Azərbaycanda işsiz qalma riskinə qarşı kreditlərin sığortalanması ilə bağlı yeni qaydaların hazırlanması bank sektorunda mühüm yeniliklərdən biri hesab oluna bilər. Bu mexanizmin əsas məqsədi vətəndaşın özündən asılı olmayan səbəbdən gəlirini itirdiyi hallarda kredit öhdəliklərinin problemə çevrilməsinin qarşısını almaqdır.

Mövzu ilə bağlı ekspert Çinarə Ağayeva bildirib ki, hazırda kreditlərin qaytarılmamasının əsas səbəblərindən biri məhz borcalanın işsiz qalması və gəlirlərinin azalmasıdır: 

"Bu gün tətbiq olunan kredit sığortası əsasən ölüm və ya əmək qabiliyyətinin itirilməsi kimi halları əhatə edir. Halbuki praktikada insanlar daha çox iş yerlərini itirdikləri üçün kreditlərini vaxtında ödəyə bilmirlər. Yeni sığorta mexanizmi məhz bu riski azaltmağa xidmət edəcək”.

Ekspertin sözlərinə görə, sığorta hadisəsi baş verdikdə kredit ödənişlərinin müəyyən müddət ərzində sığorta şirkəti tərəfindən qarşılanması həm vətəndaşın maliyyə yükünü azaldacaq, həm də banklarda problemli kreditlərin artmasının qarşısını alacaq: “Bu mexanizm borcalana yeni iş tapmaq üçün vaxt qazandıracaq. Digər tərəfdən, banklar da daha az risklə üzləşəcəklər. Nəticədə maliyyə sektorunda sabitlik güclənəcək və kredit bazarına inam artacaq”.

Çinarə Ağayeva qeyd edib ki, işsizlik riskinə qarşı kredit sığortası dünyanın bir çox ölkəsində artıq uğurla tətbiq edilir: 

"ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrdə kredit sığortası uzun illərdir istifadə olunur. Xüsusilə ipoteka və istehlak kreditləri üzrə işsiz qalma və gəlir itkisi hallarında sığorta ödənişləri borcalanların kredit tarixçəsinin qorunmasına kömək edir. COVID-19 pandemiyası dövründə bu mexanizmlər minlərlə ailənin maliyyə çətinliklərini azaltmağa imkan verdi”. 

Bununla yanaşı, ekspert hesab edir ki, yeni sistem hazırlanarkən vətəndaşın əlavə maliyyə yükü ilə üzləşməməsi əsas şərtlərdən biri olmalıdır. Çinarə Ağayevanın sözlərinə görə, əgər sığorta haqqı yüksək olarsa, kreditlərin ümumi dəyəri də artacaq. Ona görə optimal model seçilməlidir. Bankların riskləri azalacağı üçün onların kredit faizlərini müəyyən qədər aşağı salması da mümkün variantlardan biridir. Bu, əlavə sığorta xərcini qismən kompensasiya edə bilər. Ekspertin fikrincə, yeni qaydalar şəffaf hazırlanarsa və sığorta ödənişlərinin hansı hallarda tətbiq ediləcəyi dəqiq müəyyənləşdirilərsə, bu mexanizm həm vətəndaşların sosial müdafiəsini gücləndirəcək, həm də Azərbaycan bank sektorunun daha dayanıqlı inkişafına töhfə verəcək.

Çinarə Ağayeva onu da əlavə edib ki, bu mexanizmin tətbiqi ölkədə maliyyə inklüzivliyinin artırılması baxımından da əhəmiyyətlidir. Risklərin daha səmərəli idarə olunması bankların kredit portfelini genişləndirməsinə, problemli kreditlərin azalmasına və maliyyə sisteminin dayanıqlığının güclənməsinə töhfə verə bilər.

Eyni zamanda, rəqəmsal sığorta platformalarının yaradılması, məşğulluq məlumat bazalarının inteqrasiyası və süni intellekt əsaslı risk qiymətləndirmə sistemlərinin tətbiqi gələcəkdə bu məhsulun daha çevik və effektiv işləməsinə imkan yarada bilər.

"AzPolitika.info"