Polşa Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın gələcəkdə ərazi itkiləri ilə üzləşə biləcəyi barədə açıqlamasına münasibət bildirib.
"AzPolitika" bildirir ki, Polşa XİN-in mətbuat katibi Mateuş Vevyur "X" platformasında yayımladığı açıqlamada bildirib ki, ölkəsinin Ukraynaya qarşı heç vaxt ərazi iddiası olmayıb və olmayacaq.
“Polşanın Ukraynaya qarşı ərazi iddiaları olmayıb, yoxdur və gələcəkdə də olmayacaq”, – deyə Vevyur qeyd edib.
Onun sözlərinə görə, Varşavanın mövqeyi dəyişməz olaraq qalır. Polşa hökuməti Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam şəkildə tanıyır, hörmət edir və dəstəkləyir.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gec-tez qərb ərazilərini itirəcəyini iddia edib. O bildirib ki, Rusiya vaxtilə Ukraynanın ərazi bütövlüyünün əsas təminatçısı olub, lakin Kiyev Moskvanı düşmən elan edib.
Putinin bu açıqlaması fonunda Polşanın verdiyi cavab Varşavanın Ukraynanın ərazi bütövlüyünə dair mövqeyini yenidən təsdiqləməsi kimi qiymətləndirilir.

Şərhlər