ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair memorandumda İslam Respublikasına investisiyaların stimullaşdırılması üçün 300 milyard dollar məbləğində özəl fondun yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, "Al Arabiya" telekanalı tərəfindən dərc edilmiş sənədin surətindən məlum olur.

Mənbələr qeyd ediblər ki, bu məbləğin yarısından çoxu artıq ayrılıb.

Cümə günü İsveçrədə imzalanması gözlənilən 14 bəndlik razılaşmaya aşağıdakılar daxildir:

1. İran İslam Respublikası və Birləşmiş Ştatlar hazırkı müttəfiqləri ilə birlikdə Anlaşma Memorandumunun imzalanmasından sonra Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dərhal və yekun olaraq dayandırıldığını bəyan edir və bundan sonra bir-birinə qarşı heç bir düşmənçilik hərəkətləri etməməyi, bir-birinə qarşı güc tətbiq etməkdən və ya bununla hədələməkdən çəkinməyi öhdələrinə götürürlər. Yekun razılaşma bu maddənin və digər maddələrin müddəalarını təsdiqləyəcək;

2. İran İslam Respublikası və Birləşmiş Ştatlar bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və daxili işlərinə qarışmaqdan çəkinməyi öhdələrinə götürürlər;

3. İran İslam Respublikası və Birləşmiş Ştatlar qarşılıqlı razılıq əsasında uzadılma imkanı olmaqla, maksimum 60 gün ərzində danışıqlar aparmağı və yekun razılaşma əldə etməyi öhdələrinə götürür;

4. Bu Anlaşma Memorandumu imzalandıqdan dərhal sonra Amerika Birləşmiş Ştatları dəniz blokadasını ləğv edir, İran İslam Respublikasına qarşı hər hansı müdaxilənin və ya maneənin qarşısını alır və maksimum 30 gün ərzində gəmilərin hərəkətini tam gücü ilə bərpa edir; gəmilərin hərəkəti İran İslam Respublikası tərəfindən müharibədən əvvəlki hərəkət həcminə mütənasib olmalıdır. Amerika Birləşmiş Ştatları həmçinin yekun sazişdən sonra 30 gün ərzində öz qüvvələrini ətraf ərazilərdən çıxarmağı öhdəsinə götürür;

5. Bu Anlaşma Memorandumu imzalandıqdan sonra İran İslam Respublikası texniki maneələrin aradan qaldırılması və minaların İran tərəfindən zərərsizləşdirilməsi zərurətini nəzərə alaraq Fars körfəzindən Oman dənizi və əks istiqamətdə ticarət gəmilərinin hərəkətinin müharibədən əvvəlki həcmdə 30 gün ərzində bərpa olunmasını təmin etmək üçün dərhal addımlar atacaq;

6. Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının bərpası və iqtisadi inkişafı üçün hər iki tərəfin razılaşdırdığı və azı 300 milyard dollar maliyyələşməni təmin edən hərtərəfli plan hazırlamağı öhdəsinə götürür. Yekun sazişin tərkib hissəsi kimi bu planın icra mexanizmi 60 gün ərzində formalaşdırılacaq;

7. Birləşmiş Ştatlar yekun anlaşma çərçivəsində razılaşdırılacaq qrafikə uyğun olaraq hazırda İrana qarşı tətbiq edilən bütün növ sanksiyaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının qətnamələrini dayandırmağı öhdəsinə götürür;

8. İran İslam Respublikası heç vaxt nüvə silahı istehsal etməyəcəyini bir daha bəyan edir. İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları razılaşıb ki, zənginləşdirilmiş materialın taleyi və qarşılıqlı razılaşdırılmış digər bütün nüvə ilə bağlı məsələlərin, o cümlədən İranın nüvə ehtiyaclarının taleyi yekun sazişdə adekvat şəkildə həll olunacaq. Yekun saziş bu maddənin müddəalarını təsdiqləyəcək;

9. İran və ABŞ razılaşıb ki, yekun razılaşma əldə olunana qədər onlar status-kvonu qoruyub saxlayacaq. İran öz nüvə proqramında mövcud vəziyyəti qoruyacaq, Birləşmiş Ştatlar isə İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcək və ya regiondakı qüvvələrini gücləndirməyəcək;

10. ABŞ öhdəsinə götürür ki, bu memorandumun imzalanmasından dərhal sonra və sanksiyaların ləğvi tarixinə qədər ABŞ-nin Maliyyə Nazirliyi İranın xam neftinin, neft-kimya məhsullarının və onun törəmələrinin ixracı, habelə bank, sığorta, nəqliyyat və bu kimi bütün əlaqəli xidmətlər üçün istisnalar təqdim edəcək;

11. Birləşmiş Ştatlar öhdəsinə götürür ki, yekun razılaşmanın əldə olunması üzrə danışıqlardakı irəliləyişlər fonunda İranın dondurulmuş və ya istifadəsi məhdudlaşdırılmış vəsaitləri və aktivləri blokdan çıxarılacaq və tam əlçatan olacaq. Bu vəsaitlər əsas hesabda olub-olmamasından və ya köçürülməsindən asılı olmayaraq, İranın Mərkəzi Bankı tərəfindən müəyyən edilən hər hansı yekun ödənişlər üçün istifadə olunacaq. Birləşmiş Ştatlar bu əsasda bütün lazımi icazə və lisenziyaları verməyi öhdəsinə götürür;

12. İran və Birləşmiş Ştatlar yekun razılaşmanın uğurla yerinə yetirilməsi və ona gələcəkdə riayət olunmasına nəzarət edəcək icra mexanizmin yaradılacağına razılaşır;

13. Bu Anlaşma Memorandumunun imzalanmasından və sənədin 4, 5, 10 və 11-ci maddələrinin icrasına başlanılmasına, habelə bu addımların gələcəkdə həyata keçirilməsinə dair zəmanətlər alındıqdan sonra İran və ABŞ yalnız qalan maddələrlə bağlı bağlı yekun saziş üçün danışıqlara başlayacaq;

14. Yekun razılaşma BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiq ediləcək.