Dünyada gedən siysi-iqtisadi prosesləri izləyəndə Çinin strateji hədəflərinin nədən ibarət olması xüsusilə maraq doğurur, çünki siyasi icmalçılar bu ölkəni ABŞ-nin yerini tuta biləcək yüksələn güc obrazında təqdim edirlər. Hərçənd ki, Çinin qlobal iqtisadi-maliyyə və yüksək texnologiyalar sahəsində ABŞ-ni ötüb keçməsi müşkül işdir. Lakin Pekin sakit gedişlərlə addım-addım istəyinə nail olmağa cəhd edir.
Pekində ABŞ-nin önünə keçməyin yeganə yolunu xammal və hazır məhsul istehsalında qlobal inhisarçıya çevrilməkdə görürlər. Məlumdur ki, nadir torpaq elementlərinin emalında Çin inhisarçıya çevrilib. Hazırda elektronika, elektrik avadanlıqları, telekomunikasiya və kompüter ixracı üzrə Çin ön möqedə dayanır. Yüksək texnologiyalar, Süni İntellekt, kosmik tədqiqatlar, proqram təminatı, maliyyə xidmətləri sahəsində isə ABŞ çox üstün durumdadır və oradakı investisiya nəhəngləri həmin seqmentlərə böyük pullar yatırırlar.
Pekinin başlıca hədəfi dünya bazarında bir neçə sektoru tamamilə öz ağuşuna almaqdır. Çin 2025-ci ildə dünya bazarına 3,78 trliyon dollar dəyərində mal ixrac edib ki, bunun da böyük hissəsi elektrik avadanlıqları və elktronika sektorunun payına düşür. Belə ki, Çin bu sektor üzrə 1 trilyon dollarlıq mal ixarc edib və bu, həmin sahədə qlobal bazarın 26 fazini təşkil edir.

Çinin ikinci ən böyük ixrac məhsulu sənaye avadanlıqlarıdır. Sonra isə təxminən 10 fazlik payla avtomobil və digər nəqliyyat vasitələrinin ixracı gəlir. Çində yaxşı anlayırlar ki, tekstil, oyuncaq, oyun məhsulları, mebel istehsalında bazar paylarının ən yüksək həddinə gəlib çıxıblar və burada inhisarçı olmaq qlobal strateji mübarizədə ciddi üstünlük verməyəcək. Digər yandan, elektronika sektorunda Çinin ABŞ, Tayvan, Yaponiya, Cənubi Koreya kimi çox ciddi rəqibləri var və burada da böyümək getdikcə çətinləşir. Məsələn, Çində fotoelekronika, optik elektronika sahəsinə iri maliyyə yatırımları qoymağın lüzumsuzluğunu dərk edirlər. Əvvəla, burada qlobal satış həcmi avtomobil ticarəti ilə müqaisədə xeyli azdır, ikincisi isə bu sahənin nəhəngi olan Yaponiya şirkətləri ilə rəqabət aparmaq obyektiv səbəblərə görə mümkünsüzdür.

Pekində yaxşı anlayırlar ki, əgər ixrac kateqoriyalarına aid sahələrə dövlət səviyyəsində böyük yatırımlar qoyulmazsa, şirkətlərin müstəqil şəkildə qlobal inhisarçıya çevrilməsi mümkün deyil. Bu mənada hazırda Çin dövləti avtomobil sənayesinin inkişaf etdirilməsinə xüsusi önəm verir. Çünki dünya iqtisadiyyatının real sektorunda avtomobil istehsalı ən qabaqcıl mövqedə dayanır. Artqı çoxdandır ki, avtomobil həyatın ən zəruri tələblərindən birinə dönüb. Sözsüz ki, texnologiya inkişaf etdikcə, avtomobil sənayesi də bundan yan keçməyəcək. İndi mexaniki baxımdan avtomobillər üzərində yeniliklər xüsusilə diqqət çəkir. Daxili yanma müharriki ilə işləyən avtomobilləri sürətlə hibrid və ya tam elektrikli bateriyalar əsasında işləyən avtomobilər əvəzləməyə başlayıb.

Dünya avtomobil sənayesinin illik həcmi (buraya ehtiyat hissələrinin istehsalı da daxildir) təxminən 4,5 trilyon dollardır və bu, qlobal iqtisadiyyatın 5 faizinə yaxındır. 2025-ci ildə dünyada 91 milyon avtomobil istehsal edilib ki, bunun da 34,5 milyonu Çinin payına düşür. Uzun illər ərzində Çin avtomobil sənayesi əsasən daxili bazara yönəlmişdi. Ancaq son on ildir ki, Çin avtomobilləri sürətlə dünya bazarına açılıblar və artıq keçən il 8,3 milyondan çox avtomobil ixrac ediblər. Müqayisə üçün deyək ki, Çin 2024- cü ildə 6 milyon avtomobil ixrac etmişdi. Çinin avtomobil sənayesi, xüsusən də elektrikli nəqliyyat vasitələri seqmentində qlobal liderə çevrilib. Belə bir sıçrayışlı artımın başlıca səbəbi bir başa dövlət siyasəti ilə bağlıdır.

