Maliyyə savadlılığının artması ilə investisiyaya maraq göstərən insanların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Xüsusilə kiçik məbləğlərlə əlavə gəlir əldə etmək istəyənlər müxtəlif investisiya vasitələrini araşdırmağa başlayırlar.
İnvestisiya barədə məlumatı olmayan şəxslər bu sahəyə necə başlaya bilər, böyük risk etmədən gəlir əldə etməyin ən təhlükəsiz yolları hansılardır və yeni başlayanlar ən çox hansı səhvlərə yol verirlər? Qısa müddətdə yüksək gəlir vəd edən investisiyalar nə dərəcədə etibarlıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Fərhad Pərvizi bildirib ki, investisiyaya bilgisiz başlamaq mümkündür, amma düzgün ardıcıllıqla. Başlamaq üçün böyük məbləğə ehtiyac yoxdur, amma düzgün düşüncə tərzinə ehtiyac var.
Onun sözlərinə görə, birinci addım özünüzü tanımaqdır: “Siz hansı risk profilinə sahibisiniz, nə üçün invest edirsiniz, nə vaxt bu pula ehtiyacınız ola bilər? Bu suallara cavab vermədən heç bir alətə toxunmamaq lazımdır:
Başlanğıc üçün ən etibarlı yanaşma diversifikasiya edilmiş, aşağı xərcli indeks fondlarıdır. Gəlirinin 20 faizini investisiyaya ayırmaq, bunun əsas hissəsini isə geniş bazar indeks fondlarına yönəltmək başlanğıc nöqtəsi ola bilər. Qısa müddətli spekülasiya deyil, uzunmüddətli mürəkkəb faiz ilə yığılan sərvət bu aşağı riskli yoldur. Bu illik 8-9 faiz gəlirlik gətirəcək. Bundan yuxarı gəlirlik çox riskli zonaya daxil edilir”.
F.Pərvizi bu sahədə yeni başlayanların ən çox yol verdiyi səhvlərdən də danışıb: “Üç əsas səhv dəfələrlə təkrarlanır. Biricnisi, emosional qərar vermək - bazar düşəndə satmaq, qalxanda almaq. Bu psixoloji tələdir, maliyyə strategiyası deyil.
İkincisi, diversifikasiya etməmək - bütün pulu bir aktiv sinfinə, bəzən isə bir şirkətin aksiyasına qoymaq.
Üçüncüsü, treydinq kurslarına inanmaq - bu xüsusilə vacib məqamdır. Tədqiqatlar göstərir ki, fərdi treyderlerin 80 faizdən çoxu uzun müddətdə pul itirir. Qalanların böyük əksəriyyəti isə sadə indeks fondundan az qazanır. Buna baxmayaraq, bazarda ən çox yayılan kurslar məhz treydinqi öyrədir. Səbəb odur ki, bu emosional cəhətdən cəlbedicidir, sürətli zənginlik hissi yaradır. Amma rəqəmlər başqa həqiqəti göstərir”.
Ekspert qısa müddətdə yüksək gəlir vəd edən investisiyaların etibarlılığı ilə bağlı fikirlərini bölüşüb: “Maliyyə elminin 100 illik tarixi bir həqiqəti sübut edir: risk ilə gəlir ayrılmaz ikizlərdir. Yüksək gəlir vəd ediləndə ya yüksək risk var, ya da fırıldaqdır. Sadə bir test: əgər hər hansı investisiya üzrə vəd edilən gəlir dövlət istiqrazı gəlirindən 3 qat artıqdırsa (dollarda illik 15 faizdən) - suallar verməyə başlayın. Əgər cavablar qeyri-şəffafdırsa, uzaq durun. Piramida sxemləri, "qarantiyalı" kripto platformalar, "gizli fond" strukturları arxasında ya həddindən artıq risk, ya da dələduzluq dayanır”.
Oğuz Ayvaz
“Azpolitika.info”

Şərhlər