Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Kürşad Zorlu Türk dünyasında ortaq əlifbanın tətbiqi istiqamətində mühüm addım atıldığını açıqlayıb.

Onun sözlərinə görə, Türk Dünyası Ortaq Əlifba Komissiyasının 4-cü iclası iyunun 15-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib. İclas Türk Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Türk Dövlətləri Təşkilatının Katibliyinin əməkdaşlığı ilə təşkil olunub.

Kürşad Zorlu bildirib ki, toplantıda 2024-cü ildə qəbul edilmiş Ortaq Türk Əlifbasının tətbiqi məsələləri müzakirə edilib. Eyni zamanda, Qazaxıstan və Qırğızıstanın istifadə edəcəyi əlifbaların son variantları müəyyənləşdirilərək komissiya tərəfindən təsdiqlənib.


Onun sözlərinə görə, ortaq əlifbanın tətbiqi türk xalqları arasında mədəni və humanitar əlaqələrin daha da güclənməsinə, ortaq dil irsinin qorunmasına və gələcək nəsillər arasında ünsiyyətin asanlaşmasına xidmət edəcək.

Kürşad Zorlu qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu prosesə tam dəstək verir. O xatırladıb ki, 2025-ci ilin dekabrında təqdim edilən Türk Dünyası Vizyon Sənədində ortaq əlifba və dil birliyi istiqamətində hədəflər müəyyənləşdirilib.

Bildirilib ki, uzunmüddətli məqsəd türk dövlətləri arasında Ortaq Dil Platformasının yaradılmasıdır. Komissiyanın son iclasında həmçinin Ortaq Türk Əlifbasının istifadəsinə dair tövsiyə xarakterli rəhbər prinsiplər də qəbul olunub.

Qeyd edək ki, ortaq əlifba təşəbbüsü türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri hesab olunur.

"AzPolitika.info"