Azərbaycanda icbari avtomobil sığortasının (icbari sığorta) hesablanması qaydalarında inqilabi dəyişiklik edilib. 

"AzPolitika" xəbər verir ki, bu gündən etibarən uzun illərdir tətbiq olunan "Bonus-Malus" sistemi tamamilə ləğv olunub. 

Onu daha dinamik və sürücünün cari davranışına birbaşa təsir edən "Sığorta əmsalı tarixçəsi" sistemi əvəzləyib.Yeni qaydalar intizamlı sürücülər üçün müəyyən güzəştlər nəzərdə tutsa da, tez-tez qəza törədən avtomobil sahiblərinin büdcəsinə ciddi zərbə vuracaq.Yeni sistem necə işləyəcək?Əgər əvvəlki sistemdə endirimlər və ya artımlar illik yekunlara əsasən pilləli şəkildə hesablanırdısa, yeni qaydalarda əsas meyar "qəzasız günlərin sayı" və "törədilən hər bir fərdi hadisə"olacaq.

Yeni sistemin əsas şərtləri aşağıdakı kimidir:

Qəzasız sürücülərə 5% endirim: Sürücü sükan arxasında keçirdiyi 275 qəzasız sığortalı gün (təxminən 9 ay) üçün sığorta haqqında 5% endirim əldə edəcək. Yəni endirim qazanmaq üçün artıq bütün sığorta ilinin başa çatmasını gözləməyə ehtiyac qalmayacaq.

Hər qəzaya görə 30% artım: Yeni qaydaların ən sərt tərəfi cəza mexanizminin gücləndirilməsidir. Qəzaya səbəb olan sürücü hər hadisə üzrə ayrıca 30% əlavə sığorta haqqı ödəyəcək. Məsələn, bir il ərzində iki fərqli qəzada təqsirli bilinən sürücünün sığorta yükü kəskin şəkildə yüksələcək.

Yeniliyi şərh edən ekspertlər bildirirlər ki, yeni mexanizmdə cəza və mükafat balansı tamamilə fərqlidir. Belə ki, endirim qazanmaq üçün 275 gün qəzasız sürmək və cəmi 5% fayda götürmək mümkün olduğu halda, törədilən cəmi bir qəza sığorta haqqını dərhal 30% artırır.

Bu isə o deməkdir ki, yeni "Sığorta Əmsalı Tarixçəsi" sistemi yollarda məsuliyyətsiz davranan və tez-tez qəza törədən sürücüləri maddi baxımdan daha sərt şəkildə cəzalandırmağa xidmət edəcək. İntizamlı sürücülər isə günbəgün öz müsbət sığorta tarixçələrini qorumaqla xərclərini azalda biləcəklər.

Rasim

"AzPolitika.info"