Ukrayna cəbhə xəttindəki mövcud vəziyyət üzrə münaqişənin dondurulması yanaşmasına yenidən baxa və daxili ərazilərə endirilən uzaqmənzilli zərbələr fonunda sülh danışıqlarından imtina edə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının iclasında bəyanat verib.
Ukrayna mediasının yaydığı məlumata görə, diplomat Kiyevin BMT Nizamnaməsinə uyğun olaraq, ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya ilə birbaşa danışıqlara hələ də hazır olduğunu bildirib. Bununla belə, Melnik Ukraynanın səbrinin "sonsuz olmadığını" vurğulayıb:
"Əgər BMT Təhlükəsizlik Şurası yaxın gələcəkdə Rusiyanın təcavüzünü pisləyən qətnaməni dəstəkləməsə, Kiyev öz yanaşmalarını dəyişə bilər".
Qeyd edək ki, Rusiyanın Təhlükəsizlik Şurasında veto hüququna malik olduğunu nəzərə alsaq, belə bir qətnamənin qəbulu az realdır. Diplomat həmçinin Moskvaya edilən son zərbələri xatırladaraq, Rusiyanı Ukrayna ərazilərini tərk etməyə çağırıb.
Ukrayna hazırkı ABŞ administrasiyasının hakimiyyətə gəlişindən qısa müddət sonra cəbhə xətti boyu atəşkəsə rəsmən razılıq vermişdi. Melnik vurğulayıb ki, bu addım Kiyev tərəfindən böyük bir güzəşt olub və atəşkəs heç bir halda Ukraynanın öz torpaqlarından imtina etməsi mənasına gəlmir.
Digər tərəfdən, Rusiya indiyə qədər atəşkəs təkliflərinə müsbət cavab vermir. Kremlin əsas şərtlərindən biri Donetsk vilayətinin tamamilə Rusiya nəzarətinə keçməsidir ki, bu da Ukrayna üçün tamamilə qəbuledilməzdir.
Moskva isə ötən ilin avqustunda Alyaskanın Ankoric şəhərində ABŞ və Rusiya liderləri arasında baş tutan görüşə istinad edir və orada Ukrayna məsələsində müəyyən razılaşmaların əldə olunduğunu iddia edir.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Böyük Yeddilik" (G7) ölkələrinin Fransadakı sammitinə toxunaraq bildirib ki, Qərb "Ankoric ruhu"nun unudulması üçün hər şeyi edib. Xarici işlər naziri Sergey Lavrov və müavini Sergey Ryabkov da Vaşinqtonun Alyaskada əldə olunmuş anlaşmalardan uzaqlaşdığını qeyd etsələr də, Rusiyanın nizamlanma ilə bağlı yanaşmasının dəyişməz qaldığını bildiriblər.
BMT Təhlükəsizlik Şurasındakı müzakirələrə qoşulan ABŞ-ın daimi nümayəndəsinin müavini Den Neqrea isə fərqli mövqe nümayiş etdirib. O, Rusiyanın müharibəni bitirmək üçün mütləq bir saziş imzalamalı olduğunu vurğulayıb: "Zaman Moskvanın xeyrinə işləmir. Rusiya ayda 40 min nəfər itki verir, ölkə iqtisadiyyatı isə ciddi gərginlik altındadır".
Amerikalı diplomat Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi son zərbələri də kəskin şəkildə pisləyib.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər