Azərbaycan kinosunda son illər gənc rejissor və aktyorların sayı artsa da, onların peşəkar inkişafı və beynəlxalq arenada tanınması hələ də aktual məsələlərdən biridir. Kino təhsili, maliyyələşmə imkanları, müasir texnologiyalara çıxış və beynəlxalq əməkdaşlıqlar bu sahənin inkişafında mühüm rol oynayır.
Azərbaycanda yeni nəsil rejissor və aktyorların yetişməsi üçün mövcud sistem nə dərəcədə kifayətdir? Gənc kino yaradıcılarının beynəlxalq səviyyədə uğur qazanması üçün hansı dəstək mexanizmlərinə ehtiyac var?
Mövzu ilə bağlı “AzPolitika”ya kino və teatr prodüseri, rejissor İntiqam Hacılı deyib ki, yeni nəsil rejissor və aktyorların sayının artması yaxşı haldır. Amma bu kəmiyyətin keyfiyyətə çevrilməsi işlək və nəticə yaradan mexanizmlərin tətbiqindən keçir: “Əvvələ qayıtsaq, bu mexanizmləri tətbiq etmək üçün 2008-ci ildə kino sahəsinin inkişafı ilə bağlı Prezidentin sərəncamı ilə 2008-2018-ci illər üçün Dövlət proqramı olub. Həmin proqram sovet rejimindən çıxmış Azərbaycan kinosu üçün ilkin peşəkar baza idi. Kino sahəsini araşdıran hər bir kəs ilkin olaraq həmin proqramı oxuyub araşdırmalıdır. Dövlət proqramında göstərilən və əsasən də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təmiri, sexlərinin yenilənməsi, tərkibində Film Mərkəzinin yaradılması, onun müasir bir mexanizmə çevirilməsi, Azərbaycanın Avropa Birliyinin kino fondu olan “Eurimage” Fonduna üzv olması, Azərbaycanda kinoteatr sisteminin formalaşması barəsində göstərilən maddələr tətbiq edilmədi. Bu absurddur, elə deyilmi? Prezidentin sərəncamı əsasında onillik Dövlət proqramında göstərilən və kinonun inkişafında əsas olan vacib məqamlar yerinə yetirilmədi. 10 ildən çox kino sahəsində cavabdeh məmurlar manipulyasiya ilə məşğul oldular, özü də Dövlət proqramı ilə. Bu səbəbdən istənilən kəmiyyət yüksək keyfiyyətə çevrilmədi. Müharibədən sonra isə Azərbaycan Respublikası Kino Agentliyi yaradıldı, o da özünün formalaşması dövrünü keçirir. Hazırda onların da əsas istehsalı tarixi şəxsiyyətlər haqqında bədii-sənədli filmlərdir, hansı ki bu istehsalla TV-lər məşğul olmalıdır. Necə ki, AZTV bu günlərdə Uzun Həsən barəsində bunu etdi”.
İntiqam Hacılı əlavə edib ki, doğru mexanizmlər tətbiq edilməli, doğru kadrlardan istifadə edilməlidir. Beynəlxalq səviyyədə uğur qazanmaq üçün beynəlxalq kino təşkilatları ilə, beynəlxalq festivallarla düzgün münasibət qurulmalıdır, ən əsas da sırf kino işi ilə məşğul olmaq lazımdır: “Hər çəkilən video məhsulun adı KİNO ola bilməz. Nə qədər ki, ölkəmizdə “Azərbaycanfilm” kinostudiyası düzgün formalaşmayıb, eləcə də müstəqil prodakşnlar üçün asan istehsal mühiti yaradılmayıb, Azərbaycan Avropa ölkələri ilə müştərək iş görməsi üçün Avropa Birliyinin kino fondu olan “Eurimage” Fonduna üzv olunmayıb və ən əsası, ölkədə kinoteatr şəbəkəsi qurulmayıb, onda kompleks şəkildə hər hansı bir inkişafı gözləmək ağılsızlıqdır. Ümumiyyətlə, bu barədə danışmaq belə gülüncdür. Kinomuzda bəzi filmlər, bəzi prodüserlər, bəzi rejissorlar və bəzi filmlərin beynəlxalq festivallarda iştirakı, tanınmasını, eləcə də sayca az olan uğurlu işləri ölkənin kino sənayesinə bağlamaq olmaz. Çünki kinoteatr şəbəkəsi olmayan yerdə kino sənayesindən danışmaq özünün qeyri-peşəkarlığını ortaya qoymaqdır. Həmin uğurlar fərdi kinematoqrafçıların uğurudur.
Bütün hallarda inkişaf və formalaşmaq manipulyasiyalarını kənara qoyub doğru mexanizmləri tətbiq etmək lazımdır, özü də bunu kinonu bilən kadrlarla etmək lazımdır”.
Oğuz Ayvaz

Şərhlər