Qazaxıstanın İrana öz ərazisində zənginləşdirilmiş uran ehtiyatlarını saxlamağı təklif etməsi barədə məlumatlar dünya mətbuatının gündəmini zəbt edib. Rəsmi Astana bu addımla Tehran və Vaşinqton arasında mümkün sülh sazişinin bağlanmasına töhfə verməyi hədəfləyir. Əgər İran bu təklifi qəbul edərsə, radioaktiv materiallar ölkənin şimal-şərqində, Öskəmən (Ust-Kamenogorsk) şəhərində yerləşən Ulba Metallurgiya Zavodunda saxlanılacaq.
"AzPolitika" xəbər verir ki, bu, sovet dövründən qalma strateji müəssisənin qlobal nüvə təhlükəsizliyi oyununda ilk rolu deyil. Dəqiq 30 il əvvəl – SSRİ-nin dağılmasından dərhal sonra, məhz bu zavodda ABŞ-nin iştirakı ilə tarixin ən gizli və təhlükəli nüvə əməliyyatlarından biri - "Layihə Safir" həyata keçirilib.
Moskinın "unutduğu" 600 kiloqramlıq nüvə bombası materialı
Hər şey 1993-cü ildə, müstəqilliyini yenicə qazanmış Qazaxıstanda gənc amerikalı diplomat kimi fəaliyyətə başlayan Endi Veberin Ulba Metallurgiya Zavodunun direktoru Vitali Mette tərəfindən gözlənilməz təklif alması ilə başlayıb. Direktor zavodun anbarlarında 600 kiloqrama yaxın yüksək səviyyədə zənginləşdirilmiş uranın olduğunu və onu satmaq istədiklərini bildirib. Bu həcmdə material onlarla nüvə başlığı hazırlamaq üçün kifayət edirdi.
Məlum olub ki, bu uran 1981-ci ildə sovet atom sualtı qayıqlarının yaradılması layihəsi dondurulduqdan sonra anbarda qalıb. SSRİ dağıldıqdan sonra xaosa sürüklənən Moskva, zərbə sualtı qayıqlarının yanacağı üçün nəzərdə tutulmuş bu strateji materialı, sadəcə, unudub və zavod üzərindəki yurisdiksiyasını itirib.
Həmin dövrdə İran xüsusi xidmət orqanları öz nüvə proqramlarını inkişaf etdirmək üçün bütün Mərkəzi Asiya boyu sovet nüvə materiallarını axtarırdılar. İrana sızma riskini anlayan Veber dərhal Vaşinqtonu məlumatlandırır.
Ağ Ev məsələni Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayevlə müzakirə edir. Sovet nüvə sınaqlarından böyük zərər çəkmiş Qazaxıstan rəhbərliyi bu təhlükəli yükün ABŞ tərəfindən çıxarılmasına etiraz etmir.
Endi Veber və ABŞ-dən gələn nüvə mütəxəssisi Öskəmənə yollanırlar. Onları zavodun ərazisində, içərisi metal çubuqlarla dolu anbara aparırlar. Ağlasığmazdır ki, onlarla atom bombası hazırlamağa bəs edəcək bu strateji material adi, köhnə üsullu asma qıfılla qorunurdu.
"Əlimdə nüvə bombası materialı tutduğumu anlayırdım. Fırlanan uran çubuğuna törpü çəkəndə atəşfəşanlıq kimi qığılcımlar saçırdı".
Laboratoriya analizləri materialın 90% "Uran-235" izotopundan ibarət olduğunu təsdiqlədikdə, Vaşinqton qorxudan şoka düşür. 1994-cü ilin oktyabrında ABŞ-dən Qazaxıstana 31 nəfərlik xüsusi texniki qrup gəlir və tam məxfi şəraitdə "Layihə Safir" start götürür.
1 ay davam edən əməliyyat: Sərt Qazaxıstan qışı və şaxtalı hava şəraitində amerikalı mütəxəssislər gecə-gündüz işləyirlər. Tam 581 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uran köpüklə doldurulmuş 448 xüsusi metal çəlləyə yerləşdirilir. Amerikalıların materialın İrana keçə biləcəyi ilə bağlı qorxuları əsassız deyildi. Uranın qablaşdırılması zamanı anbarda Tehrana göndərilmək üçün hazırlanmış, lakin naməlum səbəbdən qalan berillium qutuları tapılır. Berillium da nüvə başlıqlarının istehsalında mühüm komponent sayılır.
Bu gün Qazaxıstanın yenidən İrana məxsus uranın saxlanması üçün öz qapılarını (bu dəfə rəsmi və dinc məqsədlərlə) açmaq təklifi, beynəlxalq münasibətlərdə Ulba zavodunun statusunu yenidən gündəmə gətirib. 30 il əvvəl dünyanı nüvə fəlakətindən xilas edən bu gizli mərkəz, bu gün regional sülhün açarına çevrilə bilərmi? Bunu zaman göstərəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər