Azərbaycanda son illərdə kredit götürən vətəndaşların sayı sürətlə artır. Bir çox insanlar həm gündəlik tələbatlarını ödəmək, həm də iri xərclərini qarşılamaq üçün banklara müraciət edir. Bahalaşma, gəlirlərin kifayət etməməsi və həyat tərzindəki dəyişikliklər borclanma meylini daha da gücləndirir. Nəticədə cəmiyyətdə kreditdən asılılıq əvvəlki illərlə müqayisədə daha çox hiss olunur. İnsanların kreditə üstünlük verməsinin əsas səbəbi iqtisadi çətinliklərdir, yoxsa maliyyənin düzgün planlaşdırılmaması?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, insanların kreditə müraciət etməsinin səbəblərini yalnız maliyyə savadsızlığı ilə izah etmək düzgün deyil.
Onun sözlərinə görə, əsas sual belə olmalıdır: vətəndaş niyə gündəlik ehtiyaclarını qarşılamaq üçün yüksək faizli kredit götürməyə məcbur qalır?
Ekspert qeyd edib ki, son illərdə baş verən bahalaşma, yaşayış xərclərinin artması və gəlirlərin bu artımı tam kompensasiya etməməsi əhalinin borclanma ehtiyacını artırıb: “Əgər insan aldığı maaşla əsas ehtiyaclarını, kommunal xərclərini və ailə tələbatını rahat şəkildə ödəyə bilmirsə, kredit onun üçün seçimdən çox məcburi çıxış yoluna çevrilir. Son illərdə yüksək faizlə kredit verən təşkilatların sayı artıb və bu təsadüfi deyil. Bazarda belə xidmətlərə tələb və zərurət olduğu üçün həmin qurumlar meydana çıxır. Vətəndaşlar banklara müraciət etdikdə kredit tarixçəsi, bürokratik maneələr və ya gəlirlərini təsdiq edən sənədləri təqdim edə bilmədikləri üçün dövlət və kommersiya banklarından kredit ala bilmirlər. Belə hallarda isə yüksək faizlə kredit verən təşkilatlar dövriyyəyə daxil olur və kredit məhsullarını ikiqat baha şərtlərlə təqdim edirlər”.

Ekspert əlavə edib ki, əhalinin maliyyə planlaşdırmasının zəif olması da bu prosesi sürətləndirir: “Bəzi insanlar gəlirlərinə uyğun olmayan istehlaka yönəlir, uzunmüddətli maliyyə planı qurmadan borclanırlar. Nəticədə bir krediti bağlamaq üçün digər kreditə müraciət etməli olurlar. Buna misal olaraq zəruri olmadığı halda bahalı telefonların və digər bahalı əşyaların kreditlə alınmasını göstərmək olar. Digər mühüm məsələlərdən biri də kredit bazarının məsuliyyətidir. İnsanların ödəmə qabiliyyəti düzgün qiymətləndirilmədən asan və sürətli kreditlərin geniş yayılması vətəndaşların borc yükünü artırır”.
A.İbrahimov qeyd edib ki, kreditdən iqtisadi inkişaf aləti kimi istifadə olunmur, əksinə, gəlir çatışmazlığını müvəqqəti gizlədən mexanizmə çevrilib:
“Problemin kökündə həm iqtisadi çətinliklər, həm də maliyyənin düzgün idarə olunmaması dayanır. Azərbaycan hökuməti əsas diqqəti vətəndaşın niyə borca ehtiyac duyduğunu araşdırmağa və bu ehtiyacı yaradan səbəbləri aradan qaldırmağa yönəltməlidir. Son altı ayda Azərbaycan iqtisadiyyatında ciddi artım müşahidə olunmayıb. Bu vəziyyət ÜDM-in artım tempində də öz əksini tapır. İnflyasiya fonunda qiymət artımları davam edir və uğursuz fiskal siyasətin nəticəsində vətəndaşın maliyyə yükü daha da ağırlaşır”.
Oğuz Ayvaz
AzPolitika.info

Şərhlər