ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək.

"AzPolitika" CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.Məlumata görə, danışıqlar müvafiq olaraq Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki mövcud gərginlik mövzularına həsr olunacaq.

Ağ Ev rəsmisi bildirib ki, Tramp Netanyahu ilə görüşdə İranla qarşıdurmanın fəsadlarını, Livanla aparılan danışıqların gedişatını və "İbrahim sazişləri"nin genişləndirilməsi imkanlarını müzakirə etməyi planlaşdırır. Tramp jurnalistlərə açıqlamasında İsrail Baş naziri ilə İran məsələsində bəzi fikir ayrılıqlarının qaldığını, lakin mövqelərinin "kifayət qədər yaxın" olduğunu etiraf edib.

Volodimir Zelenski ilə görüşdə isə əsas diqqət Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üzrə danışıqlara yönələcək. Ağ Ev nümayəndəsi mövzu ilə bağlı "Artıq müharibəni bitirmək vaxtıdır" ifadəsini işlədib.

Bununla yanaşı, Tramp Zelenskinin "Rusiya İrana ABŞ hərbi bazaları barədə kəşfiyyat məlumatları ötürür" iddiasına da münasibət bildirib: "Düşünmürəm ki, onlar bunu edirlər, hər halda yüksək səviyyədə belə bir şey yoxdur".

Qeyd olunur ki, Vaşinqtona səfər edən Netanyahu və Zelenski, həmçinin vəfat etmiş respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcəklər.

Rasim

"AzPolitika.info"