Rusiyada vergi yükünün kəskin şəkildə artırılması və 2023-cü ildən bəri qeydə alınan ciddi iqtisadi tənəzzül yüz minlərlə şirkəti çıxılmaz vəziyyətə salıb. Ölkədə vergi borcu olan müəssisələrin sayı rekord həddə çatıb.
“AzPolitika” Rusiya mətbuatında yer alan iqtisadi hesabatlara istinadən xəbər verir ki, hazırda Rusiyada vergi borcu olan şirkətlərin ümumi sayı 439,9 minə (təxminən 440 min) yüksəlib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir. Açıqlanan statistikanın ən diqqətçəkən məqamı borcların şirkətlərin miqyasına görə qeyri-bərabər paylanmasıdır. Məlum olub ki, illik gəliri minimum 2 milyard rubl olan iri şirkətlər arasında vergi borcu olanların sayı rəsmən 47% artaraq 156 min təşkil edib.
Artım tendensiyası orta tutumlu şirkətlər arasında da (35.5% artım) qeydə alınıb. Mikro və kiçik sahibkarlıq subyektlərində isə borcluluq səviyyəsi demək olar ki, ya dəyişməz qalıb, ya da cüzi artıb (7.8%).
Bu mənzərə Rusiyadakı fərqli bir reallığı ortaya qoyur: Rusiya vergi orqanları kiçik şirkətləri vergi yığımı məsələsində inzibati metodlarla çox sərt şəkildə sıxışdırıb pulları vaxtında qopara bilsələr də, ölkə iqtisadiyyatının sütunu sayılan iri şirkətlərə qarşı eyni sərtliyi nümayiş etdirə bilmirlər. Nəticədə irilərin borcu astronomik sürətlə böyüyür.
Rusiya nəhənglərinin vergi ödəyə bilməməsinin arxasında hansı qlobal və daxili faktorlar dayanır?
Mənfəət və ƏDV-nin kəskin artırılması
Kremlin hərbi xərcləri ödəmək üçün vergi qanunvericiliyinə etdiyi son dəyişikliklər biznesi iflic edib. Ölkədə mənfəət vergisi rəsmən 20%-dən 25%-ə qaldırılıb. İri şirkətlərin yığılıb qalan borclarının əhəmiyyətli hissəsi məhz bu mənfəət vergisi ilə bağlıdır. Bundan əlavə, Əlavə Dəyər Vergisi (ƏDV) də 20%-dən 22%-ə yüksəldilib. Şirkətlər kəskin artan bu vergi dərəcələrini ödəmək üçün nağd pul (likvidlik) tapmaqda çətinlik çəkirlər.
Korporativ mənfəətin kəskin düşməsi
Rusiya Dövlət Statistika Komitəsinin (Rosstat) son hesabatlarına görə, Rusiya biznesinin ümumi mənfəəti nominal ifadədə 4%, inflyasiya nəzərə alınmaqla real ifadədə isə 13% azalıb. Sanksiyalar səbəbindən logistikanın bahalaşması və xarici tərəfdaşlarla hesablaşmaların qapanması iri ticarət, avtomobil sənayesi və tikinti sektorunda gəlirləri minimuma endirib. Sadə dildə desək, şirkətlərin vergi ödəməyə pulları yoxdur.
Qarşılıqlı ödənişlərin dondurulması
İri müəssisələrin böhranını dərinləşdirən digər amil debitor borcların, yəni podratçıların bir-birinə olan ödənişlərinin gecikdirilməsidir. Hazırda Rusiya şirkətləri arasında vaxtı keçmiş ödənişlərin həcmi 8 trilyon rublu ötüb. Şirkət satdığı malın pulunu digər iri tərəfdaşından ala bilmədiyi üçün dövlət büdcəsinə olan vergi öhdəliyini də yerinə yetirə bilmir.
İnvestisiya layihələrinin dondurulması
Rusiya Sənayeçilər və Sahibkarlar Birliyinin sorğularına görə, ölkədəki hər üç iri şirkətdən biri investisiya proqramlarını kəskin ixtisar edib, 15%-i isə bütün yeni layihələrini tamamilə dondurub. Biznes gələcəyə dair planlama üfüqünü cəmi 1 ilə qədər daraldıb.
İqtisadçılar xəbərdarlıq edir ki, irili-xırdalı 440 min şirkətin vergi borcuna batması Rusiya federal büdcəsində ciddi dəliklər açacaq. Rusiya Maliyyə Nazirliyi neft-qaz gəlirlərinin azalması fonunda büdcə kəsirini daxili vergilərlə qapamağa çalışırdı. Lakin daxili biznesin də iflas həddinə çatması bu planı boşa çıxarır.
Yaxın aylarda Rusiyada xüsusilə avtomobil sənayesi, tikinti, otelçilik və pərakəndə ticarət sektorunda fəaliyyət göstərən yüzlərlə iri müəssisənin kütləvi müflisləşmə elan etməsi və işçi ixtisarlarına başlaması qaçılmaz hesab olunur.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər