G7 liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında məsləhətləşmələrdən sonra Rusiya ilə Ukrayna arasındakı müharibədə "sülh üçün ilk şans" yaranıb. 

“AzPolitika” xəbər verir ki, belə bir açıqalma ilə Almaniya kansleri Fridrix Merts çıxış edib və bu barədə Almaniya mediası məlumat yayıb.

Mertsin sözlərinə görə, tərəflər müharibənin bitməsi üçün əlavə addımları müzakirə ediblər və Rusiyaya təzyiqi artırarkən Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Almaniya kansleri xüsusilə Trampın mövqeyini qeyd edib. Onun sözlərinə görə, Tramp müharibənin bitməsi ilə bağlı mühüm açıqlamalar verib.

“Bizə əmin olmaq üçün əsas verən şey Prezident Trampın sözləridir: Rusiya bu müharibəyə son qoymalıdır. Və mən inanıram ki, bu, açıq bir siqnaldır”, - deyə Merts bildirib.

Kansler həmçinin Avropa və ABŞ arasında sülh yolu ilə həll üzrə əməkdaşlığın gələcəkdə daha da sıxlaşacağına əminliyini ifadə edib.

Mertsin sözlərinə görə, danışıqlar zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin artırılması və Moskvanı danışıqlar masasında oturmağa məcbur etməyə yönəlmiş əlavə addımlar məsələsi də qaldırılıb. Kansler əlavə edib ki, Rusiya hərbi qələbə qazana bilməyəcək və iqtisadi təzyiq, sanksiyalar münaqişənin sülh yolu ilə həll üçün ilkin şərtlər yaradır.

“AzPolitika.info”