Ukraynanın Odessa şəhərində döyülən azərbaycanlı iş adamları ilə bağlı yaranan gərginlik böyüyür.
Axar.az-ın məlumatına görə, analoji hadisələrin bir neçə dəfə təkrarlanması rəsmi Bakını hərəkətə gətirib.
Belə ki, öncə Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukraynanın Baş prokuroru Vitali Yaremaya son bir həftədə Odessa vilayətində iki azərbaycanlı iş adamının hücuma məruz qalaraq döyülməsi ilə bağlı müraciət edib. Müraciətdə baş vermiş hadisənin ətraflı araşırılması tələb olunur.
E.Məmmədovun “Trend”ə daxil olan müraciətində deyilir ki, 2015-ci il yanvarın 1 və 2-də Ukraynanın Odessa şəhərində Azərbaycan vətəndaşları Şaiq Həsənov və Ram Atakişiyev hücuma məruz qalaraq amansızcasına döyülüblər:
“Azərbaycan ictimaiyyəti baş vermiş hadisəyə görə narahatdır. Vətəndaşlarımızın həyat və sağlamlıqlarına səbəbsiz yerə qəsdlə bağlı hadisələr qeyri-təsadüfi hal almağa başlayıb. Hər iki iş adamı vətəndaşımız həyat yoldaşları və uşaqlarının gözü qarşısında döyülüblər".
Qeyd olunur ki, Odessa Daxili İşlər Nazirliyinin şöbələrinə edilən müraciətlər cavabsız qalıb və heç bir reaksiya verilməyib:
“Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, xalqlarımızın dostluğunun çoxəsrlik tarixi var və heç bir qüvvə buna mane ola bilməz. Əminik ki, hakimiyyət qarışıqlığa, Ukrayna və dost Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına yol verməyəcək”.
Hadisənin Ukraynanın Baş Prokuroruluğunda düzgün araşdırılmayacağı təqdirdə Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildiriləcək.
Xatırladaq ki, yanvarın 2-də axşam saatlarında Ukrayna Ədliyyə Nazirliyinin Odessa üzrə ərazi idarəsinin baş icraçısı Aydın Əliyevin yaxın qohumu, iş adamı, Azərbaycan vətəndaşı Həsənov Şaiq Zakir oğlu həyat yoldaşı və övladı ilə yaşadığı Kiyevski rayonu ərazisində gəzintiyə çıxarkən hücuma məruz qalıb. Gəzinti zamanı yaxınlıqda olan bir qrup gənc onların ayağının altına partlayıcı paket atıb və təhqiramiz ifadələr işlədiblər, Şaiq Həsənov onlara etirazını bildirəndə isə mübahisə yaranıb. Bu zaman yaxınlıqda olan milis post-patrul xidmətinin əməkdaşları onlara yaxınlaşaraq Şaiq Həsənovu saxlayıblar və onu ailəsi ilə birlikdə şöbəyə aparıblar. Şöbədə “niyə bizi təhqir edən gəncləri yox, məni ailəmlə birlikdə bura gətirmisiniz” deyə etiraz edən Şaiq Həsənov milis işçisi tərəfindən avtomatın qundağı ilə döyülüb və huşunu itirib. Onu dərhal xəstəxanaya yerləşdiriblər.
5 gün əvvəl Odessada başqa bir Azərbaycan vətəndaşı, iş adamı Ram Atakişiyev də zorakılığa məruz qalıb. Aydın Əliyevin sözlərinə görə, şəhər kənarında R.Atakişiyevin avtomobilinin qarşısı kəsilib, maskalı və silahlı şəxslər onu maşından düşürərək onu huşunu itirənə qədər döyüblər və öldüyünü düşünüb, hadisə yerindən qaçıblar. Hər iki hadisə ilə əlaqədar Odessa Vilayət Prokurorluğuna ərizə ilə müraciət olunub.


Şərhlər