Ukrayna Rusiyanın kütləvi raket və PUA hücumlarına cavab olaraq bu gün Rusiyanın bir çox bölgələrini hədəf alıb.
“AzPolitika” xəbər verir ki, bununla bağlı “Telegram”da paylaşım edən Ukrayna Prezidenti Volodimir Zelenski Moskva regionunun da Ukrayna PUA-larının təsirini hiss etdiyini yazıb. Belə ki, digər ərazilərlə yanaşı, bu regionda yerləşən neft emalı zavoduna da zərbə endirilib.
Zelenski Ukrayna PUA-larının sözügedən regiondakı Kapotnya neft emalı zavoduna hücumunu göstərən video paylaşıb.
"Rusiya xalqımıza qarşı müharibəni dayandırmağa məcbur edilməlidir. Ukraynanın uzaqmənzilli silahları isə bu məcburiyyətin vacib bir hissəsidir. Bu, Rusiyanın zərbələrinə ədalətli cavabdır", - deyə Zelenski əlavə edib.
Bu arada Moskva meri Sergey Sobyanin bəyan edib ki, ötən gecə və səhər saatlarında şəhərə ən azı 60 dron hücum edib, onlardan biri Kapotnyadakı Moskva Neft Emalı Zavoduna zərər vuraraq yanğın törədib.
Ötən gecə Rusiya Ukraynaya 132 hücum dron və iki ballistik raketlə hücum edib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri səhər hesabatında bildirib.
Ukrayna ordusunun məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 114 dronu vurub.
— News (@02042006Afa) June 16, 2026
Rusiya Müdafiə Nazirliyi öz növbəsində gecə hücumunda 172 Ukrayna dronunun iştirak etdiyini bildirib. Nazirliyin hesabatında Moskva və Krasnodar diyarı da daxil olmaqla, dronların vurduğu obyektlər qeyd olunmayıb.
Lakin məlumdur ki, gecə hücumundan sonra Moskva Neft Emalı Zavodunda və Krasnodar diyarının Krasnoarmeyski rayonunundakı neft anbarında yanğınlar baş verib.
“AzPolitika.info”

Şərhlər