarın uğuru təkcə tıxacların neçə faiz azalması ilə ölçülməyəcək. Əsas göstərici işçilərin məhsuldarlığı, vətəndaşların vaxt itkisinin azalması, xidmət keyfiyyətinin yüksəlməsi və şəhərin ümumi həyat ritminin daha balanslı hala gəlməsi olacaq.

Şərhlər