Astanada Beynəlxalq Türk Akademiyasının Türk Dil Qurumu ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası keçirilib.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Beynəlxalq Türk Akademiyasının müşahidəçi ölkələrindən Komissiya üzvləri iştirak ediblər. İştirakçılar öz ölkələrində dil siyasəti üzrə səlahiyyətli rəsmi qurumları təmsil ediblər.
Komissiya 2022-ci ildə Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə Beynəlxalq Türk Akademiyasının nəzdində yaradılıb. 2024-cü il sentyabrın 11-də Bakıda keçirilən üçüncü iclasda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul edilib.
İclası açan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ötən müddət ərzində Ortaq Türk Əlifbasına elmi mühitdə, təhsil müəssisələrində və ictimai məkanda marağın əhəmiyyətli dərəcədə artdığını bildirib.
"Hazırkı mərhələdə Ortaq Türk Əlifbasından istifadə ilə bağlı vahid yanaşmaların razılaşdırılması və onun praktiki tətbiqinin əsas prinsipləri üzərində işin yekunlaşdırılması xüsusi aktuallıq kəsb edir. Ortaq Türk Əlifbasının tanıdılması məqsədilə Beynəlxalq Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə ilk dəfə bu əlifbadan istifadə olunmaqla Abayın qazax dilində "Qara Sözder" kitabı və Çingiz Aytmatovun qırğız dilində "Aq Keme" əsəri nəşr edilib", - deyə Akademiya rəhbəri bildirib.
İclasın əsas mövzusu türk dilləri üçün Ortaq Türk Əlifbasının tətbiqinə dair tövsiyələrin müzakirəsi, habelə onun praktiki istifadəsi ilə bağlı prinsip və mexanizmlərin razılaşdırılması olub.
Vurğulanıb ki, hazırlanmış qaydalar Beynəlxalq Türk Akademiyası tərəfindən müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndəriləcək. Bununla yanaşı, onların tətbiqi və istifadəsi məsələləri hər bir dövlətin səlahiyyətli orqanlarının səlahiyyət dairəsində qalır və milli qanunvericiliyə uyğun şəkildə nəzərdən keçirilir.
İclasın yekununda Ortaq Türk Əlifbasının gələcək tətbiqinə dəstəyin təsdiq olunduğu Bəyannamə imzalanıb.
Əsas qərarlardan biri Ortaq Türk Əlifbasının tətbiqinə dair tövsiyə xarakterli prinsiplərin, eləcə də bu əlifba əsasında hazırlanmış qazax və qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiq edilməsi olub.
Sənəd Ortaq Türk Əlifbasının praktiki tətbiqində uzlaşdırılmış yanaşmanın təmin olunması üçün ümumi istinad materialı və istiqamətverici sənəd kimi istifadə ediləcək.
İştirakçılar əmin olduqlarını bildiriblər ki, Ortaq Türk Əlifbasının tətbiqi türk ölkələri arasında əməkdaşlığın və mədəni birliyin daha da möhkəmlənməsinə töhfə verəcək.

Şərhlər