Amerikalı respublikaçı senator Lindsi Qremin ölümü və Kentukki ştatından olan respublikaçı senator Mitç Makkonnelin xəstəxanaya yerləşdirilməsi Respublikaçılar Partiyasının ABŞ Konqresinin Senatındakı nəzarətini zəiflədib.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazır.
Nəşr qeyd edir ki, Qremin ölümü müvəqqəti olaraq Respublikaçılar Partiyasının Senatdakı çoxluğunu 47-yə qarşı 52 nəfərə çatdırıb. Eyni zamanda respublikaçılar səhhətinə görə öz vəzifələrini icra edə bilməyən Makkonnelin də dəstəyindən məhrum olublar.
Makkonnel xəstəxanaya yerləşdirildikdən sonra verdiyi bəyanatda səsvermə üçün "Senatın iclas zalına qayıda bilməyəcəyini" yazıb. Bununla belə, o, cari məsələlərlə bağlı həmkarları ilə sıx əməkdaşlıq edir.
"Mənim hələ də sizin adınızdan tamamlamalı olduğum yarımçıq işlərim var və məni seçdiyiniz bu işi başa çatdırmaqda qətiyyətliyəm", — deyə Makkonnel bildirib.
"New York Post" (NYP) qəzetinin yazdığına görə, Qremin qəfil vəfatı onun yerini tutmaq üçün "qızğın mübarizəyə" səbəb olub. Cənubi Karolina qubernatoru Henri Makmaster Qremin səlahiyyət müddətinin qalan hissəsi üçün müvəqqəti xələf təyin etməli, daha sonra isə yeni namizədin seçilməsi üçün praymeriz (ilkin seçkilər) keçirilməlidir.
Qeyd edək ki, Qrem iyulun 11-də 71 yaşında vəfat edib.
"AzPolitika.info"

Şərhlər