İki nəfəri Dövlət Gömrük Komitəsində (DGK) işə düzəltmək vədi ilə aldadaraq onlardan ümumilikdə 29 min manata yaxın pul alan şəxsə hökm oxunub.
"AzPolitika" "Qaynarinfo"ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs zərərçəkmişlərin birindən 17 min manat, digərindən isə 12 175 manat alıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, bir müddət Bakıda tanınmış iş adamının bağ evində mühafizəçi işləyib və qohumlarına həmin sahibkarın yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək özünü onun "sağ əli" kimi təqdim edib.
Müttəhimin sözlərinə görə, 2025-ci ilin əvvəllərində onlayn qumar oynamağa başlayıb və böyük məbləğdə borca düşüb. Borclarını ödəmək məqsədilə müxtəlif şəxslərə onları dövlət qurumlarında işə düzəldə biləcəyini vəd edib. Bu məqsədlə zərərçəkmişlərdən sənədlərini alaraq onları Dövlət Gömrük Komitəsində işə qəbul etdirəcəyini bildirib və hissə-hissə pul vəsaiti əldə edib. Sonradan isə verdiyi vədlərin tamamilə yalan olduğunu boynuna alıb.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə tövsif edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər