Keçən gecə Ukraynanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrinə təşkil edilən Rusiya hücumlarında 10 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. Eyni gecə Rusiyanın Belqorod vilayətinə endirilən Ukrayna zərbələri nəticəsində isə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"AzPolitika" "Reuters" agentliyinə istinadla xəbər verir ki, mülki infrastrukturu və yaşayış məntəqələrini hədəf alan hücumlar cəbhənin bir neçə istiqamətində intensivləşib.

Donetsk Vilayət Prokurorluğunun yaydığı məlumata görə, şiddətli döyüşlərin getdiyi Konstantinovka şəhərində iki ayrı insident nəticəsində 3 nəfər həlak olub. Qeyd edək ki, Moskva bu ay Konstantinovkanın tam nəzarətə götürüldüyünü elan etsə də, Kiyev şəhərin işğal olunduğunu təkzib edir. Ukrayna müdafiəsi üçün strateji və yüksək təhlükəsizlikli "qala şəhər" hesab edilən Kramatorsk yaxınlığında isə daha bir mülki şəxs həyatını itirib. Ümumilikdə Donetsk vilayətindəki hücumlar zamanı 18 nəfər yaralanıb.

Qonşu Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandr Qanja bildirib ki, regionun 5 zonasında 50-dən çox artilleriya və PUA zərbəsi qeydə alınıb. Hücumlar nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Tələfatların iki nəfəri Nikopol, bir nəfəri isə Sinelnikovo rayonunda qeydə alınıb.

Sərhədin digər tərəfində - Rusiyanın Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) ticarət binasına çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Çexov şəhərində bir yaşayış binasının PUA zərbəsindən zərər gördüyünü bildirib. O, həmçinin Podolsk, Domodedovo və Kolomna istiqamətlərində hava hücumundan müdafiə qüvvələri tərəfindən onlarca dronun vurulduğunu qeyd edib.

Moskva Meriyası Sergey Sobyanin isə ötən günün axşam saatlarından bu səhərə qədər paytaxt istiqamətində 390 PUA-nın hərəkət etdiyini, bunlardan 81-nin Moskva yaxınlığında zərərsizləşdirildiyini bəyan edib.

Rasim

"AzPolitika.info"