Tiktoker İlduzə Hacıyevanın (Arzum) yol qəzası ilə bağlı cinayət işi son aylarda sosial şəbəkələrin müzakirə mövzularından birinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə “TikTok”da statusundan asılı olmayaraq minlərlə istifadəçi hadisə ilə bağlı fərqli mövqelərdən çıxış edir.
Demək olar ki, hər məhkəmə iclasından sonra sosial şəbəkələrdə bir qrup istifadəçi qəza anını əks etdirən videonu əsas gətirərək Arzumun hadisədə təqsirli olmadığını iddia edir, digər qrup isə bir gənci həyatdan məhrum edilməsinə, digərinin ağır vəziyyətə düşməsinə görə qanun qarşısında layiqli cəzalandırılmalı olduğunu deyir.
Bəs Arzumu müttəhim kürsüsünə gətirib çıxaran bu hadisə əslində necə baş verib, məhkəmədə tərəflər hansı məsələlər ətrafında mübahisə aparırlar?
Hadisə ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verib. İstintaq materiallarına əsasən gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində vəfat edib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Yaxınları onun hələ də xəstəxanada müalicə aldığını deyir.
Fotoda: Amal Məlikov və Sənubər Muradova

Müstəntiq 15 dəqiqə sonra əraziyə çatsa da, Arzum hadisə yerində olmayıb. Onun hadisədən bir neçə saat sonra ölkədən çıxaraq Almaniyaya getdiyi məlum olub.
Qəzaya görə Arzum cinayət məsuliyyətinə cəlb edilib, ona 263.2 (yol hərəkəti qaydalarını pozma-ölümlə nəticələndikdə) və 264 (qəzadan sonra hadisə yerini tərk etmə) maddələri ilə ittiham verilib. Bu maddələrin birincisində 2 ildən 5 ilə kimi azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və ya ağırlaşdırıcı hallarda 2 ildən 5 ilə kimi həbs, ikincisində isə 2 ilədək azadlığın məhdudlaşdırılması və eyni müddətli həbs cəzası nəzərdə tutulur.
Arzum bir neçə ay sonra istintaqın çağırışı ilə ölkəyə qayıdıb. Təkrar yayınma ehtimalı real görünmədiyindən onun barəsində hökmə qədər həbs qərarı verilməyib. Əlavə tədbir kimi ölkədən çıxışına qadağa qoyulub.

Hazırda cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılır.
Arzum qəzaya görə özünü heç bir halda təqsirli bilmir, məhkəmədə iki vəkil- Hikmət Əliyev və Fərid Həsənov tərəfindən müdafiə olunur.
Müdafiə tərəfi Arzumun təqsirsizliyini aşağıdakı arqumentlərlə əsaslandırır:
1. İttihamda yazılıb ki, avtomobillər bir-birinə toqquşub. Amma toqquşma halı dəqiq müəyyən edilməyib.
2. Müstəntiq qəzadan təxminən 15 dəqiqə sonra hadisə yerinə gəlib və orada hadisəni görən 4 nəfər hal şahidi müəyyən edib. Lakin həmin şahidlərin heç biri dindirilməyib.
Vəkillər məhkəmədə ifadə verən müstəntiqdən bu məsələyə aydınlıq gətirməsini istəyib. Müstəntiq cavabında həmin şahidlərin sonradan yayındıqlarını, buna görə onları dindirmək mümkün olmadığını deyib. Sonradan vəkillər həmin şahidlərdən ikisini tapıb ifadə verməyə razı salsa da, məhkəmə buna ehtiyac görməyib.
3. Qəzada ölən şəxs sürət həddini çox aşıb. Amma avtomobilin dəqiq sürəti neçə olub, bu, göstərilmir. Məsələn, yazılıb ki, həmin “Mersedes” təqsirləndirilən şəxsin avtomobilinə qədər olan 29 metr yolu təxminən 1 saniyəyə keçib. Amma bu da dəqiq deyil. 1 saniyədən az da ola bilər. Həmin yolda sürət həddi 60 km-dir. Belə olan halda zərərçəkmiş şəxsin 150-160 sürətlə getdiyini demək olar.
4. Hadisə yerinə baxış protokolu düzgün tərtib edilməyib.
5. Ekspertin rəyinə görə, Arzumun idarə etdiyi “Changan”ın ön hissəsi “Mercedes”in üstünə dəyib. Lakin bu rəydə paradoks var. Bu da ondan ibarətdir ki, avtomobillərin hündürlüyü arasında təxminən 1 metrlik fərq mövcuddur. Vəkil bu detalı əyaniləşdirmək üçün başqa bir yerdə hərəkətsiz vəziyyətdə olan eyni markalı avtomobillər üzərində praktiki video da hazırlayıb.
Bununla belə, mütəxəssislər vəkilin bu eksperimentini məntiqli saymır. Əks arqument belədir ki, istənilən avtomobil yüksək sürətlə hərəkət edərkən bir qədər aşağı çökür. Bundan əlavə, eksperimentin aparıldığı yerin maililiyi qəzanın baş verdiyi ərazidən fərqlənə bilər.
Müdafiə tərəfi məhkəmə istintaqı müddətində bir neçə dəfə təkrar kompleks ekspertizanın keçirilməsini istəyib. Lakin bu vəsatət hər dəfə rədd edilib.

İndi isə bu hadisənin ən mühüm və ağırlaşdırıcı hissəsinə gələk. 264-cü maddə: yol-nəqliyyat hadisəsi baş verən yeri tərk etmə…
Məhkəmədə bu ittiham da tərəflər arasında ciddi mübahisə doğurub. Vəkillər bu məsələyə belə bəraət qazandırırlar ki, Arzum qəza baş verən vaxt özünü itirib və huşsuz vəziyyətə düşüb. Buna səbəb isə onun əvvəlcədən panik-atakdan əziyyət çəkməsi olub. Müdafiəçilərin sözlərinə görə, hadisə vaxtı təsadüfən ərazidə olan İlham adlı qəsəbə sakini onu ilkin tibbi yardım alması üçün xəstəxanaya aparıb. Arzum təxminən bir saat tibbi yardımdan sonra özünə gəlib, həmin günə iki ay əvvəl alınmış bileti olduğu üçün də planlaşdırılmış şəkildə Almaniyaya uçub.
Zərərçəkmiş tərəf isə bu deyilənlərlə razılaşmır. Mərhum Amalın və həyat yoldaşının yaxınları Arzumu iki gənci qan içində ölümə tərk etməkdə qınayırlar. Bu səbəbdən də indiyə kimi tərəflər arasında barışıq yoxdur.
Arzum hadisədən sonra nə etdi?
O, Almaniyaya getdikdən sonra heç nə olmamış kimi, sosial şəbəkələrdə aktivliyini yenidən davam etdirdi. “TikTok”da canlı yayımlar açdı, demək olar, hər gün “mırtlaşaq, mırtlaşaq” sözləri ilə müşayiət olunan mahnının sədaları altında rəqs edərək videolar paylaşdı. Bu da ətrafdakılarda sanki qadının baş verən faciədən heç təsirlənmədiyi görüntüsünü yaratdı. Halbuki həmin vaxt yas içində olan ailələrin yanında olub, barışıq əldə etməyə çalışsaydı, bu gün bəlkə də, ədalət tərəzisinin bir gözü onun xeyrinə daha ağır gələrdi.
Artıq ittiham tərəfi yekun mövqeyini açıqlayıb. Prokuror təqsirləndirilən şəxsin verilmiş ittihamlarla təqsirli bilinərək 5 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib. Tələbə əsasən, Arzum məhkəmə zalında həbs edilməli, islah olunması üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Yol-nəqliyyat hadisələri üzrə işlərdə ixtisaslaşmış, 20 ildən artıq vəkillik təcrübəsinə malik tanınmış hüquqşünas Əli Hüseynov hesab edir ki, baş vermiş qəzada Arzum birmənalı olaraq günahkardır. Bunun əksini sübut etmək mümkün deyil: “Biri deyir günahkardır, biri deyir heç bir günahı yoxdur. Bu işdən heç bir xəbəri olmayan adam da bəzən efirə çıxıb Arzumun təqsirsiz olduğunu bildirir. Mən işlə tanışam, qəza anının görüntülərini də izləmişəm. Həmin qəzada Arzumun təqsiri var. Niyə günahkardır? Ona görə ki, sürücü hərəkətə başlamazdan və ya manevr etməzdən əvvəl əmin olmalıdır ki, bu, digər hərəkət iştirakçısı üçün təhlükəsizdir. Videodan isə görünür ki, Arzum sürəti tam azaldır, sonra sola dönmə işığını yandırıb dönmək istəyir. Amma onun sola dönmə işığını yandırması arxadakı avtomobil üçün öhdəlik yaratmır ki, o, hökmən dayanmalıdır. Sola dönmə işığının yanması yalnız reaksiya vaxtına təsir edir. İstənilən halda arxadan gələn nəqliyyat vasitəsinin sürətini və aradakı məsafəni qiymətləndirmək vəzifəsini qanun sola manevr edən sürücünün üzərinə qoyur”.

Vəkil bu qəzada Arzumla birgə digər avtomobilin sürücüsünün də kifayət qədər təqsiri olduğunu düşünür. Ona görə ki, mərhum sürət həddini həddən artıq aşıb, həmin yolda o sürətlə avtomobil idarə etmək olmaz: “Arzumun avtomobili sola dönmək istəyərkən digərinin yoluna müdaxilə edib. Həmin an da avtomobilin hərəkət trayektoriyasın dəyişib. Qanunda buna avtomobili idarəolunmaz vəziyyətə salmaq deyili. Hə, sübut olarsa ki, avtomobillər arasında heç bir toxunma, kontakt olmayıb, onda Arzumun təqsirli olmasından söhbət belə gedə bilməz. Lakin istintaq materiallarında əksi yazılır. Bu baxımdan nə qədər don geyindirilsə də, faydası yoxdur. Bu hadisəyə rəy verən ekspert tam haqlıdır”.
Hüquqşünas Arzumun təqsirli olduğunu düşünsə də, prokurorun onun həbsini tələb etməsini ədalətli saymır. Əli Hüseynovun fikrincə, məhkəmə yekunda təqsirləndirilən şəxsin dörd uşaq anası olmasını, ilk dəfə cinayət törətməsini, eləcə də mərhumun hadisənin baş verməsində daha çox təqsirli olduğunu nəzərə almalıdır. Bu vəziyyətdə xanıma veriləcək cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi daha məqsədəuyğun olar.
(Red: Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum demək ki, azadlıqda qalır, lakin müəyyən məhdudiyyətlərə əməl etmək və ölkəni tərk etməmək öhdəliyi daşıyır. Məsələn, dostunun ölümü ilə nəticələnən yol qəzasına görə məhkum edilən “Nikosayağı” ləqəbli tiktoker də cəzasını məhz bu tip müəssisədə çəkmişdi)
Bu günlərdə isə Arzum videomüraciət yayaraq dörd uşaq anası olduğunu, övladlarından birinin autizm xəstəliyindən əziyyət çəkdiyini bildirib. Tiktoker məhkəmə prosesinin ali səviyyədə nəzarətə götürülməsini, iş üzrə ədalətli hökm çıxarılmasını xahiş edib.
Son məhkəmə isə sabahdır. Həlledici prosesdə vəkillər müdafiə nitqi ilə çıxış edəcək, Arzum isə son sözünü deyəcək. Ardınca hakim hökmü oxuyacaq.

Şərhlər