ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi əməliyyatların davam etdirilməsinə israrla çağıran telefon zənglərindən yorulub.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Ağ Ev rəhbəri Netanyahunun İsrail kəşfiyyatının imkanlarına istinad edərək "hansısa obyekti niyə partlatmağın zəruri olduğunu" izah etdiyi təkrarən gələn zənglərdən bezib. Qəzet qeyd edir ki, yaranmış gərginlik ABŞ prezidentinin kəskin ifadələr işlətməsinə səbəb olub. Xüsusilə son danışıqlardan birində Trampın Netanyahunu "dəli" adlandırdığı və ABŞ-nin dəstəyi olmasaydı, onun həbsxanaya düşə biləcəyinə eyham vurduğu xatırladılır.
"WSJ"nin məlumatına görə, bu qıcıq həm də İranla müharibəyə dair fundamental fikir ayrılıqlarından qaynaqlanır. Bildirilir ki, Ağ Ev rəhbəri Hörmüz boğazının blokadasını qaldırmaq və ABŞ iqtisadiyyatına yönələn qiymət təzyiqini azaltmaq üçün sülh sazişi bağlamağa çalışır. Netanyahu isə diplomatik razılaşmalara şübhə ilə yanaşaraq, Vaşinqtonu hərbi təzyiqi davam etdirməyə çağırır.
Tanınmış amerikalı jurnalist Taker Karlson İran, ABŞ və İsrail ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb:
"ABŞ rəsmən İranın (bölgədə) əsas oyunçu olduğunu qəbul etdi. Və bu, hər şeyi dəyişir. Eynilə ticarətin axdığı dar su yolu üstündə başlayan növbəti bir böhran və müharibə olan 1956-cı il Süveyş böhranının Britaniya İmperiyasına son qoyduğu kimi.
İsrail üzərində tam nəzarətə sahib olduğu yeganə prezidenti itirdi. Tramp İsrailin qulundan Benyamin Netanyahunu neqativ mənada "Əl-Qaidə" ilə müqayisə edən bir adama çevrildi. Bax bu, doğrudan da inanılmazdır!"
ABŞ və İsrail arasındakı ənənəvi müttəfiqlik münasibətlərində ciddi bir geosiyasi qırılmanın baş verdiyini göstərir. Donald Trampın praqmatik, ilk növbədə ABŞ daxili iqtisadiyyatını ("Öncə Amerika") qorumağa yönəlmiş siyasəti Tel-Əvivin regional hərbi ambisiyaları ilə toqquşur. Hörmüz boğazındakı böhranın qlobal neft qiymətlərinə və ABŞ bazarlarına vurduğu zərbə Trampı İsrailin hərbi ritorikasından uzaqlaşmağa və İranla diplomatik kompromislər axtarmağa məcbur edir. Taker Karlsonun "Süveyş böhranı" bənzətməsi isə bu vəziyyətin sadəcə iki lider arasında şəxsi narazılıq deyil, Yaxın Şərqdə onilliklər ərzində mövcud olan güc balansının və ABŞ-nin regiondakı şəriksiz hegemonluğunun yenidən formalaşması prosesi olduğunu sübut edir. Trampın Netanyahuya qarşı ritorikasının sərtləşməsi Vaşinqtonun artıq öz milli maraqlarını İsrailin təhlükəsizlik prioritetlərindən üstün tutmağa başladığının bariz göstəricisidir.
"AzPolitika.info"

Şərhlər