Çin avtomobilləri dünya avtombil sənayesində liderlik edən avtokonserləri qısa zamanda ciddi surətdə sıxşdırmağı bacarıb. Dövlətin dəstəyi birbaşa maliyyə subsidiyası ilə məhdudlaşmır, əlavə olaraq ehtiyat hissələrinin hazırlanmasına da dəstək verilir və beləliklə, hər bir avtomobilə 6-7 min dollar yardım düşür. Əlbəttə, belə olan təqdirdə Çin avtomobilləri dünya bazarına yayılmaqda çətinlik çəkmir. Lakin dövlətin dəstəyini çıxsaq, görərik ki, faktiki olaraq bu avtomobillər ziyanına, yəni, əksər hallarda maya dəyərindən aşağı satılır.

Mütəxəssislərin hesablamlarına görə, son 10 il ərzində təkcə elektiromobil sektoruna dövlət tərəfindən 250 milyard dollardan artıq maliyyə dəstəyi olunub. Şübhəsiz ki, Çin avtomobilləri rəqiblərindən daha ucuz olduqları üçün dünya bazarında yaxşı tələb görürlər. Ancaq təhlükəsizlik və etibarlılıq cəhətdən Almaniya, Yaponiya, Fransa, Cənubi Koreya və ABŞ markalarından geri qalırlar.
Beynəlxalq təhlükəsizlik testlərində Çin maşınları Avropa anoloqlarından pis nəticə göstərirlər. Çinli mühəndislər avtomobilləri daha cazibədar etmək üçün onlara ağıllı idarəetmə sistemləri, müxtəlif innovativ funksiyalar yerinə yetirən qurğular yüklədiklərindən neqativ hadisələrin sayı çoxalır. Bəzi markalar istismar testlərini tez-tələsik həyata keçirirlər və lazımi servis şəbəkəsi qurmadan bazara məhsul buraxırlar.

Çinin daxili avtomobil bazarı tam dolma həddinə yaxınlaşır və ümumi artım sürəti yavaş gedir. Onlar xarici bazarı sürətlə öz avtomobilləri ilə doldurmağa çalışırlar. Baxmayaraq ki, şirkətlərin böyük kredit borcları yaranıb və bu kreditləri necə qaytaracaqları sual doğurur. BYD, Geely, SAIC Motor, Great Wall Motor şirkətləri kənardan gələn maliyyə axını sayəsində ayaq üstə dayanıblar.
Avtomobil sənayesində olduğu kimi, çinlilər gəmiqayırma sahəsində də Yaponiya və Cənibi Koreya ilə rəqabəti əsas etibarı ilə dövlət subsidiyasının köməyi ilə aparırlar. Çində xeyli sayda tərsanə var və burada müxtəlif tonnajlı gəmilər hazırlanır. Çin dövləti bu sahəni genişləndirmək və dünya bazarına çıxmaq məqəsədilə gəmiqayırma şirkətlərinə kreditlər verir, vergi güzəştləri tətbiq edir və infrastrukturun yaxşılaşdırılması, inkişafı üçün şərait yaradır. Bir tərəfdən pul, digər tərəfdən sifariş verir. Çin gəmi tikintisində lazım olan poladı, mühərrikləri və digər hissələrin əksəriyyətini özündə istehsal edir. Avtomobil sektorunda olduğu kimi gəmiqayırmada da Çin gəmiləri keyfiyyət baxımından Yaponiya və Cənubi Koreyadan geri qalır.
Çin eyni zamanda LNG (Mayeləşdirilmiş Təbii Qaz) tankerləri texnologiyasında Koreyadan hələ ki, geri qalır. Bununla belə hazırda Çin dünya gəmiqayrıma istehsalında 55 faizə sahibdir və onun sifarişləri getdikcə artır.
Çin iqtisadiyyatın bir neçə sektoru üzrə qlobal inhisarçıya çevrilmək və bununla da həmin sahələr üzrə dünyanı özündən asılı vəziyyətə salmaq niyyətindədir. Çin avtomobil sənayesində tam inhisara yiyələnməkdə həm də ona görə maraqlıdır ki, o, burada böyük üstünlük əldə etməklə yanaşı, bütün istehsal zəncirini özündə cəmləşdirməyi planlayır.

Düzdür, dövlətin avtomobil istehsalına yönəltdiyi milyardlarla dollarlıq kapital qoyuluşun özünü necə doğruldacağını zaman göstərəcək . Ancaq görünür ki, bu vəsaitlərin qaytarılmaması dövləti elə də dərindən narahat etmir. Onların ümdə məqsədi hələlik subsidiyaların səmərəliliyi yox, qlobal bazarın zəbt edilməsidir.
Bu, dünya dövlətlərini gec-tez qıcıqlandıra bilər. Gələcəkdə Avropa və Asiya ölkələri daxili bazarlarını qorumaq naminə Çinə qarşı proteksionzm siyasəti yürüdə bilərlər. ABŞ Prezidenti Donald Tramp Çinə qarşı tariflər tətbiq etməklə, Pekini nadir torpaq metallarının ixracı ilə bağlı verdiyi qərardan vaz keçməyə məcbur etdi. Bu qərardan dünyanın digər gücləri də narazı idilər. Digər yandan, meydana gələ biləcək istənilən qlobal iqtisadi böhran zamanı ən böyük zərbənin məhz inhisarçıya dəydiyini də qətiyyən unutmayaq.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər