Rusiya ordusu Ukraynada tamamilə bataqlıqda ilişib və Vladimir Putin Aleksandr Lukaşenkodan münaqişəni qızışdırmaqda ona kömək etməsini tələb etməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” keçmiş və hazırkı Rusiya və Avropa rəsmilərinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Moskva bu ilin əvvəlindən Ukraynaya qarşı hərbi kampaniyasını genişləndirmək və ya NATO ölkələrinə qarşı əməliyyatlar aparmaq üçün Belarusdan yenidən istifadə etməkdən ötrü Lukaşenkoya təzyiqi artırıb. Bu, Avropada və Kiyevdə yüksək dairələrə məlum olub. Buna görə də Emmanuel Makron və Volodimir Zelenski Lukaşenkoya xəbərdarlıq ediblər. Buna baxmayaraq, “The Wall Street Journal” mənbələrinə görə, Moskvanın Minskə təzyiqi daha da artıb.
Məlumatda deyilir ki, bu yaxınlarda Moskva, digər məsələlərlə yanaşı, Ukraynaya qarşı dron hücumları üçün Belarus ərazisindən istifadə etmək və qərb bölgələrinə daha yaxın yeni bir cəbhə açmaq imkanının yaradılmasını Minskdən tələb edib. Bu, Ukrayna Silahlı Qüvvələrini şərq ərazilərini müdafiə etməkdən yayındırmaq üçündür. Bundan əlavə, Belarus qonşu NATO üzvü ölkələrinə qarşı əməliyyatlarda iştirak edə bilər. Bu, mütləq açıq döyüşləri nəzərdə tutmaya, alyansın müdafiə qabiliyyətini sınamaq və ya Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan hücumlar ola bilər. Məsələn, keçən il Belarus ərazisindən Polşaya təxminən 20 dron buraxılması kimi.
Moskva ilə Minsk arasındakı danışıqlardan xəbərdar olan keçmiş Rusiya kəşfiyyat zabiti "Wall Street Journal"-a bildirib ki, Kreml Belarusu maliyyə dəstəyini kəsməklə hədələyir. Minsk Moskvadan maliyyə asılılığını böyük ölçüdə saxlamaqdadır. Mənbənin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar əsasən Lukaşenko ilə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov arasında aparılır.
Yazıda deyilir ki, Fransa Prezidenti Emmanuel Makron may ayında Lukaşenkoya zəng edib və onunla təxminən bir saat yarım danışıb. Makron bildirib ki, Parisdə Belarusun müharibədə iştirakını artırmaq niyyətində olduğu barədə məlumat var və Lukaşenkoya bu barədə xəbərdarlıq edib. Makronun köməkçisi "Wall Street Journal" qəzetinə məlumatı təsdiqləyərək qeyd edib ki, Fransa Prezidenti bununla bağlı "Belarusun üzləşəcəyi riskləri vurğulayıb".
Zelenski isə may ayında Kiyevin Rusiya və Belarus rəsmiləri arasında bu məsələ ilə bağlı danışıqları barədə ətraflı məlumat aldığını bildirib. O qeyd edib ki, bu məlumat Moskvanın Ukrayna və ya Baltikyanı ölkələrə qarşı potensial hərbi əməliyyatlar üçün Belarusdan istifadə etməyi düşündüyünü göstərir.
Ötən həftə Zelenski daha da irəli gedərək, Lukaşenkoya Ukrayna şəhərlərinə dron hücumlarını yönləndirən Belarusdakı Rusiya retranslyatorlarını sökmək üçün bir həftə vaxt verdiyini açıqlayıb. Əks halda, Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev özü onları sökəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Lukaşenko Zelenskidən üzr istəmiş və Belarusun müharibəyə girmək niyyətində olmadığını demişdi. Həmçinin, əlavə etmişdi ki, Belarus "hərbi cəhətdən çox həssasdır" və onun döyüşmək istəyi yoxdur.
2022-ci ilin fevral ayında Lukaşenko artıq Putinə Ukraynaya hücum üçün şərait yaratmışdı. Daha sonra o, münaqişədən kənarda qalmağa və yeni Amerika administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışdı. Bundan sonra Donald Trampın nümayəndəsi Con Koul Minskdə tez-tez qonaq oldu. Sanksiyaların aradan qaldırılması müqabilində Lukaşenko bir neçə mərhələdə təxminən 500 siyasi məhbusu azad etdi. Lakin göründüyü kimi, bütün bunlar Moskvanın planları ilə üst-üstə düşmür.
Şərqi Avropa Strateji Forumunun təsisçisi Aleksandr Pirojnikov "Wall Street Journal"-a açıqlamasında deyib ki, "müharibəyə girmək Lukaşenkonun Qərblə münasibətlərin yaxşılaşdırılması ilə əlaqəli strateji məqsədlərinə zidd olardı".
Bütün bunlarla yanaşı, vəziyyətlə tanış olan mənbələr “Wall Street Journal”-a bildiriblər ki, Rusiyanın yaxın gələcəkdə Belarusdan birbaşa hərbi əməliyyatlar üçün istifadə edəcəyinə dair hələlik əlamət olmasa da, bu ehtimal nəzərdən keçirilir.
“AzPolitika.info”

Şərhlər