Menu

"Zahid Qaralov Ziyad Səmədzadə barədə olanları deyir, yalan danışmır" - Əli Ömərov

26.11.2013, 15:18
"Zahid Qaralov Ziyad Səmədzadə barədə olanları deyir, yalan danışmır" - Əli Ömərov

"Eldar Həsənov mənim kabinetimə icazəsiz girə bilməzdi. O, kabinetimə girəndə məndən icazə alırdı”

Azərbaycanın sabiq baş prokuroru, məşhur 91-lərdən biri Əli Ömərov “91-lər”ə imza atmış Zahid Qaralovun Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə haqqında söylədikləri fikirləri dəsdəklədiyini bəyan edib.

Sabiq baş prokuror Ə.Ömərov Publika.Az-a açıqlamasında bildirib ki, Zahid Qaralovun Ziyad Səmədzadə haqqında söylədikləri doğrudur. Onun sözlərinə görə, Ziyad Səmədzadənin necə adam olduğunu bütün Azərbaycan xalqı bilir.

Ə.Ömərov deyib: “O vaxtı televiziya ilə də canlı gedirdi. Heydər Əliyev zəng edirdi, Ziyad Səmədzadə isə cavab vermirdi. Mən də o vaxtı deputat idim, bu proseslərdə iştirak etmişəm. Zahid Qaralov Ziyad Səmədzadə barədə olanları deyir, yalan danışmır. Bütün bu cür cəsarətli çıxışlarına görə Zahid Qaralova mən çox minnətdaram.

Mən Zahid Qaralovun mənim haqqında söylədiyi bir çıxışından incimişəm. Çünki o məni yaxşı tanıdığı üçün deməli idi ki, Əli Ömərov necə işləyib. Mənim necə ədalətli insan olduğumu kimsə tanımasa belə, ancaq Zahid Qaralov mənim necə ədalətlə fəaliyyət göstərdiyimi hamıdan yaxşı bilir.

Çünki onun qardaşı oğlu olan indiki baş prokuror Zakir Qaralovu mən vəzifəyə bərpa etmişəm. O vaxtı Zakir Qaralovun hüquqlarını pozmuşdular və qanunsuz vəzifəsindən çıxarmışdılar. Bildiyimə görə, Zakir Qaralovu Murad Babayev vəzifədən çıxartmışdı.

Mən isə bunu bilən kimi 1994-cü ildə xahişsiz-minnətsiz Zakir Qaralovu əvvəlki vəzifəsinə, yəni ümumi nəzarət şöbəsinə bərpa etdim. Hətta, buna görə o dövrdə bir sıra qəzetlərdən də mənə qarşı hücumlar oldu. Yəni, mən baş prokuror olan vaxtı hamıya, o cümlədən Zahid Qaralovun qardaşı oğlu Zakir Qaralova yaxşılıq etmişəm”.

Ə.Ömərov həmçinin qeyd edib ki, o dövrdə Eldar Həsənovu baş prokurorun müavini vəzifəsinə prezident təyin etmişdi: “Ancaq Eldar Həsənov mənim səlahiyyətərimi icra etməyib. O kim idi ki, mənim səlahiyyətlərimi icra edəydi? Eldar Həsənov mənim kabinetimə icazəsiz girə bilməzdi. O, kabinetimə girəndə məndən icazə alırdı”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri Zahid Qaralov Publika.Az-a müsahibəsi zamanı Əli Ömərov haqqında aşağıdakıları deyib: “O dövrdə Əli Ömərov Gəncədə dəmiryolu prokuroru idi. O da 91-lərə imza atıb.

Heydər Əliyev də hakimiyyətə gələn zaman bu adamı baş prokuror təyin etdi. Ancaq sonralar Əli Ömərov baş prokuror kimi necə işlədi, nə baç verdi, bu məsələyə toxunmaq istəmirəm. Ancaq fakt o idi ki, Əli Ömərov Heydər Əliyevi müdafiə etməyi bacarmadı. Çünki xuliqanlar gəlib prokurorluğa doldular.

Çox təəssüf ki, indi o adamlardan deputat olanı da var. Hətta həmin adamlar o dövrdə Əli Ömərovun özünü də az qala öldürürdülər. İndi deyə bimərəm ki, indi Əli Ömərovu incik salan nə olub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol