Vahid Əhmədov: “Bölgədə Rusiyanın dominant mövqeyinin zəiflədilməsi istiqamətində siyasət aparılır”
Sabiq millət vəkili, iqtisadçı alim Vahid Əhmədovla müsahibənin bu hissəsində regional mövuzlarla bağlı sullara cavab almışıq. Keçmiş deputat Rusiya-Ukrayna müharibəsinin gedişiatı, Ermənistanda seçkilərdən sonra durum, Azərbaycanla münasibətlər, habelə İran ətrafında yarnmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik:
– Vahid müəllim, müsahibənin bu hissəsində regional mövzularla bağlı suallarımız olacaq. Məlumdur ki, iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində Nikol Paşinyanın rəhbəri olduğu partiya qalib gəldi və təkbaşına hökumət formalaşdıracaq. Buna baxmayaraq müxalifət də parlamentdə mövqelərini gücləndirdi. İrəvana aktiv xarici təsirləri də nəzər alsaq, Ermənistanda durum necə ola bilər?
– Əlbəttə, seçkilər ərəfəsində Rusiyanın Ermənistana ciddi təzyiqləri vardı, müxtəlif vasitələrdən istifadə edirdi. Buna baxmayaraq, Paşinyan rəqiblərini böyük fərqlə qabaqladı. Hesab edirəm ki, onun qələbəsi Azərbaycanın maraqları və regionda sabitliyin qorunması baxımından əhəmiyyət daşıyır. Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ məsələsini Ermənistanın daxili gündəliyindən çıxarır və bu istiqamətdə mövqeyini açıq şəkildə ortaya qoyur. Azərbaycan da son dövrlərdə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atıb. Müxtəlif humanitar və iqtisadi təmaslar qurulub. Hesab edirəm ki, bu təmaslar da Ermənistanda seçki mühitinə müəyyən təsir göstərib. ABŞ, Türkiyə və Pakistan rəhbərliyi Paşinyanı qələbə münasibətilə təbrik edib. Güman etmirəm ki, onun hakimiyyətini ciddi şəkildə sarsıda biləcək hansısa problem yaranacaq. Ümumiyyətlə, son illərdə ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Cənubi Qafqaza yanaşmasında dəyişiklik müşahidə olunur. Bu ölkələr regionda daha fəal rol oynamağa çalışırlar. Azərbaycan və Mərkəzi Asiya ölkələri onlar üçün strateji əhəmiyyət daşıyır. Buna görə də bölgədə Rusiyanın dominant mövqeyinin zəiflədilməsi istiqamətində siyasət aparılır.

- Ukraynanın ardıcıl hücumları da Rusiyanı zəiflədir…
- Bəli. Mən əvvəllər də demişəm ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə uzunmüddətli perspektivdə Rusiyanın özünə ciddi problemlər yaradacaq. Müharibədə tam qalib tərəf olmur. Hər iki tərəf itkilər verir. Lakin proseslər göstərir ki, Rusiya əvvəlki gücünü qorumaqda çətinlik çəkir. ABŞ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ukraynaya dəstək davam edəcək. Ukraynanın özü də böyük sənaye və hərbi potensiala malik ölkədir. Sovet dövründə istehsal olunan bir çox silah növləri məhz Ukraynada hazırlanırdı. Hazırda həmin istehsal imkanlarının bərpası istiqamətində işlər aparılır və bunu döyüş meydanında da görmək mümkündür.
- Ermənistandakı vəziyyətə qayıtsaq, Azərbaycan üçün potensial təhdidlərin aradan qalxdığını demək olarmı?
- Paşinyan komandasının qələbəsini ümumilikdə Azərbaycan üçün müsbət amil hesab edirəm. Bununla yanaşı, ehtiyatlı olmaq lazımdır. Dövlət maraqları baxımından hər zaman ayıq-sayıq olmaq vacibdir. Bu səbəbdən Azərbaycan sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlərini davam etdirir. Sərhəd bölgələrində hərbi infrastruktur yaradılır, müdafiə sistemləri möhkəmləndirilir, yeni hərbi hissələr formalaşdırılır və təhlükəsizlik tədbirləri genişləndirilir. Dövlət bu istiqamətdə sistemli fəaliyyət göstərir. Xüsusilə görürük ki, bütün bu proseslər dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilir. Ona görə də bizim hər hansı təhlükədən çəkinməyimiz üçün ciddi əsas yoxdur. Hətta cənab Prezident də çıxışlarının birində bildirmişdi ki, lazım gələrsə, Azərbaycan öz təhlükəsizliyini və maraqlarını qısa müddətdə təmin etmək iqtidarındadır. Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Biz beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul edirik və qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Eyni zamanda, tarixdə müxtəlif dövrlərdə baş vermiş hadisələr və keçmiş sovet dövründə verilmiş qərarlar da mövcuddur. Bunlar tarixçilərin və siyasətçilərin müzakirə etdiyi məsələlərdir. Bu gün əsas məqsəd Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi olmalıdır. Hər iki tərəf əməkdaşlıqdan fayda əldə edə bilər. Əsas odur ki, bölgədə müharibə və qarşıdurma deyil, sülh və inkişaf üstünlük təşkil etsin. Çünki müharibənin ən böyük zərbəsi həmişə insanlara dəyir.

– Sizcə, Ermənistan bu prosesi həyata keçirə biləcək?
- Hesab edirəm ki, bəli. Hazırda Ermənistanda müəyyən siyasi proseslər gedir, bəzi şəxslərlə bağlı araşdırmalar və cinayət işləri açılır. Biz bütün bunları mətbuat vasitəsilə izləyirik. Mənim fikrimcə, hökumət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
– Əgər Rusiya Ermənistana qarşı sanksiyaları davam etdirsə və ya qaz təchizatında problemlər yaransa, Azərbaycan alternativ mənbə ola bilərmi?
– Niyə də olmasın? Azərbaycan artıq regionun mühüm enerji təchizatçılarından biridir. Vaxtilə Ermənistanın enerji və yanacaq təminatı ilə bağlı məsələlərdə də Azərbaycanın rolu müzakirə olunurdu. Əgər enerji təminatında ciddi problemlər yaranarsa, Ermənistan müxtəlif alternativ mənbələr axtaracaq. Bu mənbələr arasında Azərbaycan, İran və digər ölkələr də ola bilər. Ümumiyyətlə, enerji məsələləri üzərindən göstərilən təzyiqlər daimi deyil, daha çox siyasi xarakter daşıyır. Burada əsas məsələ dövlətlərin müstəqil siyasət yürütmək imkanlarını qorumasıdır. Mənim xoşuma gələn fikirlərdən biri də Simonyanın dediyi sözlər oldu. O dedi ki, “Biz müstəqilliyimiz pomidor, xiyara quraban verə bilmərik”. Heç bir dövlət öz müstəqilliyini iqtisadi maraqlara qurban verməməlidir. Müstəqillik elə bir dəyərdir ki, onu heç nə ilə əvəz etmək olmaz. Azərbaycan da müstəqil siyasət yürüdən dövlətdir və bu siyasət ölkənin milli maraqlarına əsaslanır.
Bu gün Ermənistan da tədricən daha müstəqil qərarlar verməyə çalışır. Uzun illər Rusiyanın təsiri altında olan ölkə indi fərqli istiqamətlərdə əməkdaşlıq imkanlarını araşdırır. Qaz təchizatında və ya digər sahələrdə problem yaranarsa, alternativ tərəfdaşlarla işləməyə çalışacaq. Mən hesab edirəm ki, bütün bunlar müvəqqəti siyasi proseslərdir.
– Rusiyadakı mövcud durumu necə qiymətləndirirsiniz?
– Rusiyadakı vəziyyət ümumilikdə ürəkaçan deyil. Bu bizim üçün də vacib məsələdir. Çünki Rusiya, İran və Ermənistan Azərbaycanın qonşularıdır. Qonşu ölkələrdə baş verən hər hansı ciddi proses və ya böhran birbaşa və ya dolayı şəkildə Azərbaycana da təsir edir. Mən əvvvəllər də demişəm, Rusiya 2030-cu ilə qədər ayrı-ayrı dövlətlərə parçalanacaq, bundan qaçmaq mümkün deyil.
Hazırda İran ətrafında gedən proseslər də diqqət mərkəzindədir. Müxtəlif tərəflər fərqli səbəblər göstərsələr də, burada enerji resursları və geosiyasi maraqların mühüm rol oynadığını düşünənlər az deyil. Yaxın Şərqdə və ümumiyyətlə dünyada baş verən proseslər göstərir ki, böyük dövlətlərin maraqları çox vaxt enerji və strateji mövqelər üzərində cəmlənir. Eyni zamanda, Çin, Rusiya və Şimali Koreya arasında baş verən təmaslar da diqqətlə izlənilir. Beynəlxalq siyasətdə çox zaman görünməyən proseslər gedir və dövlətlər öz maraqlarını qorumaq üçün müxtəlif addımlar atırlar.
Rusiyaya gəldikdə isə, bu ölkə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir. İki ölkə arasında strateji münasibətlər, ticarət əlaqələri mövcuddur. Həmçinin Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır və çalışır. Buna görə də Rusiyada baş verən iqtisadi və siyasi proseslər Azərbaycan üçün də əhəmiyyət daşıyır.

Doğrudur, zaman-zaman müəyyən problemlər yaşanıb, sahibkarlarla bağlı narazılıqlar ortaya çıxıb. Lakin ümumilikdə Azərbaycan rəhbərliyi münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında inkişaf etməsinə çalışır. Azərbaycanın xarici siyasəti qonşularla normal münasibətlərin qurulmasına yönəlib. Bununla belə, Rusiya ciddi sanksiyalar altında fəaliyyət göstərir. Bu sanksiyalar iqtisadiyyata və əhalinin sosial vəziyyətinə təsirsiz ötüşmür. Müharibə də öz növbəsində həm insan itkisinə, həm də iqtisadi çətinliklərə səbəb olur.
Rusiya və Ukrayna arasındakı müharibə iki slavyan xalqı arasında ağır qarşıdurmaya çevrilib. Bu münaqişənin nə Rusiya, nə də Ukrayna üçün müsbət nəticə vermədiyi görünür. Eyni zamanda Ukrayna hərbi sənayesini inkişaf etdirməyə, müdafiə imkanlarını gücləndirməyə çalışır.
- Vahid müəllim, xarici mediada iddia edilmişdi ki, guya Azərbaycanda İsrailə məxsus gizli hərbi təsistalar olub və İrana qarşı istifadə edilib. Rəsmi Bakı dərhal təkzib etdi və bu cür məlumatları iftira adlandırdı. Sizcə, bu məlumatlar niyə dövriyəyə buraxılır?
- Azərbaycanla İsrail arasında strateji əməkdaşlıq mövcuddur. Xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan Ordusunun imkanlarının artırılmasında mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycanda yəhudi icması uzun illərdir təhlükəsiz və normal şəraitdə yaşayır. Bəzi iddiaların əksinə olaraq, Azərbaycanın ərazisində xarici dövlətlərin hərbi bazaları yoxdur. Azərbaycan öz təhlükəsizliyini müstəqil şəkildə təmin edən dövlətdir və müdafiə potensialını davamlı olaraq gücləndirir. Azərbaycan eyni zamanda İranla da normal və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Hər iki ölkə qonşu dövlətdir və münasibətlərin sabit inkişafı regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
E.Rüstəmli
E.Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər